Xəzər Xəbər

Azərbaycan 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb - 500 metr məsafədən idarə olunur

Gündəm | 16:51 • 7 Aprel 2021
Azərbaycan 20 ədəd mexaniki minatəmizləmə texnikası alıb - 500 metr məsafədən idarə olunur

"Cənab Prezidentin göstərişi ilə 20 ədəd xüsusi  mexaniki minatəmizləmə texnikası alınıb. Əminliklə deyə bilərəm ki, bu texnikalar quruculuq işlərinə böyük töhfələr verəcək. Artıq 2 ədəd "MEMATT" markalı mexaniki minatəmizləmə texnikası Füzuli və Ağdam bölgələrində işləri yerinə yetirir".

Xezerxeber.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

Generalın sözlərinə görə, "MEMATT" markalı mexaniki minatəmizləmə texnikasının gündəlik gördüyü işlərin hesabatı alınır: "Biz də bu  məlumatları Dövlət Komissiyasına, mərkəzə çatdırırıq. Bu texnikanın üstünlüyü ondan ibarətdir ki, 500 metr məsafədən idarə olunur və artıq onun işlədiyi əraziyə insanın girməsinə ehtiyac qalmır. Partlayış da baş verərsə, insan faktoru kənarda qalmış olur. Bu işlərə cəlb olunan şəxsi heyətin təhlükəsizliyi baxımından onlar dünyanın ən  müasir avadanlıqları ilə də təmin ediliblər. Bu, minaaxtaranlar rahat işləmək üçün selektivdir, effektivliyi həddən artıq  çoxdur, həssasdır. Ən xırda metal parçası olduğu halda belə onu aşkarlayır. Hazırda istifadədədir".

General-mayor Anar Kərimov deyib ki, döyüş əməliyyatları zamanı da bu minaaxtaran avadanlıqlarından geniş istifadə olundu və öz lazımi bəhrəsini verdi. İdarə rəisi xüsusi vurğulayıb ki, dünyanın aparıcı orduları mühəndis qoşunlarını, istehkam sinfini birinci kateqoriyalı sinif kimi qəbul edir: "Hərb tarixindən bilirik ki, bu taborlara pioner taborları deyiblər. "Pioner" sözü isə öndə gedən deməkdir. Mühəndis qoşunlarında daima innovativ fikirlər və yenilənmələr olması əsas şərtdir. Artıq Azərbaycan Ordusunun gələcəkdə  dünyanın bir çox ordularına deyə biləcəyi, örnək gətirə biləcəyi və hətta tarixə düşəcək nümunələri var. Vətən müharibəsində düşmənin yaratdığı əngəl və maneə sistemini yararaq, qarışıq, birlik əməliyyatının icra olunmasında, qoşunların hərəkət qabiliyyətinin bu formada saxlanılmasında, Zəfər yolunun çəkilməsi və nəticədə hədəfə gəlib çataraq torpaqlarımızın azad edilməsində Azərbaycan Ordusunun mühəndis qoşunlarının örnəkləri, nümunələri hədsiz çoxdur və bu da hərb tariximizə qızıl hərflərlə yazılacaq".

Xəbər lenti