Xəzər Xəbər

Azərbaycanda COVİD-19-un 3-cü dalğası yaşanır, test sayı kəskin artırılmalıdır - Həkimdən ÇAĞIRIŞ

Gündəm | 16:00 • 10 Aprel 2021
Azərbaycanda COVİD-19-un 3-cü dalğası yaşanır, test sayı kəskin artırılmalıdır - Həkimdən ÇAĞIRIŞ
"Azərbaycanda COVİD-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır”.
 
XəzərXəbər xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim-radioloq Aydın Əliyev deyib. O bildirib ki, son günlərdə COVİD-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb:
 
"İkinci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunur. Bu baxımdan müəyyən tədbirlərin görülməsi zəruridir. İlk növbədə koronavirus pandemiyası sürəci boyu dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır. Əksər ölkələrdə - Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada bu təcrübə çox effektli oldu. Ölkəmizdə də COVİD-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir. 
 
Test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır. Məsələn, test edilmək üçün hərarətin 38°C-dən yuxarı olması və s. tələb olunur.  Hərarəti olub-olmamasından asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olduğu şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir”.
 
A.Əliyev qeyd edib ki, kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır:
 
"Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir. Əhali arasında kütləvi sayda ev müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. ÜST protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir”.

Xəbər lenti