Xəzər Xəbər

QDİƏT Parlament Məclisinin komitələrinin onlayn iclasları keçirilib

Gündəm | 17:04 • 7 Aprel 2021
QDİƏT Parlament Məclisinin komitələrinin onlayn iclasları keçirilib

Aprelin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a verilən məlumata görə, hər iki videokonfransda quruma üzv ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

Öncə Hüquqi və siyasi məsələlər komitəsinin 57-ci iclası olub. Tədbirdə Milli Məclisi QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Jalə Əhmədova təmsil ediblər. 

Onlayn tədbirdə iclasın gündəliyi və komitənin ötən ilin oktyabrında keçirilmiş 56-cı toplantısının protokolu təsdiqlənib.

Sonra “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: hüquqi aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Hər iki təqdimatda COVID-19 pandemiyasının yaratdığı vəziyyətə də toxunulub.

Milli Məclisin deputatı Jalə Əhmədova müzakirədə çıxış edərək insan alverinə qarşı mübarizə sahəsində ölkəmizdə görülən işlərdən danışıb. Yekunda məruzə və tövsiyə layihələri təsdiqlənib.

Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 56-cı iclasında QDİƏT PM-dəki Azərbaycan nümayəndə heyətinin üzvlərindən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Ramin Məmmədov iştirak ediblər.

İclasda gündəlik qəbul olunduqdan sonra komitənin ötən ilin oktyabrında keçirilmiş 55-ci iclasının protokolu təsdiqlənib.

Videokonfransda “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu: sosial aspektlər” mövzusunda məruzə dinlənilib, tövsiyə layihəsi təqdim olunub. Mövzu ətrafında geniş müzakirə aparıldıqdan sonra məruzə və tövsiyə layihələri təsdiqlənib. İclasda təşkilati məsələlərə baxılıb, Zoltan Pek (Serbiya) komitə sədrinin müavini seçilib. 

Hər iki komitənin iclasında QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev çıxış edib, nümayəndə heyətlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.

Xəbər lenti