Xəzər Xəbər

Britaniya ştammı Azərbaycanda: Necə qorunmalı və hansı tədbirlər görülməlidir?

Gündəm | 22:37 • 19 Mart 2021
Britaniya ştammı Azərbaycanda: Necə qorunmalı və hansı tədbirlər görülməlidir?

Xəbər verdiyimiz kimi, Azərbaycanda COVID-19-un Britaniya ştammı tapılıb. Britaniya ştammı digərlərindən daha təhlükəli, sürətlə yayılan və ağır keçirilən sayılır. Hətta koronavirusun bu ştammının dəfələrlə öldürücü olduğu sübut edilib. Avropada bir çox ölkələr üçüncü dəfə qapanmaya məhz Britaniya ştammının yayılmasının qarşısını almaq məqsədilə gediblər.

Bəs bundan necə qorunmaq olar? Həm dövlət, həm də cəmiyyət tərəfindən hansı tədbirlər görülməlidir?

XəzərXəbər xəbər verir ki, bu barədə bakupost.az-a danışan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konsultant həkimi, Türkiyənin "Hacettepe" xəstəxanasının azərbaycanlı həkimi Turanə Rəsulova bildirib ki, Britaniya ştammının yoluxuculuğu Uhandan çıxmış original virusdan 70 faiz daha yoluxucudur:

"Bu xəstəliyin gedişində bir ağırlaşma görünmür. Cəmiyyətdə rast gəldikdə bunu ayırd etmək mümkün olmur ki, mutasiya virusudur, yoxsa deyil. Yoluxma sayının artması səbəbindən xəstəxanalarda ağır xəstələrin sayı da artır. Bununla da ölüm hallarında artım müşahidə olunur. Digər ölkələrin praktikasında da bunu görmüşük. Artıq Azərbaycanda da Britaniya ştammı var. Qorunma tədbirləri eyni qaydada davam etməlidir. Xüsusilə mutasiyaların yayılmağa başladığı bu zamanlarda maska, sosial məsafə, əl və tənəffüs gigiyenası daha da önəmli hədd alır. Bəzi mənbələr 2 maskanın üst-üstə istifadəsinin daha uyğun olması ilə bağlı xəbərlər yayıb, amma bu hələ təsdiqlənməyib. Ola bilsin ki, bunu da məsləhət görək. Cəmiyyət olaraq etməli olduğumuz şey özümüzü və başqalarını qorumaqdır. Həmin qaydalara daha ciddi əməl etməli, insanların çox olduğu ərazilərdən uzaq durmalı, təbii havalandırmanı təmin etməliyik".

Həkim qeyd edib ki, pandemiyada ən böyük rol oynayan şəhər Bakıdır: "Ona görə də Bakıya giriş-çıxışı məhdudlaşdırmağın uyğun olduğunu düşünürəm. Əgər bu cür tədbirlər alınmasa mutasiya Bakıdan digər şəhər və rayonlara yayıla bilər. Təəssüf ki, tövsiyələrlə heç bir ölkə pandemiyanın qarşısını ala bilməyib. Nəzarət altına alan ölkələrin hamısı yalnız müvafiq qaydalar, tədbirlər və cərimələr hesabına edə bilib. Virusun sürətlə yayıldığı bu zamanda, Novruz bayramında da virusu unutmamalı, qaydalara riayət edilməli, Bakı şəhərinə giriş-çıxışa məhdudiyyət qoyulmalıdır".

İnfeksionist Mərdan Əliyev isə deyib ki, yeni ştamm qonşu ölkədə - Türkiyədə var və Türkiyə ilə aramızda gediş-gəliş olduğu üçün bizə də gəlib:

"Bu virusun yoluxduruculuq qabiliyyəti digərilərinə nisbətən yüksəkdir. Çünki onun proteini mutasiyaya uğrayır və insan hüceyrəsinin reseptorlarına daha yaxşı yapışır. Britaniya ştammı daha çox insanı yoluxdura bilir. Lakin önləm alınarsa, qaydalara əməl olunarsa, virusa yoluxma az olar. Virus hər zaman çoxalıb, artan bir orqanizm olduğu üçün mutasiyaları meydana çıxır. Yəni Britaniya ştammından başqa, bir də baxacağıq ki, virusun yeni variantı ortaya çıxıb. Bu ştammlar böyük mutasiya deyil. Virusun növünü dəyişmir deyə, problem yoxdur. Yeni mutasiyaların meydana çıxması hər zaman mümkündür". 

Xəbər lenti