Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Türk Şurasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Gündəm | 132 | 18:24 • 11 Aprel 2021
Türk Şurasının nümayəndə heyəti Gəncədə Ermənistanın müharibə cinayətləri ilə tanış olublar

Aprelin 11-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Ermənistanın müharibə cinayətləri ilə yaxından tanış olmaq üçün Gəncədə səfərdə olublar.

Nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Milli Məclisin deputatı Müşfiq Cəfərov müşayiət ediblər.

Səfərin məqsədi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərini, yüksək vəzifəli rəsmilərini Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış etməkdir.

Qonaqlar ötən ilin oktyabrın 11-də Gəncədə erməni terroru nəticəsində çoxlu insanın öldüyü, yaralandığı və böyük dağıntıların yarandığı əraziyə gəliblər. Məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və onların Əlavə Protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında Moskvada keçirilmiş görüşün yekunu olaraq, razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.

Oktyabrın 11-də Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

Növbəti müharibə cinayəti isə oktyabrın 17-də törədilib. Düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak olub, 48-dən çox şəxs xəsarət alıb.

Qeyd olunub ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb. Baxmayaraq ki, dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması insanlığa qarşı cinayətdir, Ermənistan beynəlxalq hüquqa məhəl qoymadan müharibə cinayətlərini davam etdirib.

Macarıstanın Xarici Əlaqələr və Ticarət Nazirliyinin təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Sztaray jurnalistlərə açıqlamasında Gəncədə mülki əhaliyə qarşı edilmiş erməni terrorunun “ürəkağrısı” ilə şahidi olduğunu və baş verənlərin təəssüf doğurduğunu bildirib. “Sevindirici odur ki, artıq bu hadisələr sona çatıb. Macarıstanın Xarici işlər naziri bu yaxınlarda Azərbaycanda səfərdə olub. Ölkəmizin Azərbaycanla çox sıx strateji əlaqələri mövcuddur. Macarıstan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Bu gün biz Qarabağda da olduq. Ümid edirik ki, Qarabağda başlamış yenidənqurma işləri uğurla başa çatdırılacaq. Nəhayət, bu regionda sülh bərqərar olacaq” – deyə P.Sztaray qeyd edib.

Nümayəndə heyəti həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq erməni terroru nəticəsində dağıdılmış yaşayış binasının ətrafına gül dəstələri düzüblər.

Çox oxunanlar

XƏBƏRDARLIQ: 3 gün qaldı
381 | 10:27 • 12 May 2021
Bir həftə iş olmayacaq
951 | 17:16 • 19 Aprel 2021