Xəzər Xəbər

Mövlud Çavuşoğlu: Antalya Diplomatik Forumunda Cənubi Qafqazdakı sülh proseslərinə dair panel nəzərdə tutulub

Gündəm | 13:10 • 16 İyun 2021
Mövlud Çavuşoğlu: Antalya Diplomatik Forumunda Cənubi Qafqazdakı sülh proseslərinə dair panel nəzərdə tutulub

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə Xarici İşlər Nazirliyinin təşkil etdiyi Antalya Diplomatik Forumuna hazırlıq işləri başa çatıb. İndiyədək 12 dövlət və hökumət başçısı Foruma qatılacağını təsdiqləyib.

Bunu Foruma hazırlığın vəziyyəti ilə bağlı keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Jurnalistlərin suallarını cavablandıran nazir Mövlud Çavuşoğlu qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, Azərbaycanın sərgilədiyi qətiyyətli siyasi iradə nəticəsində bölgədə yaranmış yeni reallıqlardan bəhs edib. Nazir diqqətə çatdırıb ki, Antalya Diplomatik Forumunda “Cənubi Qafqazda sülh üçün yeni fürsətlər” adlı panel keçirilməsi nəzərdə tutulub. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da Foruma qatılacağı gözlənilir.

Qeyd edək ki, Antalya Diplomatik Forumu ötən il keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə tədbir təxirə salınıb. Türkiyə hökuməti Antalya Diplomatik Forumunu beynəlxalq müzakirələr platformasına çevirmək niyyətindədir.

Xəbər lenti