Xəzər Xəbər

İƏT-in Baş katibi İslam ölkələrində qadınların rolunu artırmağa çağırıb

Gündəm | 13:35 • 8 Mart 2021
İƏT-in Baş katibi İslam ölkələrində qadınların rolunu artırmağa çağırıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl-Osaymin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə yaydığı bəyanatında İslam ölkələrində qadınların rolunu artırmağa, onlara qarşı ayrı-seçkiliyi aradan qaldırmağa çağırıb.

Baş katib qeyd edib: “Qadınlara diqqət İƏT üçün prioritet istiqamətdir. Təşkilat hesab edir ki, cəmiyyətin hərtərəfli inkişafında qadınların fəal rolunun təmin edilməsi istiqamətində daha konkret tədbirlər həyata keçirilməlidir. Bu məqsədlə İƏT “Qadınların rəhbər vəzifələr tutması COVID-19 şəraitində bərabərliyin təminatıdır” şüarı altında kampaniya başladıb. Bu kontekstdə zərif cinsin nümayəndələrinin postpandemiya dövründə sosial-iqtisadi məsələlərin həllinə daha çox cəlb edilməsi böyük əhəmiyyət daşıyır”.

İslam ölkələrinin qadınlarını təbrik edən İƏT-in Baş katibi əlavə edib ki, qadınlar pandemiya dövründə səhiyyə, təhsil, sosial sahələrdə aparıcı rol oynayaraq, çevik və müdrik qərar qəbul etmə qabiliyyətlərini bir daha sübut ediblər. O vurğulayıb ki, təşkilata üzv ölkələrdə qadınların statusunu artırmaq, onlara qarşı ayrı-seçkiliyin, zorakılığın qarşısını almaq üçün konfranslar təşkil olunur, habelə müxtəlif sahələrdə böyük uğurlara imza atmış zərif cinsin nümayəndələri üçün mükafatlar təsis edilib.

Xəbər lenti