XəzərXəbər Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər
Akademiyasının akademiki Ramiz Mehdiyevin məqaləsini təqdim edir:
"İnsanların
həyat şəraitini yaxşılaşdırmaq qarşıda duran ən böyük vəzifədir. Bunu
etmək üçün bizim hər cür imkanımız və yetərincə möhkəm iradəmiz var.
Əminəm
ki, Azərbaycan iqtisadi cəhətdən güclü ölkəyə çevriləcək və digər
ölkələrə nümunə olacaqdır. Mən Azərbaycanı belə görmək istəyirəm”1.
İlham Əliyev
Hər
bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı
təməl üzərində qurulmasından asılıdır. Bu gün ölkəmizin regionda əsas
iqtisadi güc mərkəzinə çevrilməsi müasir Azərbaycanın qurucusu,
ümummilli lider Heydər Əliyevin
fəaliyyəti, xüsusilə də onun dövlət quruculuğu və iqtisadi islahatların
həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində
mümkün olmuşdur.
Azərbaycanda müstəqil dövlətçiliyin qorunması
ənənəsinin yaradılması Ulu Öndərin, dövlətimizin modernləşməsi və daha
da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə,
məqsəd və vəzifələri, orta və uzunmüddətli dövr üçün inkişaf
istiqamətlərini dəqiq müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə
fəaliyyət proqramlarını hazırlamadan ölkənin sosial-iqtisadi həyatında
əsaslı dönüşə nail olmaq mümkün deyil. Ötən 15 il ərzində Prezident İlham Əliyev Ulu Öndərin qurduğu təməl üzərində Azərbaycanın bir dövlət kimi dayaqlarını möhkəmləndirdi.
Dövlət
başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti
ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə
sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri
yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan
vermişdir.
Azərbaycanın sosial-iqtisadi inkişafının əsas istiqamətləri İlham Əliyevin 2003-2018-ci illərdə imzaladığı çoxsaylı fərman və sərəncamlarda, dövlət proqramlarında öz əksini tapmışdır.
Son 15 ildə Prezident İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət aldı.
Azərbaycan regionun ən perspektivli ölkəsinə çevrildi. Hər bir
Azərbaycan vətəndaşı ölkəmizin iqtisadi gücü və qüdrətinin ilbəil
artmasının şahidi oldu, iqtisadi inkişafın nəticələrini özünün həyat
səviyyəsinin yüksəlməsində hiss etdi.
x x x
HEYDƏR ƏLİYEV İQTİSADİ STRATEGİYASININ DÖNMƏZLİYİ
Hər
bir xalqın, millətin xoşbəxtliyi, ilk növbədə, onun müstəqil və güclü
dövlətə malik olması ilə müəyyən edilir. Dövlət müstəqilliyi hər şeydən
əvvəl onu qazanmış xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir
şansdır. Belə bir tarixi şansdan faydalanan və ondan səmərəli istifadə
edən xalqlar həm milli inkişafa nail olur, həm də sahib olduqları
dövlətin dayaqlarını möhkəmləndirə bilirlər.
Azərbaycanın müasir tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin
adı ilə bağlıdır. Heç şübhəsiz, dövlət müstəqilliyinin qorunub
saxlanılması onun qazanılmasından qat-qat çətindir. Bunu müstəqil
Azərbaycanın keçdiyi inkişaf yolu da bir daha təsdiq edir. Bu müddət
ərzində dövlətimizə və onun müstəqilliyinə qarşı qəsdlər olsa da,
onların qarşısı qətiyyətlə alınmışdır.
Dövlət müstəqilliyi və
siyasi azadlıq milli iqtisadiyyatın inkişafına şərait yaratdığı kimi,
milli iqtisadiyyatın inkişafı və güclənməsi də dövlət müstəqilliyinin
dayaqlarını daha da möhkəmləndirir. Əgər Azərbaycan öz dövlət
müstəqilliyini qoruyub saxlaya bilməsəydi, nə neft strategiyasını, nə də
təşəbbüskarı olduğumuz digər strateji və transmilli layihələri həyata
keçirə bilərdik. Dövlət müstəqilliyinin gücləndirilməsi
iqtisadiyyatımızın milli maraqlara uyğun inkişaf etdirilməsinə şərait
yaratmışdır.
