Xəzər Xəbər

Azərbaycan Yəhudi İcmasının nümayəndələri Amerika Yəhudi Komitəsinin rəhbərləri ilə görüşüblər

Gündəm | 15:44 • 14 Yanvar 2022
Azərbaycan Yəhudi İcmasının nümayəndələri Amerika Yəhudi Komitəsinin rəhbərləri ilə görüşüblər

Bakıda Azərbaycan Yəhudi İcmasının nümayəndələri ABŞ-ın ən qocaman yəhudi hüquq müdafiə təşkilatlarından biri olan Amerika Yəhudi Komitəsinin (AJC) icraçı direktoru Devid Harris və Komitənin direktoru Semuel Kliger ilə görüşüblər.

Milli Məclisin deputatı Anatoli Rafailov, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Bakı Avropa Yəhudiləri Dini İcmasının sədr müavini Yevgeni Breneysen, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədr müavini Gennadi Manaşirov və Bakı Gürcü Yəhudiləri Dini İcmasının sədri, ravvin Zamir İsayev görüşdə iştirak ediblər.

Milli Məclisin deputatı Anatoli Rafailov görüşdə çıxış edərək bildirib ki, Azərbaycanda yaşayan yəhudilərin bəxti gətirib: bu ölkədə antisemitizm yoxdur.

Azərbaycan Yəhudi İcması adından Devid Harrisə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı haqq işinin dəstəklənməsinə görə təşəkkür bildirilib. Qod Nisanov, German Zaxayeyev və Zarax İliyev başda olmaqla STMEQİ yəhudi təşkilatı İkinci Qarabağ müharibəsi dövründə Quba-Qusar zonasından şəhid olanların ailələrinə sanballı yardım göstərib.

İsraildə və bütün dünyada olan yəhudilər Azərbaycan torpağında əsrlər boyu yəhudi icmasının mövcud olmasını, Azərbaycanda yəhudilərə xoş münasibət bəslənməsini yaxşı bilirlər.

Görüşdə o da qeyd edilib ki, Azərbaycanda həm tarixən, həm də müasir mərhələdə yəhudi xalqı ilə səmimi dostluq münasibətləri yaranıb.

Milli Məclisin deputatı Anatoli Rafailov deyib: “Azərbaycan xalqının ənənələri bizə əzizdir, çünki Azərbaycan xalqı nadir humanizmi və xeyirxahlığı ilə fərqlənir. Bu gün biz deyə bilərik ki, müasir müstəqil Azərbaycanda bütün başqa xalqlarla bərabər yəhudilər də bərabər hüquq və imkanlara malikdirlər. Yəhudilərin yaşadığı yerlərdə sinaqoqlar və məktəblər bərpa edilib və yeniləri tikilib, mədəni həyat yüksək səviyyədədir. Bütün bunlara görə Azərbaycan Yəhudi İcması Prezident İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya, habelə Azərbaycan xalqına təşəkkür edir”.

“Azərbaycan-İsrail” Parlamentlərarası Dostluq Qrupuna rəhbərlik edən Azərbaycan parlamentarisi daha sonra qeyd edib ki, bu qrupun üzvləri deputat Elina Bardaç Yalovanın başçılıq etdiyi “İsrail-Azərbaycan” Parlamentlərarası Qrupu ilə əməkdaşlıq edir, iki ölkə arasında münasibətlərin möhkəmlənməsi ilə bağlı iş aparır.

Xəbər lenti