Xəzər Xəbər

Azərbaycan Prezidenti müharibədə qələbəni şərtləndirən amillərdən danışıb

Gündəm | 14:00 • 24 Sentyabr 2021
Azərbaycan Prezidenti müharibədə qələbəni şərtləndirən amillərdən danışıb

Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi. Bizim səfərbər etdiyimiz texniki imkanlar əks-hücum fəaliyyətini daha səmərəli şəkildə həyata keçirməyimizə kömək etdi.

Xezerxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiyanın “Nasionalnaya oborona” jurnalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edərək deyib: “Təmas zonasının yaxınlığında yaşayan əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə böyük iş aparıldı. Həmin rayonlarda yaşayan yüz minlərlə əhalimiz hər gün erməni artilleriyasının atəşi altında olurdu. Buna görə də əhali qismən təxliyə edilmişdi. Hərçənd, deməliyəm ki, həmin kəndlərin və şəhərlərin sakinlərinin əsas hissəsi evlərində qalır və deyirdilər ki, onlar öz yurdlarından heç yerə getməyəcəklər”.

Prezident qeyd edib ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. “Hesab edirəm ki, təxminən altı-yeddi il ərzində biz buna nail olduq. 2010-cu ildə Azərbaycan artıq tam müstəqil iqtisadi siyasət yürütməyə, islahatlar həyata keçirməyə və infrastruktura böyük investisiyalar yatırmağa qabil idi. Müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Əlbəttə, silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Bu tədbirlər kompleksinin çox güclü hərbi tərkib hissəsinin yaradılması ilə nəticələndiyini diqqətə çatdıran Prezident deyib ki, İkinci Qarabağ müharibəsi bunu göstərdi.

Xəbər lenti