Xəzər Xəbər

Azərbaycan Prezidenti: Əfsuslar olsun ki, İran bizim dostcasına etdiyimiz xəbərdarlığa adekvat cavab vermədi

Gündəm | 15:14 • 13 Oktyabr 2021
Azərbaycan Prezidenti: Əfsuslar olsun ki, İran bizim dostcasına etdiyimiz xəbərdarlığa adekvat cavab vermədi

Əfsuslar olsun ki, İran tərəfi bizim dostcasına etdiyimiz xəbərdarlığa adekvat cavab vermədi.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

Dövlətimiz başçısı deyib: “Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu! Biz ictimaiyyətə açıqlamadan çox dostcasına bildirdik ki, bunu dayandırsınlar. Çünki bu, düzgün deyil. Biz həmin yollara nəzarət edirik və görürük ki, aldatmağın, “bunun baş vermədiyini” söyləməyin yeri yoxdur. Əfsuslar olsun ki, bu xəbərdarlığa adekvat cavab verilmədi”.

Prezident daha sonra Azərbaycanın atdığı növbəti addımlardan, qanuni hesab edilən tədbirlərdən danışıb. Qeyd edib ki, bunun müqabilində yersiz bəyanatlar verildi, hədələr edildi, sərhədimizə yaxın hərbi təlimlər keçirildi.

“Heç kəs öz iradəsini bizim üzərimizə qoya bilməz. Biz bütün ölkələrlə və ilk növbədə, qonşularımızla dost münasibətlərə malik olmaq istəyirik”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Xəbər lenti