Xəzər Xəbər

Ceyhun Bayramov: İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər

Gündəm | 10:26 • 26 Fevral 2021
Ceyhun Bayramov: İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər

“Bu gün Ermənistanın Azərbaycana təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının ildönümünü yad edirik”.

Bunu bu gün Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Xarici işlər naziri deyib ki, bu etnik cinayətin üzərindən uzun illər keçməsinə baxmayaraq, yaralar hələ də tam sağalmır: “Burada soyqırımı aktının qəddarlıqla törədilməsi, kütləvi insan ölümünə səbəb olması ilə yanaşı, bu soyqırımı törədənlərin ədalət mühakiməsi qarşısında cavab verməməsi də əhəmiyyətli rol oynayır. İnsanları yalnız azərbaycanlı olduğu üçün öldürüblər. Dünyanın 17 ölkəsinin ali qanunvericilik orqanı, həmçinin ABŞ-ın 23 ştatında bu qətliam kəskin şəkildə pislənib, hərbi cinayət kimi səciyyələndirilib. 

Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Türk Şurası tərəfindən Xocalı soyqırımını kəskin pisləyən qətnamə və qərarlar qəbul edilib ”.

Bununla belə, C. Bayramov qeyd edib ki, beynəlxalq səviyyədə Xocalı soyqırımına hələ də tam şəkildə hüquqi, siyasi qiymət verilməyib. 

C.Bayramov əlavə edib ki, Ermənistan birinci Qarabağ müharibəsində olduğu kimi 44 günlük müharibə ərzində də eyni terror əməllərinə əl atdı: “Məqsəd kütləvi insan qırğınına gətirib çıxarmaq idi. Eyni terror taktikası tətbiq edildi, gecə zamanı gözlənilmədən hücumlar olundu. Ermənistan kasset bombalardan, raketlərdən, ağır texnikadan istifadə etməklə döyüş bölgəsindən uzaqda yaşayan günahsız insanları qətlə yetirdi. Bu onu göstərir ki, Ermənistanda rəhbərlikdə olan insanlar eyni terrorçu düşüncəyə malikdirlər".

Xarici işlər naziri deyib ki, üçtərəfli bəyanata Azərbaycan tərəfindən tam əməl olunsa da, Ermənistan terror taktikasını davam etdirdi. 

Xəbər lenti