Xəzər Xəbər

Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: Bunu qəhrəmanlıq hesab edirlər

Gündəm | 14:55 • 28 Yanvar 2022
Komitə sədri məktəblilərin qeyri-etik davranışları barədə: Bunu qəhrəmanlıq hesab edirlər

“Son günlər sosial şəbəkələrdə təhsil müəssisələrində şagirdlərin xoşagəlməz davranışlarını əks etdirən görüntülər məsələnin görünən tərəfidir. Bəlkə də oxşar hadisələr olur və bizim xəbərimiz olmur”.

XəzərXəbər xəbər verir ki, bunun Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu kimi hallara rast gəlinməsi təəssüf doğurur:

“Bəlkə də biz baş verən bənzər hallardan xəbərsizik. Yaxud da hadisələr olur və qarşısı dərhal alınır deyə ictimaiyyətə geniş şəkildə yayılmır. Bu gün informasiya əsridir. Məktəbyaşlı uşaqların eləcə də, yuxarı sinif şagirdlərinin elə bir yaş dövrüdür ki, bəlkə də onlar bunu qəhrəmanlıq kimi qəbul edirlər. Əlbəttə ki, ailənin, cəmiyyətin, məktəbin və müvafiq dövlət  orqanlarının əlaqəli işi olmalıdır ki, belə hadisələrin qarşısını alaq. Baş verdiyi halda onun nəticələrinin daha zərərsiz olması üçün çalışaq”.

O qeyd edib ki, bu məsələ ilə Təhsil Nazirliyi məşğul olur:

“Biz də komitə olaraq səlahiyyətimiz çərçivəsində bu məsələyə töhfə verməyə çalışırıq. Ümumilikdə bütün qurumlar, ailə və cəmiyyət töhfə verməlidir. Hər kəsin hüququ olduğu kimi vəzifələri də var. Məktəblilərin təhsil müəssisəsində şagird kimi öhdəlikləri var. Valideynlər evdə onların hüququnu başa saldığı kimi öhdəliklərini də anlatmalıdır. Düşünürəm ki, konkret hallarda boşluqlar var və onlar aradan qaldırılmalıdır”.

Xəbər lenti