Bu gün Azərbaycanın ümummilli lideri, mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsindən 49 il keçir.
1969-cu ilin yayında Azərbaycanın rəhbərliyinə siyasət aləmi üçün hələ
cavan, işgüzar, məqsədyönlü bir insan gəldi. Onun iradəli xarakterində,
iş üslubunda hər cür ətalətə, fəaliyyətsizliyə, köhnəliyə,
mühafizəkarlığa qarşı nadir hallarda təsadüf edilən dözümsüzlüklə
köhnəlmiş forma və strukturların yeniləşdirilməsində,
müasirləşdirilməsində işgüzar tutarlılıq, dəqiq qənaətkarlıq
keyfiyyətləri harmonik şəkildə uyuşurdu. Bu adam Heydər Əliyev idi. Bu çağacan o, Dövlət Təhlükəsizlik Komitəsində general rütbəsində başçılıq edən böyük, ciddi idarəçilik məktəbi keçmişdi.
Heydər Əliyevin
qarşısında, hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə
bilmədiyi misli görünməmiş vəzifələr dururdu: respublikanın
iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, üstəqəl onu qüdrətli dövlətin
xammal istehlakçılarından qabaqçıl, müasir texnika və texnologiya ilə
təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə
fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının
dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq,
Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və
təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə
əlaqəsini möhkəmləndirmək.
Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bütün bunlar və xeyli digər məsələlər müvəffəqiyyətlə həyata keçirildi. Heydər Əliyevin
nəhəng fəaliyyəti nəticəsində Azərbaycanın sənaye profili kökündən
dəyişdi, bütün infrastrukturu izah edildi, kənd təsərrüfatı
modernləşdirildi, respublikanın qədim paytaxtı intibah dövrü keçirdi. Bakıda, Sumqayıtda, Gəncədə, Naxçıvanda yeni ali məktəblər, muzeylər, teatrlar, kitabxanalar açıldı. Bakıda
milli hərbi kadrlar hazırlayan C.Naxçıvanski adına məktəb fəaliyyətə
başladı. Həmin illərdə respublikada dünya mədəniyyətinin Qara Qarayev və
Fikrət Əmirov, Niyazi və Səttar Bəhlulzadə, Rəsul Rza və Lətif Kərimov
kimi korifeyləri səmərəli fəaliyyət göstərirdilər.
Nəhəng
dövlətin xalqları Azərbaycanı özləri üçün yenidən kəşf edirdilər:
faşizmin darmadağın edilməsindəki görkəmli xidmətlərinə görə Bakı
ölkənin ən yüksək mükafatına layiq görülürdü. Simferopolda və Sembek
yüksəkliyində Böyük Vətən müharibəsi cəbhələrində qəhrəmancasına döyüşən
Azərbaycan diviziyalarının şərəfinə monumental abidələr ucaldıldı.
Heydər Əliyevin
sayəsində Stalin istibdadının qurbanları olan Mikayıl Müşviq, Hüseyn
Cavid kimi gökəmli şairlər və digər yaradıcı adamlar unutqanlıq
əsarətindən qurtuldu.
Azərbaycan neft-maşınqayırma, məişət
kondisionerləri, elektrik mühərrikləri, elektrotermik avadanlıq,
soyuducular, sintetik kauçuk, elektrik kabelləri, boru prokatı və başqa
məhsullar buraxılışı sahəsində sabiq SSRİ-də
qabaqcıl mövqelərə çıxdı. Respublikada sənayenin inkişafını
müəyyənləşdirən tamamilə yeni sahələr meydana gəldi: kompüterlər,
elektronika cihazları istehsal edən zavodlar. Azərbaycan ən böyük üzüm,
tezyetişən tərəvəz, çay, tütün istehsalçısı oldu. Xəzərin nadir balıq sərvətləri nəzərə çarpacaq dərəcədə artdı, vaxtilə istifadəsiz qalmış Abşeron təpələrinin yamaclarında təzə parklar və meşələr salındı.
Bütün
bunlarla yanaşı ictimai mühit sosialist itkili təfəkkür tərzindən
təmizləməyə, milli ruhu əsarətdən qurtarmağa, xalqın həyatının
mahiyyətini təşkil edən bütün elementlərin sağlamlaşdırılmasına
yönəldilmiş digər işlər də aparılırdı.
Minlərlə gənc təhsil almaq üçün ölkənin ən yaxşı məktəblərinə - Moskvaya, Leninqrada, Kiyevə,
Xarkova, Minskə, Voronejə göndərilirdi. Bu nəslin üzərinə Azərbaycan
Respublikasının daxil olacağı yeni dövrün problem və məsələlərini həll
etmək vəzifəsi düşürdü. Heydər Əliyevin bəyan etdiyi "Qoy ədalət zəfər çalsın” şüarı həmin günlərin mənəvi-psixoloji mühitini müəyyənləşdirirdi. SSRİ-də
ilk dəfə məhz Azərbaycanda korrupsiyaya, mafiyaya, tayfabazlığa qarşı
genişmiqyaslı müharibə elan edilmişdi. Bütün bunlar həyat tərzini,
standart əxlaq, davranış qaydalarını, ünsiyyət, qarşılıqlı
münasibətlərin keyfiyyətini son dərəcə dəyişdirdi. 70-80-ci illər
Azərbaycan tarixində hərtərəfli, köklü yeniləşdirmə dövrü, dinamiklik,
işgüzarlıq, düzlük, doğruluq, xalqın ideallarına sədaqət kimi
keyfiyyətlərin formalaşma dövrüdür. Liderin taleyi və xarakteri sanki
millətin taleyi və xarakterinə də sirayət etmişdi.