Xəzər Xəbər

İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: Bizim də bir çox tələblərimiz ola bilər

Gündəm | 17:02 • 27 May 2022
İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: Bizim də bir çox tələblərimiz ola bilər

“Bu gün postmünaqişə gündəliyinin formalaşmasında Azərbaycan öz sözünü deyir və bu söz həlledicidir. Amma bununla bərabər, biz heç bir qeyri-real tələb də irəli sürmürük”. 

Bu barədə Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib.

“Biz deyirik ki, ərazi bütövlüyümüzü tanıyın, gəlin sərhədləri müəyyən edək, hərə öz ölkəsində yaşasın, bir-birinin işinə qarışmasın. Biz bunu deyirik və mənim tərəfimdən irəli sürülmüş sülh müqaviləsi üçün 5 əsas prinsipin mahiyyəti də budur. O cümlədən bir-birinə qarşı ərazi iddialarından əl çəkmək prinsipi də böyük önəm daşıyır və Ermənistan rəhbərliyi bu 5 prinsipi qəbul edib. İndi nə isə əlavə etmək istəyir, amma əsas fundamental prinsiplər budur. O ki qaldı, ermənilərin Azərbaycanda yaşamasına - istər Qarabağ bölgəsində, istər başqa yerlərdə bu məsələdə heç bir problem yoxdur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. 

Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Burada hansısa xüsusi imtiyazdan söhbət gedə bilməz. Bir də ki, dünyada, Avropada təcrübə var. İndi Avropada müxtəlif konvensiyalar var. Həm Avropa Şurası ölkələri bu konvensiyalara qoşulublar, həm Avropa İttifaqı ölkələri çərçivəsində qaydalar və rəsmi sənədlər var. Orada hər şey göstərilib və biz bu ümumbəşəri trend, yəni, meyil məcrasında gedirik. Ermənistan əgər hansısa xüsusi tələb irəli sürərsə bilməlidir ki, bizim də bir çox tələblərimiz ola bilər. Bax, buraya çox da uzaq olmayan məsafədə bizim qədim torpağımız Qərbi Zəngəzurdur. Biz Ermənistana qarşı ərazi iddiası ilə çıxış etmirik ki? Etmirik. Amma əgər onlar bizə qarşı ərazi iddiası ilə çıxış edəcəksə, biz niyə etməməliyik? Tarix var. Hər kəs açsın baxsın kitablara, ensiklopediyalara: nə vaxt Qərbi Zəngəzuru bizdən ayırıb Ermənistana verdilər? 1920-ci ilin noyabrında”.

Xəbər lenti