Xəzər Xəbər

Tədris qismən bərpa olunacaq, bu fənlər isə... - Ekspert AÇIQLADI

Gündəm | 15:52 • 22 Sentyabr 2021
Tədris qismən bərpa olunacaq, bu fənlər isə... - Ekspert AÇIQLADI

2020-ci ilin martından dayanan ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədris tam şəkildə 29 sentyabrda bərpa olunur. Amma tədrisin necə təşkil olunacağı ilə bağlı ortaya çıxan suallar var. Düşünürəm ki, ali və orta ixtisas təhsili müəssisələri 29 sentyabrda hibrid, yəni qismən bərpa olunacaqlar. Prerekvizit fənlər (tədrisi ilk növbədə zəruri olan fənlərdir) ənənəvi qaydada, qeyri-ixtisas fənləri onlayn-distant tədris olunacaq.

XəzərXəbər xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib.

Ekspert bildirib ki, əsas ixtisaslarda əgər auditoriyalarda tələbə sayı 60-70-i ötərsə, o mühazirə dərsləri distant tədris olunacaq, amma əsas ixtisas fənlərinin seminarları ənənəvi qaydada təşkil edilə bilər: “Lakin auditoriyalarda tələbə sayı 60-dan az olarsa, o ixtisaslarda əsas ixtisas fənlərinin həm mühazirə, həm də seminar dərsləri auditoriyalarda təşkil edilə bilər. Bütün hallarda isə ixtisaslar üzrə əsas olmayan fənlərin onlayn keçirilməsi labüddür. Düşünürəm ki, əvvəlki 1,6 ildəki kimi distant dərslərin müddəti 80 dəqiqə yox, 50-60 dəqiqə olmalıdır. Laboratoriya dərsləri, praktiki dərslər əlbəttə ki, ənənəvi təşkil olunmalıdır”.

K.Əsədov vurğulayıb ki, universitetlərdə dezinfeksiya tədbirləri gücləndirilməli, avadanlıqlar quraşdırılmalıdır.

O əlavə edib ki, tələbələrin təhsil müəssisələrinə daxil olanda COVID-19 pasportunun yoxlanılması böyük növbələrə və onların dərsə gecikməsinə gətirib çıxara bilər: “Bunun üçün yaxşı olar ki, təhsil müəssisələrinin girişində üztanıma (facecontrol və ya Face Recognition) kimi proqram quraşdırılıb birbaşa pasportu yoxlamaq olar və tələbələri cəmi bir dəfə yoxlamaqla sıxlığı aradan qaldırmaq mümkündür. Yəni tələbələri hər gün yoxlamağa ehtiyac olmayacaq. Eyni zamanda uzaqdan temperaturu yoxlayan cihaz giriş qapısının ağzında quraşdırılmalıdır”.

Xəbər lenti