Xəzər Xəbər

Nazirlik hava şəraiti ilə bağlı MƏLUMAT YAYDI: Mayın 11-dən 14-dək...

Gündəm | 09:27 • 10 May 2021
Nazirlik hava şəraiti ilə bağlı MƏLUMAT YAYDI: Mayın 11-dən 14-dək...

"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisindən atmosfer cəbhəsinin keçməsi nəticəsində hava şəraiti dəyişib. Respublikanın əsasən şimal və qərb rayonlarında yağıntı müşahidə olunur".

XəzərXəbər xəbər verir ki, bunları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib ki, qərb küləyinin sürəti saniyədə 30-34 metrədək güclənib. Bu proses gecə ərzində respublikanın demək olar, əksər rayonlarında müşahidə olunacaq.

Umayra Tağıyeva qeyd edib ki, Bakıya və Abşeron yarımadasına isə atmosfer cəbhəsinin səhər saatlarında yaxınlaşması gözlənilir.

"Buna görə də saat 10-11 radələrinədək Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yağışın tədricən kəsilməsi proqnozlaşdırılır. Sabah gün ərzində Abşeron yarımadasında güclü külək əsəcək. Küləyin ani maksimal sürətinin saniyədə 30 metrə çatacağı ehtimalı var. Gecəyə doğru külək mülayimləşəcək", - Milli Hidrometeorologiya Xidmətinin rəisi bildirib.

Onun sözlərinə görə, növbəti günlərdə - mayın 11-dən 14-dək ölkə ərazisində yağmursuz və xoş hava şəraiti müşahidə olunacaq: "Zəif külək üstünlük təşkil edəcək. Havanın temperaturu gündən-günə yüksələcək. Hətta mayın 12-14-də paytaxtda maksimal temperatur 25-27°, respublikanın Aran rayonlarında isə 30°-dək yüksələcək".

Xəbər lenti