Xəzər Xəbər

Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Moskvada görüşüblər FOTO

Gündəm | 14:00 • 8 Dekabr 2022
Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorları Moskvada görüşüblər

Baş prokuror Kamran Əliyevin Moskvaya işgüzar səfəri çərçivəsində Rusiya tərəfinin təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorlarının üçtərəfli görüşü keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Kamran Əliyev mina xəritələrinin verilməsinin insanların həyat və sağlamlığının qorunmasında əhəmiyyətini, həmçinin Ermənistan tərəfindən ərazilərimizin minalanma prosesinin davam etdirilməsinin yolverilməzliyini qeyd edib.

Baş prokuror Qarabağa qanunsuz səfərlərin təşkilini və ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının yolverilməzliyini diqqətə çatdırıb.

1-ci və 2-ci Qarabağ müharibələrindən sonra itkin düşmüş şəxslərin tapılması istiqamətində birgə fəaliyyətin vacibliyinə toxunaraq, bu prosesin davam etdirilməsinin önəmini vurğulayıb.

Eyni zamanda, Azərbaycan tərəfindən 2020-ci il 10 noyabr tarixli və 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatlara tam şəkildə riayət olunduğu bildirib.

Görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları tərəfindən imzalanmış bəyanatların icrası və hüquqi sahədə gələcək əməkdaşlıq mexanizmləri müzakirə edilib.

Xəbər lenti