Azərbaycanın təkcə dövlətçilik deyil, həm də iqtisadi inkişaf tarixinin ən parlaq və şərəfli dövrü Heydər Əliyevin
adı ilə bağlıdır. Həmin dövrün siyasi və iqtisadi aspektlərinin
öyrənilməsi hər zaman öz aktuallığını saxlayır. Bu, gələcək
inkişafımızın əsas istiqamətlərini müəyyən etmək və bir daha
dəqiqləşdirmək baxımından zəruridir. Heydər Əliyevin
"İqtisadiyyatı qüdrətli olan dövlət hər şeyə qadirdir” fikri bir daha
təsdiq edir ki, Ümummilli Lider milli iqtisadiyyatımızın inkişafına
dövlət quruculuğunun mühüm tərkib hissəsi kimi hər zaman böyük önəm
vermişdir.
Keçmiş İttifaq daxilində Azərbaycan iqtisadiyyatı
vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus
inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir.
Hələ
Sovet İttifaqı dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə
iqtisadi cəhətdən hazır olan iki respublikadan biri kimi, məhz
Azərbaycanı qeyd edirdilər. Çıxarılan belə bir nəticə ölkəmizin təkcə
təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın
inkişaf perspektivlərinə əsaslanırdı. Belə ki, keçmiş Sovet İttifaqı
dövründə Azərbaycanın büdcə gəlirləri xərclərindən bir qayda olaraq çox
olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli
gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.
Keçmiş
İttifaqın tərkibində olan "müttəfiq” respublikalardan biri kimi, mövcud
maneələrə, müstəqil iqtisadi siyasət yürütmək imkanlarının məhdud
olmasına baxmayaraq, Azərbaycan Heydər Əliyevin
rəhbərliyi ilə öz iqtisadi potensialını, milli iqtisadi maraqlarını
reallaşdıra bilmişdir. Respublikamız iqtisadiyyatın bütün sahələrində
güclü iqtisadi və kadr potensialı yaratmağa nail olmuşdur. Bir çox
məhsulların istehsalına görə Azərbaycan keçmiş SSRİ-də
qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye
müəssisələrinin açılması, maşın və avadanlıqların alınması digər
respublikalara nisbətən Azərbaycanda əsas fondların daha sürətlə
artmasına səbəb olmuşdur.
Heydər Əliyev
1993-cü ildən – müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən
müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə
qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi.
Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan
qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və
iqtisadiyyatın liberallaşdırılmasından başlayır.
1994-cü ildə isə "Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin
müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya
çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft
Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə,
dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə
yönəldilmişdir.
Milli iqtisadiyyatımızın inkişafı üçün strateji
və siyasi xarakterli mühüm addımlardan biri 1995-ci il noyabrın 12-də
müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi
oldu. Yeni Konstitusiya dövlət idarəçiliyinin formasını, vətəndaşların
və dövlətin hüquq və vəzifələrini müəyyən etməklə yanaşı, həm də
iqtisadi sistemin əsaslarını, dövlətin iqtisadi strategiyasının başlıca
prinsiplərini də özündə əks etdirmişdir.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsi ulu öndər Heydər Əliyevin
dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində
atdığı strateji addımların nəticəsində mümkün olmuşdur. Xüsusilə də
1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli
iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol
oynamışdır.
Xatırladaq ki, 1990-1995-ci illərdə ÜDM-in həcmi hər
il orta hesabla 15 faiz azalırdı. İqtisadi artım tempinin aşağı düşməsi
inflyasiya ilə müşayiət edildiyinə görə ölkədə 1990-cı illərin
əvvəllərində staqflyasiya müşahidə edilirdi. Azərbaycanda 1991-ci ildən
başlayan iqtisadi tənəzzülün qarşısı yalnız makroiqtisadi sabitləşdirmə
proqramlarının həyata keçirilməsindən sonra – 1996-cı ildə alındı.
1990-cı
illərin əvvəllərində ölkədə qiymət artımı hiperinflyasiya həddinə
çatmışdır. Belə ki, inflyasiyanın səviyyəsi 1992-ci ildə 1174 faiz,
1993-cü ildə 1081 faiz təşkil etmişdir. Yalnız Heydər Əliyevin
imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri
haqqında” 1994-cü il 15 iyun tarixli Fərmanın icrasından sonra
inflyasiyanı 1995-ci ildə 85 faizə, 1996-cı ildə isə 2,5 faizə endirmək
mümkün olmuşdur. Sərt pul-kredit və maliyyə siyasətinin həyata
keçirilməsini nəzərdə tutan bu Fərmanla ölkədə ardıcıl antiinflyasiya
tədbirlərinə başlanıldı. Artıq 1996-cı ildən etibarən inflyasiya
tədricən azalaraq 2002-ci ildə 2,8 faizə enmişdir.
