Xəzər Xəbər

Koronavirus kabusu geri qayıdır? - Yenidən sərtləşdirmə olacaq? AÇIQLAMA

Gündəm | 11:13 • 30 İyun 2022
Koronavirus kabusu geri qayıdır? - Yenidən sərtləşdirmə olacaq?

Azərbaycanda son günlər koronavirusa yoluxanların sayında artım qeydə alınıb. Belə ki, dünənki statistika göstərdi ki, ölkədə sutka ərzində 36 yeni yoluxma qeydə alınıb. Hazırda aktiv xəstə sayı isə 164 nəfərdir.

XəzərXəbər xəbər verir ki, Azərbaycanla qonşu ölkələrdə də koronavirusa yoluxma ilə bağlı artımlar müşahidə edilir. Belə ki, Türkiyə və Gürcüstan mətbuatında "Kabus geri qayıdır?" başlıqlı xəbərlər dərc edilməyə başlayıb.

Mövcud durumda ölkədə koronavirusa yoluxanların sayında artımın səbəbi nədir? Azərbaycanda koronavirusa yoluxanların sayı arta bilərmi? Yoluxma artacağı təqdirdə yenidən karantin sərtləşdirilə bilərmi?

Bu suallara cavab tapmaq üçün tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. Professor açıqlamasında yaxn gələcəkdə karantinin sərtləşdirilmə ehtimalını istisna etmədi:

"Koronavirus hələlik davam edən pandemiyadır. Sosial şəbəkədəki bəzi şəxslərin fikirlərini kənara qoysaq COVID-19 ciddi pandemiyadır. Omikron koronavirusun mutasiya edən sonuncu ştamı deyil. Mutasiyalar davam etdiyi üçün pandemiya bitməyib. ÜST də bununla bağlı heç bir raport verməyib.

Nəzərə almaq lazımdır ki, koronavirusla bağlı yumşaldılmaların olması pandemiyanın sona çatması mənasını vermir. Epidemiloji vəziyyətə uyğun olaraq karantin yenidən sərtləşdirilə bilər. Yoluxma təkcə qonşu ölkələrdə deyil, Almaniya və digər Avropa ölkələrində də artır. Yoluxanların arasında iki doza vaksin olunanlar da var. COVID-19 sürətlə mutasiyaya uğrayan virusdur. Virus əslində yoxa çıxmalı və ya orqanizmdə sitomeqalovirus kimi lövbər salıb qalmalıdır. Bu proses baş vermədiyi üçün reallıqla barışmalıyıq. Epidemioloji vəziyyət ciddiləşərsə, buna uyğun karantinin sərtləşdirilməsi tədbirləri görülə bilər".

Tibb elmləri doktoru hesab edir ki, yoluxmaların yenidən artması bəzi ölkələrdə vaksinasiyanın aparmaması ilə əlaqədardır: "Bəzi ölkələrdə isə vaksinasiya çox zəif aparılıb. Çünki onların səhiyyə sistemi çox aşağıdır. Nəticədə kollektiv immunitet formalaşmayıb. Virus da imkan tapır ki, yeni mutasiyalar əmələ gəlsin. Bu gün qloballaşan dünyada yaşayırıq və hər hansı yerdən yeni mutasiya ştamı çıxır və sürətlə yayılır"./baku.ws

Xəbər lenti