Xəzər Xəbər

Fahrettin Altun: Qarabağda mədəni irs məhv edilib, UNESCO buna göz yummamalıdır

Gündəm | 14:34 • 11 Aprel 2021
Fahrettin Altun: Qarabağda mədəni irs məhv edilib, UNESCO buna göz yummamalıdır

“Bu torpaqlara səfər edən zaman Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha anlamış olduq, bunu ürəkdən hiss etdik”.

Bunu Ağdam Cümə məscidini ziyarət etdikdən sonra jurnalistlərə açıqlamasında Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun bildirib.

O, Vətən müharibəsində şəhid olanlara rəhmət, qazilərə uzun ömür diləyib: “Biz onlara minnətdarıq. Bu, Azərbaycan, bölgə və Türkiyə üçün böyük zəfərdir. 30 il davam edən işğala qətiyyətlə son qoyuldu. Prezident İlham Əliyevin qətiyyəti sayəsində bu işğal ortadan qaldırıldı və bölgə azad edilmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə bu haqlı mübarizəyə dəstək verdi. Bu gün bu qüruru yenidən yaşadıq. Eyni zamanda buradakı zülmü, əziyyəti, vandallığı gördük. Bu, tayı-bərabəri olmayan vandallıqdır. Azərbaycanın bu ərazilərində bu vandallıq yaşanarkən, dünyanın, beynəlxalq ictimaiyyətin necə ikiüzlü münasibət bəslədiyini də gördük. Buradakı mədəni irs məhv edilib, dünyada mədəni irsin qorunmasına məsul beynəlxalq qurumlar isə səssiz qalıb. Bu mədəni abidələr bu torpaqlardan türklüyün, islamın izlərini silmək üçün məhv edilib. Ancaq bu torpaqlardan türklüyün, islamın izlərini silməyi bacarmadılar və bacarmayacaqlar. Çünki bu torpaqlar türklərin, islamın torpaqlarıdır”.

Fahrettin Altun UNESCO-ya müraciət edib və deyib ki, Ağdam şəhəri daxil olmaqla Azərbaycanın işğaldan azad edilən digər ərazilərində olan mədəniyyət abidləri, mədəniyyət tariximiz məhv edilib: "Buna göz yumulmamalıdır və UNESCO artıq ikili standartları kənara qoyub, bu mədəni xəzinəyə qarşı vandallıq həyata keçirən ermənilərin iç üzlərini rəsmən görməlidir".

O əlavə edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər bu torpaqlara geri qayıdacaq: “Bu ərazilər yenidən bərpa olunacaq. Türkiyə dövlət və özəl qurumları ilə bu ərazilərin bərpasında aktiv iştirak edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfəri zamanı dedi ki, bölgənin sülh göyərçinləri olmaq istəyirik. Eyni zamanda bölgənin əsas oyunçuları olaraq bir daha belə işğala imkan verməyəcəyimizi göstərdik”.

Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri işğaldan azad edilən torpaqların yenidən inkişaf edəcəyini vurğulayıb: “Ağdam da, Şuşa da, işğaldan azad edilən digər ərazilər də bərpa ediləcək, inkişaf edəcək, dünyanın cazibə mərkəzlərindən birinə çevriləcək. Biz bu yöndə bütün gücümüzlə azərbaycanlı qardaşlarımızın yanındayıq. İnşallah, birlikdə bu ərazilərin bərpasını, inkişafını təmin edəcəyik".

Xəbər lenti

Çox oxunanlar