Xəzər Xəbər

Yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik - Həkimdən XƏBƏRDARLIQ

Gündəm | 588 | 15:23 • 23 İyul 2021
Yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik - Həkimdən XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Ghebreyesus bildirib ki, yüksək yoluxuculuq qabiliyyətinə malik “Delta” ştammı tezliklə dünya üzrə dominant olacaq. O da bəyan edilib ki, dünya ölkələri artıq COVID-19 pandemiyasının yeni, üçüncü dalğasının başlanğıcındadır. Çünki hazırda dünyada həm yoluxma, həm də ölüm hallarının yüksək artım tempi qeydə alınır.
 
Son günlər Azərbaycanda koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Ötən günlərdə ölkəmizdə “Delta” ştammı da aşkarlandı. Bu da mövcud durumun gərginliyindən xəbər verir. Görünən odur ki, karantin qaydalarının yumşalması vətəndaşlar arasında arxayınlıq yaradıb.
 
Mövcud durum barədə həkim-infeksionist Natiq Əliyev məlumat verib. Bildirib ki, son günlər koronavirusa yoluxma sayındakı artımlar hər birimizi ciddi surətdə narahat edir:
 
“Yoluxmanın çoxalması o deməkdir ki, dünyada pandemiya bitmədən Azərbaycanda rəqəmlər stabilləşməyə doğru gedirdi. Bu zaman ölkəmizdə karantin qaydaları yumşaldıldı və bu da insanlarda “COVID bitdi” düşüncəsini yaratdı.
 
Bu düşüncənin verdiyi rahatlıq fonunda insanlar qaydaları unutdular, yay fəsli gəldiyi üçün də fərdi izolyasiya və gigiyena qaydalarına əməl edilmədi. Bu gün onun nəticəsini yaşayırıq ki, vətəndaşlar arasında artıq “Delta” ştammı da aşkarlanıb.
 
Dəfələrlə vurğulamışdıq ki, “Delta” ştammı daha tez yayılmağa meyllidir. Ona görə də yayılıması sürətli olan bir virus üçün qaydalara əməl edilməyən toplumda xoşagəlməz nəticələr ola bilər.
 
Qarşıdakı dönəmlər xüsusilə, oktyabr ayında mövsümi infeksiyaların artığı dönəmdir. Ona görə də yoluxma sayındakı rəqəmlərin daha da artacağını gözləyirik.
 
Bu da ölkəmizdə karantin qaydalarının yenidən şərtləşdirilməsi və bəzi bağlanmalara gedilməsini göz önünə gətirir. Tam söyləmək üçün qarşıdakı zamanlarda gedişatı izləmək lazımdır. Belə davam edərsə, sərtləşmə qaçılmazdır”.

Xəbər lenti