Xəzər Xəbər

Azərbaycanda mühəndis-istehkam taborları yaradılıb

Gündəm | 16:40 • 7 Aprel 2021
Azərbaycanda mühəndis-istehkam taborları yaradılıb

"Müharibə bitdikdən sonra cənab Prezidentin göstərişi əsasında mühəndis-istehkam taborları yaradılıb. Onlardan biri  xüsusi minatəmizləmə taborudur. Artıq o tabor bu gün işğaldan azad olunmuş Ağdam, Cəbrayıl, Füzuli rayonlarında həm texnikası, həm də şəxsi heyəti ilə fəaliyyətdədir. Bununla bağlı çox sayda şəxsi heyəti Türkiyə Respublikasına ezam etmişik. Orada şəxsi heyət çeşidli kurslara - əldə hazırlanmış partlayıcı qurğuların zərərsizləşdirilməsi, xüsusi minatəmizləmə kurslarına cəlb olunub. Paralel olaraq Türkiyədən mütəxəssisləri dəvət edərək öz mütəxəssislərimizlə, zabitlərimizlə birlikdə hazırlıq kursları təşkil etmişik. Bütün bunlar işğaldan azad olunan torpaqlarımızın minalardan və partlamamış sursatlardan təmizlənməsi işinə böyük töhfə verəcək. Şəxsi heyətin daha geniş masştabda fəaliyyət göstərməsi onun peşəkarlığının artması deməkdir".

Xezerxeber.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib.

General-mayor Anar Kərimov bildirib ki, ordumuzun mühəndis-istehkam bölmələri bu gün verilən tapşırıqları bacarıqla, yüksək peşəkarlıqla yerinə yetirirlər: "Mühəndis qoşunları elə bir qoşun növüdür ki, müharibə zamanı da, müharibə bitdikdən sonra da fəaliyyəti göz önündə olur. Vətən müharibəsi bitdiyi gündən bölmələrin tərtiblənməsi, lazım olan istiqamətlərdə qərara uyğun şəkildə onların yerləşməsi və istehkam dəstəyi, yolların, göstərilən marşrutların təhlükəsizliyinin təmin olunması həyata keçirilir. İstər müharibənin gedişi zamanı, istərsə də müharibədən sonra bütün dövlət qurumlarına istehkam dəstəyi göstərirdik. Hazırda da bu işlər birlikdə davam etdirilir. Bilirsiniz ki, işğaldan azad olunmuş ərazilərimizdə su mənbələrimiz var. Bu, çox vacib məsələdir. Bəndlərin yoxlanılması, kanalların təmizlənməsi icra olunur. Bütün sferalardan hansı tapşırıqlar gəlirsə, onun üzərində dərhal işlənilir, qüvvələr ayrılır və onlara nəzarət olunur. Bu gün əsas məqsədlərimizdən biri də daha geniş spektrdə minatəmizləmə fəaliyyəti başladığı üçün bu təcrübəni təkmilləşdirib tədris müəssisələrində həm kiçik zabitlərimizi daha hazırlıqlı etmək, həm də gələcəkdə bunu yeni gələn nəsillərə öyrətməkdir".       
İdarə rəisi deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının göstərişi və Müdafiə nazirinin əmrinə əsasən, hazırda Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən respublikamızın işğaldan azad olunmuş ərazilərinin minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənməsi, partlayıcı vasitələrin və qurğuların axtarılması tapşırığı yerinə yetirilir: "Verilmiş əmrə əsasən mülki əhalinin tez bir zamanda və təhlükəsiz şəraitdə öz doğma torpaqlarına köçməsi üçün hərəkət yolları, hava limanı, əkin sahələri, su anbarları və digər infrastruktur və kommunikasiya xətləri yaradılacaq ərazilər şəxsi heyət tərəfindən axtarılır və təmizlənir. Bu günədək Mühəndis Qoşunlarının hissə və bölmələrinin şəxsi heyəti tərəfindən 4729 (rəqəmlər hər gün dəyişir) hektar ərazi minalardan və partlamamış döyüş sursatlarından tam təmizlənib. Minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi üçün təyin edilmiş ərazi sahəsi xəbərdaredici nişanlarla hasara alınır. Minalardan tam təmizlənmə tapşırığı alan şəxsi heyət qoruyucu istehkam jiletləri ilə təchiz edilir. Gündəlik olaraq qrup rəhbərləri tərəfindən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır. Görülən tədbirlərə uyğun olaraq tapşırıq yerinə yetirilərkən bir yerə toplanmamaq, keçidlərdən kənar və yoxlanılmamış yerlərdə gəzməmək, minanın varlığını bilmədən qabaqcadan yoxlanılmamış məftili və başqa partlamayan maneələri yerindən tərpətməmək, irəli, geri çəkməmək, ancaq keçid və cığır işarələri ilə işarələnmiş sahələrdə hərəkət etmələri tapşırılır".   

Xəbər lenti