Xəzər Xəbər

Azərbaycanda hansı hərbçilərin maaşı artıb? AÇIQLAMA

Gündəm | 10:14 • 3 Mart 2021
Azərbaycanda hansı hərbçilərin maaşı artıb?

Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.

XəzərXəbər xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.

Vəzifə maaşlarına əlavələr nəzərdə tutulan hərbçilərlə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu ödənişlərin artıq həyata keçirilməsinə başlanılıb:

"Müharibədən sonrakı dövrdə, xüsusilə Qarabağ ərazisinin azad edilməsində iştirak edən və hazırda həmin ərazidə çətin coğrafi iqlim şəraitində, yüksək dağlıq mövqelərdə xidmət aparan, sosial məişət şəraiti şəhər şəraiti ilə eyni olmayan zabitlərin əməkhaqlarının qaldırılması nəzərdə tutulub. Bu ödənişlərin artıq həyata keçirilməsinə başlanılıb.

Yanvar-fevral ayları üçün hərbçilərimiz həm əvvəlki ayın kəsirlərini, həm də bu ayın əlavələrini artıq alıblar. Təbii ki, bu hal cəmiyyət tərəfindən çox müsbət qarşılanıb".

Xəbər lenti