Xəzər Xəbər

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir

Gündəm | 15:19 • 18 Oktyabr 2021
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə dinləmə keçirilir

Azərbaycan Respublikasının “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistan Respublikasına qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr keçirilir. Haaqa Sülh Sarayında təşkil edilən məhkəmə dinləmələrinə hakim Joan E.Donoghue sədrlik edir.

Haaqada Azərbaycanın maraqlarını müdafiə edən hüquq müdafiəçisi Piter Qoldcmit Azərbaycanın 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanatın bütün tələblərini yerinə yetirdiyini bildirib. Hüquq müdafiəçisinin sözlərinə görə, Azərbaycanda saxlanılan ermənilər ağır cinayət törədən şəxslərdir. O, Ermənistanın Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etməsinin düzgün olmadığını bildirib.

Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov BMT məhkəməsində çıxışında bildirib ki, ölkəmiz Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən təcili olaraq Ermənistana qarşı müvəqqəti aralıq tədbirlərinin tətbiqini zəruri hesab edir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürərək onun tarixi torpaqlarını uzun müddət işğal altında saxlayıb. Bu müddət ərzində insanlar evlərindən didərgin salınıb, həyatlarına qəsd edilib, təbiətə ciddi ziyan vurulub.

Qeyd edək ki, Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə sentyabrın 23-də Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Azərbaycan bəyanatında "Ermənistan həm birbaşa, həm də dolayı yollarla etnik təmizləmə siyasətini davam etdirdiyini, azərbaycanlılara qarşı nifrət və etnik zorakılığı qızışdırdığını, ən yüksək hökumət səviyyəsi də daxil olmaqla irqçi təbliğat yaydığını" iddia edir. Azərbaycan Haaqa Məhkəməsindən Ermənistanı Konvensiyanı pozduğuna görə məsuliyyətə cəlb etməsini və bununla Azərbaycana və onun xalqına vurduğu ziyanı ödəməsini xahiş edir.

Dinləmələr oktaybrın 19-da davam etdiriləcək. (AZƏRTAC)

Xəbər lenti