1990-cı
illərin əvvəllərində inflyasiya tempinin əməkhaqqının artım tempini
əhəmiyyətli dərəcədə qabaqlaması əhalinin alıcılıq qabiliyyətini kəskin
şəkildə aşağı salırdı. Əhalinin sosial müdafiəsi hər şeydən əvvəl
maliyyə sabitliyinin təmin olunmasını tələb edirdi. Yüksək inflyasiya
şəraitində isə həyat səviyyəsini nəinki yüksəltmək, hətta qoruyub
saxlamaq mümkün deyildi. Yalnız 1996-cı ildən etibarən inflyasiyanın
cilovlanması əhalinin həyat səviyyəsinin pisləşməsinin qarşısını aldı.
Heydər Əliyevin
milli iqtisadiyyatımızın inkişafı üçün əsas xidmətləri bir tərəfdən
ictimai-siyasi sabitliyin təmin edilməsindən, digər tərəfdən də iqtisadi
islahatların aparılmasına ardıcıl siyasi dəstəyin verilməsindən ibarət
olmuşdur. Belə bir siyasi impuls olmadan iqtisadi quruculuq sahəsində
böyük uğurlar əldə etmək mümkün olmazdı.
İqtisadi islahatların
həyata keçirilməsi üçün münbit şəraitin yaradılması, milli
iqtisadiyyatımızın bazar münasibətləri əsasında inkişafına konstitusion
təminatın verilməsi, neft müqavilələrinin imzalanması, xarici
investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi, ölkəmizin
beynəlxalq əhəmiyyətli strateji-iqtisadi layihələrə qoşulması, dünyanın
qabaqcıl dövlətləri ilə iqtisadi əməkdaşlığın dərinləşdirilməsi
Ümummilli Liderin fəaliyyəti, onun bu sahədə atdığı strateji addımların
nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin
söylədiyi bir fikri xatırlatmaq istərdim: "Beş ildən sonra Azərbaycan
dünyəvi dövlət, daha yüksək sürətlə inkişaf edən, kifayət qədər güclü
iqtisadiyyata və yaxşı həyat səviyyəsinə malik respublika olacaqdır. Bu,
həddən çox "əgər”lərdən asılıdır…”2. Bəli! Ümummilli Liderin qətiyyətlə
söylədiyi nikbin fikirlər artıq özünü doğrultmaqdadır. Fikrimizcə, bu
şərtlərdən ən əsası bazar "relsləri” üzərinə keçirilmiş Azərbaycan
iqtisadiyyatının inkişaf sürətinin artırılması, ölkənin mövcud iqtisadi
potensialından daha səmərəli istifadə edilməsidir.
Konkret
strategiya olmadan nə iqtisadi transformasiyanı, nə də milli
iqtisadiyyatın formalaşdırılması prosesini uğurla həyata keçirmək
mümkündür. Strategiya sosial-iqtisadi inkişafın əsas oriyentirlərini
müəyyən edir. Genişmiqyaslı islahatlar aparmadan, ölkə iqtisadiyyatının
ayrı-ayrı sahələrində köklü dəyişikliklər etmədən müəyyən edilmiş
iqtisadi strategiyanın reallaşdırılmasına nail ola bilməzdik. Dünya
ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi islahatları yalnız güclü
siyasi iradəyə və qətiyyətli mövqeyə malik olan dövlətlər uğurla həyata
keçirə bilir. Bu baxımdan Azərbaycanın siyasi rəhbərliyinin qəbul etdiyi
radikal qərarlar islahatların dönməzliyinin təmin edilməsində həlledici
rol oynamışdır.
Siyasi dəstək olmadan yeni iqtisadi
münasibətlərin təşəkkül tapması qeyri-mümkündür. Bu baxımdan
iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın inkişaf
etdirilməsinə Heydər Əliyevin
ardıcıl siyasi və ideoloji dəstəyi iqtisadi yeniləşmə prosesinin
dönməzliyini təmin etmişdir. Belə ki, Ulu Öndərin təşəbbüsü ilə yeni
iqtisadi sistemin formalaşdırılması üçün bir sıra fərman və sərəncamlar
imzalanmış, mühüm dövlət proqramları qəbul edilmişdir. Ölkədə
sahibkarlığın dəstəklənməsi özəl sektorun güclənməsi üçün geniş
perspektivlər açmışdır. 1990-cı illərin ortalarından etibarən həyata
keçirilən özəlləşdirmə proqramı özəl sektorun təşəkkülü prosesinə zəmin
yaratmışdır.
