Xəzər Xəbər

Rusiya Azərbaycana qarşı təxribatından əl çəkmir

Gündəm | 23:35 • 2 Dekabr 2022
Rusiya Azərbaycana qarşı təxribatından əl çəkmir

Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.
Xezerxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuata açıqlamasında qeyd edilib.
“Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 2022-ci il 2 dekabr tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və “Martuni” kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.
Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq”, - məlumatda vurğulanıb.

Xəbər lenti