Xəzər Xəbər

Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb

Gündəm | 09:00 • 25 Sentyabr 2021
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemalanın xarici işlər naziri Pedro Brolo Vila, Suriyanın xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenadanın xarici işlər naziri David Piter və Lesoto Krallığının xarici işlər və beynəlxalq əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələri arasındakı əməkdaşlıq, həmçinin Hərəkatın gündəliyində duran vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən tərəflər siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, humanitar mədəniyyət, turizm, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Görüşlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələri müzakirə mövzusu oldu.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Nazir Ceyhun Bayramov 44 gün davam edən Vətən müharibəsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı və onun icrası, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti