Xəzər Xəbər

Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Gündəm | 21:48 • 5 Sentyabr 2022
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə danışıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, telefon danışığı zamanı tərəflər regional vəziyyət, o cümlədən münasibətlərin normallaşması səyləri, ikitərəfli gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilən görüşə istinad edib və görüş nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün verilən tapşırıqdan irəli gələrək Azərbaycanın buna hazır olduğunu bildirib.

Nazir, həmçinin Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar atdığını qarşı tərəfin diqqətinə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlıq, gündəliyinə daxil olan məsələlər, eyni zamanda qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli təmasların bundan sonra da davam etdirilməsinə dair razılıq ifadə edilib.

Xəbər lenti