Bakı 17 ℃
Xəzər Xəbər
USD 1.7

Prezident: Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq

Bunu Azərbaycan Prezidenti İlham Əliyev mətbuat konfransında deyib.
Gündəm | 92 | 15:39 • 26 Fevral 2021
Prezident: Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq

"Prinsip etibarı ilə 10 noyabr bəyanatından sonrakı müddətdən razıyam. Laçın, Kəlbəcər və Ağdamın bizə qayıtması mümkün oldu. Digər məsələlərlə bağlı müsbət addımlar atılır. Bəzi məsələlər isə təbii olaraq icra edilmir. Bunun üçün də zaman lazımdır. prinsipcə məsələ müsbət istiqamətdə gedir".

XəzərXəbər-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

"Mərkəzlərin fəaliyyət göstərməsi də bu istiqamətdə atılan önəmli addımdır. Əminəm ki, monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmlənməsinə töhfə verəcək. Azərbaycan Prezidenti olaraq deyə bilərəm ki, Azərbaycan tərəfindən hər hansı aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və buna ehtiyac yoxdur.

Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ icra edilmir. Rusiyanın sülhməramlı qüvvələri ərazimizə əcnəbilərin buraxılmasında ciddi addımlar atmır və bu bizi narahat edir. Bunu da Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər tənzimlənəcək.

Biz unutmamalıyıq ki, bölgədə və dünyada tam yeni durum yaranıb. Biz buna uyğunlaşmalıyıq. Hər bir ölkə buna öyrəşməlidir. Psixoloji problemlər də var. Bəzilərinin gözləntiləri həddindən artıq çoxdur. Ancaq hər şeyin öz vaxtı və yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik. 44 gün ərzində mümkün olmayanı gerçəyə çevirmişik. Bunu tək biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat aparıcı dünya ölkələrinin hərbi məktəblərində öyrədilir. Hesab edirəm ki, müharibə dövründə və sonra mümkün olan maksimum nəticəni əldə etdik. Həyat davam edir, yerində durmur və yeni məsələlər ortaya çıxır. Arzulara və hədəflərə çatmaq üçün nə etməliyik? Ümumi plan çərçivəsində addımlarımızı atacağıq və yeni nailiyyətlər də olacaq", - dövlət başçısı əlavə edib.

Çox oxunanlar

Bir həftə iş olmayacaq
308 | 17:16 • 19 Aprel 2021
Qubadlının Yuxarı Mollu kəndi video
1,044 | 11:28 • 24 Mart 2021