Xəzər Xəbər

Maaş artımı gözləyənlərə ŞAD XƏBƏR - Detallar açıqlandı

Gündəm | 14,475 | 14:10 • 9 Sentyabr 2021
Maaş artımı gözləyənlərə ŞAD XƏBƏR - Detallar açıqlandı

Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda dövlət büdcəsinin əsas xərc istiqamətləri ortamüddətli resurs zərfinə uyğun olaraq milli xərc prioritetləri əsasında müəyyənləşdirilib.

XəzərXəbər xəbər verir ki, 2022-2025-ci illərdə dövlət büdcəsi xərcləri əsasən dövlətin əsas funksiyalarının təmin edilməsinə, o cümlədən müdafiə və təhlükəsizlik, sosial təminat, səhiyyə, təhsil və dövlət borcuna xidmətlə bağlı xərclərin maliyyələşdirilməsinə, eləcə də iqtisadi artımın davamlılığının dəstəklənməsinə yönəldiləcək.

Həmçinin proqnoza əsasən, əhalinin sosial rifahını artırmaq üçün məvacib və pensiyaların artırılması istiqamətində müddəalar nəzərdə tutulub.

Maliyyə Nazirliyinin icmal büdcəsinin proqnozuna aydınlıq gətirmək üçün tanınmış iqtisadçı-ekspert, Millət vəkili Vüqar Bayramovla əlaqə saxladıq. Mütəxəssis BAKU.WS-ə açıqlamasında bildirdi ki, növbəti il dövlət büdcəsinin gəlirlərinin artırılacağı proqnozlaşdırılır.

“2021-ci ildə dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon AZN proqnozlaşdırılır. Bu rəqəm 2022-ci ildə 26 milyard 407 milyon manata qədər yüksələcək.

Eyni zamanda büdcənin gəlirlər hissəsi ilə bağlı digər mühüm qərarlardan biri odur ki, qeyri-neft gəlirlərində artımlar müşahidə olunacaq”, - deyə mütəxəssis bildirib. Vüqar Bayramov onu da vurğulayıb ki, formalaşacaq gəlirlərin tərkibində əgər 2021-ci ildə qeyri-neft sektorundan əldə edilən gəlirlər 45.8% idisə, bu rəqəm 2022-ci ildə 47.6%-ə qədər yüksələcək:

“2024-cü ildə Azərbaycanda ilk dəfə olaraq xüsusilə də neft gəlirləri dövlət büdcəsinə daxil olduqdan sonra büdcə gəlirlərində neftin payı 50%-dən çox olacaq və 2021-ci ildə büdcə gəlirlərinin 51%-dən çoxu qeyri-neft sektorunun payına düşür. 2022-ci ildə sosial istiqamətdə də artımların davam edəcəyi gözlənilir”.

Vüqar Bayramov onu da qeyd edib ki, növbəti il əməkhaqqı artımı belə dəyişəcək:

“2021-ci ildə orta aylıq əməkhaqısının 742 AZN olacağı gözlənilir. Bu rəqəm 2022-ci ildə 794 AZN-ə qədər yüksələcək.

Eyni zamanda əhalinin gəlirlərində də artım tempi olacaq. 2021-ci ildə əhalinin gəlirləri 58 milyard AZN proqnozlaşdırılır. Bu rəqəm 2022-ci ildə 63.4 milyard AZN olacaq”.

Mütəxəssisin fikrincə, digər mühüm məqamlardan biri sərmayə qoyuluşlarının artmasıdır:

“Sərmayə qoyuluşu da iqtisadiyyatın inkişafı baxımından önəmlidir. Sərmayə qoyuluşu 18.7 milyard AZN-ə çatacaq. Bu, əvvəlki illə müqayisədə 3.7% artım deməkdir”.

Qeyd edək ki, bütövlükdə növbəti il sosial istiqamətə birbaşa 3 milyard 584 milyon AZN vəsaitin artırılması nəzərdə tutulur. Vüqar Bayramov bu məbləğin xərclənmə mexanizmini belə izah edib:

“Təhsilə 3 milyard 740 milyon AZN vəsait ayrılacaq, əvvəlki illərdə olduğu kimi təhsilə ayrılan vəsait tempi davam edəcək. Belə ki, 2020-ci ildə 3 milyard 770 milyon manatın ayrılması nəzərdə tutulmuşdu. Müdafiə xərcləri yenə də prioritet xərcləri sırasındadır. Azərbaycanın və milli təhlükəsizliyimizin gücləndirilməsi məqsədilə bu istiqamətə 4 milyard 499 AZN vəsait ayrılması planlaşdırılır”.

Vüqar Bayramovun fikrincə, Dövlət Neft Fondundan ayrılmalarda da azalmaların olacağı proqnozlaşdırılır:

“2021-ci ildə Dövlət Neft Fondunun büdcəyə 12 milyard AZN-dən artıq vəsait transfer edəcəyi gözlənilir. Bu rəqəm 2022-ci ildə 11 milyard 860 milyon AZN-ə qədər azalacaq. Bu da dövlət büdcəsinin formalaşmasında Dövlət Neft Fondunun payının azalması və nəticə etibarilə qeyri-neft sektorunun payının artması baxımından vacibdir.

Eyni zamanda 2022-ci ildə yenidən büdcə qaydasının tətbiq olunacağı gözlənilir. Buna uyğun olaraq büdcənin formalaşmasında Dövlət Neft Fondundan gəlirlərin azalması, qeyri-neft sektorunun payının artacağı gözlənilir”.

Deputatın sözlərinə görə, təqdim edilən rəqəmlər də göstərir ki, 2025-ci ilədək olan dövrdə büdcə gəlirlərinin diversifikasiyası əsas prioritet məqamlardan biri olacaq: “Büdcə gəlirlərində ümumi ixracatda qeyri-neft sektorunun payının artırılması ilə bağlı işlərin sürətlənəcəyi gözlənilir”.

Vüqar Bayramov son olaraq onu da vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizin yenidənqurma prosesi prioritet istiqamətlərdəndir:

“Nəzərə alsaq ki, 2021-ci ildə 2 milyard 200 milyon AZN vəsaitin ayrılması nəzərdə tutulurdu. Növbəti 2022-ci ildə də bu istiqamətdə dəstək davam etdiriləcək. İşğaldan azad olunmuş ərazilərdə standartlara uyğun yenidənqurma prosesinin dəstəklənməsi və maliyyələşməsi dövlətin əsas strateji istiqamətlərindən biri olaraq qalacaq”.

 

Xəbər lenti

Çox oxunanlar