Bakı 14 ℃
Xəzər Xəbər
USD 1.7

Ombudsman: "Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilir" Foto

Gündəm | 271 | 15:26 • 11 Dekabr 2020
Ombudsman: "Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərilir"


Ombudsman Səbinə Əliyeva videokonfrans vasitəsilə Türkiyədə təşkil olunmuş tədbirdə müharibə cinayətlərinə dair məruzə ilə çıxış edib. 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 10 dekabr-Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) təşkil etdiyi "Müharibə zamanı insan hüquqlarının pozulmasının qarşısının alınması və müharibə cinayətlərinə dair faktların toplanmasında insan hüquqları təsisatlarının rolu" mövzusunda onlayn konfransda məruzə ilə çıxış edib. TİHEK-in təşkil etdiyi tədbirdə Türkiyə Böyük Millət Məclisinin İnsan Hüquqları Araşdırma Komitəsinin rəhbəri, Türkiyənin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Ombudsmanı, beynəlxalq cinayət hüququ sahəsində araşdırmalar aparan hüquqşünas alimlər və hüquq müdafiəçiləri də iştirak ediblər.

Ombudsman Səbinə Əliyeva çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyip Erdoğanın iştirakı ilə keçirilmiş "Zəfər paradı” ilə eyni günə təsadüf edən konfransın əhəmiyyətini vurğulayaraq, müzakirə mövzusunun Azərbaycan üçün həssas olduğunu diqqətə çatdırıb, ölkəmizin haqq işində mənəvi dəstəyini heç zaman əsirgəməyən qardaş türk xalqına minnətdarlığını bildirib.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə etməklə Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində dinc əhali arasında çoxsaylı insan tələfatı baş verdiyi, sosial, mədəni, tarixi, dini obyektlərin dağıdıldığı diqqətə çatdırılıb.

Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə yönəlmiş müharibə cinayətləri törətməsini, qadağan olunan raketlərin əsasən əhalinin sıx məskunlaşdığı və cəbhə xəttindən uzaq olan ərazilərdə yaşayan uşaqlar, qadınlar və yaşlı insanları hədəf alması nəticəsində 100 mülki şəxsin həlak olduğu, 416 nəfərin isə yaralandığını bildirib. O, həmin ərazilərdə faktaraşdırıcı missiyaların keçirildiyini və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını sübut edən və faktlara əsaslanan hesabatların hazırlanaraq beynəlxalq təşkilatların diqqətinə çatdırıldığını, Ermənistana münasibətdə hüquqi məsuliyyət tədbirlərinin görülməsinə çağırış edildiyini vurğulayıb.

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti nəticəsində insan hüquqlarının pozulmasından bəhs edən Səbinə Əliyeva 30 illik işğalın təkcə maddi deyil, o cümlədən, sosial, psixoloji hətta ekoloji problemlər yaratdığını qeyd edib.

Ombudsman işğal olunan Azərbaycan ərazilərinə Suriya, Livan və digər ölkələrdən ermənilərin köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu, bununla bağlı kifayət qədər sübutların mövcud olduğunu bildirib.

S. Əliyeva çıxışında hazırda Ermənistanda saxlanılan azərbaycanlı əsirlərə qarşı Cenevrə Konvensiyalarının prinsiplərinə zidd münasibət göstərildiyini və bunun dayandırılmasını tələb edən danışıqların davam etdiyini, Ermənistandan fərqli olaraq Azərbaycanda hərbi əsirlərə qarşı humanist münasibət göstərildiyini, Ombudsman olaraq bu istiqamətdə həyata keçirdiyi fəaliyyəti diqqətə çatdırıb.

Konfrans canlı formada müzakirələrlə davam etdirilib, Azərbaycan Ombudsmanı Səbinə Əliyeva ona ünvanlanmış sualları cavablandırıb.

Sonda Azərbaycanın işğal olunmuş ərazilərində insan hüquqları pozuntularının və müharibə cinayətlərinin araşdırılması üzrə Azərbaycan Ombudsman institutu ilə birgə araşdırma komissiyası yaradılmasına qərar verilib.


Sevinc 

Çox oxunanlar

Bu gün hava necə olacaq?
48 | 09:05 • 13 Aprel 2021