Xəzər Xəbər

İƏT-in ekspertləri faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı Gəncədə mətbuat konfransı keçiriblər

Gündəm | 13:59 • 25 Sentyabr 2021
İƏT-in ekspertləri faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı Gəncədə mətbuat konfransı keçiriblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizə səfər edən İslam Əməkdaşlığı Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət nümayəndə heyəti Gəncə şəhərində olub.

Ombudsman Aparatının rəhbəri, İƏT MDİHK-ın üzvü Aydın Səfixanlının müşayiət etdiyi nümayəndə heyətinin üzvləri faktaraşdırıcı missiya çərçivəsində Gəncə şəhərində aparılan monitorinq zamanı ağır artilleriya və raket atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş yaşayış binalarına, digər mülki obyektlərə, o cümlədən tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baxış keçirib, həyatını itirmiş mülki şəxslərin ruhuna dualar oxuyub, dağıntılar olan yerlərə gül dəstələri qoyublar.

Sonra nümayəndə heyəti apardıqları monitorinqin nəticələrinin dəyərləndirilməsi və müvafiq bəyanatın qəbul edilməsi üçün Gəncə şəhərində mətbuat konfransı keçirib.

Konfransda İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli çıxış edərək, işğaldan azad olunmuş bölgələrə səfərindən danışıb. O, həmin ərazilərdə gördüklərindən təəssüf hissləri keçirdiyini bildirib. “Ağdam şəhərində gördüklərimiz çox acı idi. Şəhər tamamilə dağıdılıb, tarixi abidələr yerlə-yeksan edilib. Hər yer minalanmış ərazilərdən ibarətdir. Biz xüsusilə bu məsələdə Azərbaycana dəstək olacağıq. Gördüklərimizin hamısını öz hesabatımızda qeyd edəcəyik. Dünən Ağdam və Tərtərdə, bu gün isə Gəncədə olduq. Günahsız mülki insanların qətlə yetirilməsi qəbul edilməzdir,” - deyə beynəlxalq nümayəndə heyətinin sədri bildirib.

Sonra çıxış edən İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədrinin müavini Hacı Ali Açıkgül bölgədə sabitliyin təmin olunması üçün Azərbaycanın əlindən gələni etməyə hazır olduğunu deyib: “Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən itkin düşən 4000 mindən çox insanın taleyindən hələ də xəbər yoxdur. Ermənistan hökuməti buna görə də cavab verməlidir. Gəncədə gördüyüm dağıntılar, qətlə yetirilən körpələr, qadınlar, yaşlılar, xüsusilədə cəbhə bölgəsindən uzaqda yerləşən, heç bir hərbi obyektin olmadığı yaşayış məntəqəsinə edilən hücumlar bizə müharibənin nə qədər acı olduğunu göstərdi. Allah şəhidlərə rəhmət eləsin!”.

Sonda bəyanat qəbul edilib. (AZƏRTAC)

Xəbər lenti