Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Şuşa Bəyannaməsi: İki qardaş ölkə Cənub Qaz Dəhlizindən səmərəli istifadəni əlaqələndirilmiş şəkildə davam etdirəcək

Gündəm | 14:22 • 16 İyun 2021
Şuşa Bəyannaməsi: İki qardaş ölkə Cənub Qaz Dəhlizindən səmərəli istifadəni əlaqələndirilmiş şəkildə davam etdirəcək

Azərbaycan və Türkiyə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsində bildirilir.

Sənəddə deyilir: “Tərəflər regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolunu vurğulayırlar. Tərəflər Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəlmiş səyləri əlaqələndirilmiş şəkildə davam etdirəcəklər. Tərəflər, həmçinin qlobal enerji sektorundakı prosesləri nəzərə alaraq regionun enerji təchizatı təhlükəsizliyinin gücləndirilməsi üçün elektrik sahəsində də regional əməkdaşlığa töhfə verəcək səylərin artırılaraq davam etdirilməsi üzrə niyyətlərini ifadə edirlər”.

Tərəflərin iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirmək niyyətlərinin də ifadə olunduğu Bəyannamədə, həmçinin vurğulanır ki, Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Çox oxunanlar