Xəzər Xəbər

Bu siyasi təlxək anlamalıdır ki... - Jirinovskiyə CAVAB

Gündəm | 12:59 • 1 Avqust 2021
Bu siyasi təlxək anlamalıdır ki... - Jirinovskiyə CAVAB

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yenə sərsəm çıxışı ilə gündəmə gəlib. Siyasi təlxək kimi tanınan Jirinovski çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğu üçün hər kəsin onun iradəsi ilə hesablaşmalı olduğunu bildirib. Eyni zamanda Azərbaycan hakimiyyətini rus əsgərləri ilə təhdid edib.

XəzərXəbər xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, artıq neçənci dəfədir ki, sərsəm-faşist ritorikasına üstünlük verən Jirinovski ölkəmizə qarşı bu şəkildə hədyan dolu çıxışlar edir: "Amma bu, sərsəm ritorikadan başqa bir şey deyil. Aydındır ki, Jirinovskinin sayıqlamaları Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilə bilməz və son illər iki dövlət arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur.

Bu siyasi təlxək anlamalıdır ki, bu sayıqlamaları Azərbaycanın haqq işinə xələl gətirə bilməz. Azərbaycan müstəqilliyinə təhdid ola biləcək hər addımı dəf etmək gücündədir və güclü xalq-iqtidar birliyi mövcuddur ki, bu birliyin sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu uzun müddət işğal altında qalan torpaqlarımızı şəhidlərimizin qanı bahasına azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Ermənilərin havadarları anlamalıdırlar ki, güclü Azərbaycan Ordusu bu zəfəri hər zaman qorumaq iqtidarına malikdir və şanlı ordumuzun qəhrəmanlığı ilə torpaqlarımızı işğaldan azad edən "Dəmir yumruq" yerindədir, hər an torpaqlarımıza göz dikənlərin başına endirilə bilər".

Xəbər lenti