Ulu Öndərin imzaladığı "Azərbaycan Respublikasında
kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci
illər)”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət
himayəsi sahəsində əlavə tədbirlər haqqında” 2002-ci il 10 sentyabr
tarixli, "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının
alınması haqqında” 2002-ci il 28 sentyabr tarixli fərmanlar özəl
sektorun inkişafında mövcud olan problemlərin kompleks və sistemli
həllini, sahibkarlığın sürətli inkişafı üçün əlverişli iqtisadi və
institusional mühitin yaradılmasını, müxtəlif dövlət orqanlarının
nəzarət funksiyalarının məhdudlaşdırılmasını nəzərdə tuturdu.
Azərbaycanda
iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun
təkmilləşdirilməsinə, islahatların kadr təminatı ilə bağlı problemlərin
həllinə Ümummilli Lider xüsusi diqqət yetirirdi. Onun tərəfindən
"Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar
aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında” 1998-ci il
29 dekabr tarixli Fərmanın imzalanması institusional islahatların
konseptual əsaslarının hazırlanması və bu prosesin geniş miqyasda həyata
keçirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etmişdir.
Müasir
dövrün tələblərinə cavab verən dövlət qulluğu sisteminin
formalaşdırılması istiqamətində də mühüm addımlar atılmışdır. Belə ki,
"Dövlət qulluğu haqqında” Qanun qəbul edilmiş, dövlət orqanlarında
müsabiqə yolu ilə işə qəbul prosesinə başlanılmış, Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya yaradılmışdır.
Ulu Öndər Azərbaycanın
iqtisadi inkişaf tarixinə həm də radikal torpaq islahatlarının müəllifi
kimi imzasını atdı. 1996-cı ildə qəbul edilmiş "Torpaq islahatı
haqqında” Qanuna əsasən, MDB
məkanında ilk dəfə olaraq, torpaq üzərində xüsusi mülkiyyətçiliyin
əsası qoyuldu. Bu, torpaq bazarının və kənddə yeni iqtisadi
münasibətlərin formalaşması üçün hüquqi baza yaratdı.
Heydər Əliyev
aqrar islahatların gedişi və onun perspektivləri barədə çox aydın
strateji baxışlara malik idi. Ümummilli Lider qeyd edirdi: "Aqrar
bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib
istənilən nəticəyə nail ola bilmərik... İslahatların əsasını mülkiyyət
formasının dəyişdirilməsi təşkil edir... Gərək kəndli torpağın sahibi
olsun və bilsin ki, bütün bunlar onundur və istədiyi kimi istifadə edə
bilər... İslahatlar xalqımızın ümumi rifahının qaldırılması üçün həyata
keçirilməlidir. Əks təqdirdə, islahatlar səmərəsiz ola bilər... Bu
islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz,
eyni zamanda, islahat şüarları altında aqrar bölmədə əldə olan
potensialımızın dağılmasına da yol vermək olmaz”3.
Həyata
keçirilmiş aqrar islahatların nəticəsidir ki, hazırda kənd təsərrüfatı
istehsalının 99 faizi özəl bölməyə əsaslanır. Bu isə aqrar sektorun
inkişafına müsbət təsir göstərən həlledici amildir. 1992-1995-ci illərdə
kənd təsərrüfatında istehsal həcmi ildə orta hesabla 12 faiz, təkcə
1992-ci ildə isə 23,8 faiz aşağı düşmüşdür. Aqrar sahədə tənəzzülün
qarşısı yalnız 1998-ci ildən alınmış və həmin dövrdən başlayaraq,
istehsal artan dinamika ilə davam etmişdir.
1999-cu ildən
etibarən kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi
istisna olmaqla, bütün vergilərdən azad olunmuşdur. Həmin güzəştlər
davamlı olaraq bu günə kimi tətbiq edilməkdədir.
İqtisadi
islahatların həyata keçirilməsi sahəsində beynəlxalq maliyyə
təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri qurulmuşdur. Azərbaycan
Respublikası Dünya Bankına və Beynəlxalq Valyuta Fonduna (BVF) üzv
dövlət kimi 1992-ci ildə qəbul edilsə də, həmin təşkilatlarla intensiv
əməkdaşlığa, birgə hazırlanmış iqtisadi proqramların və layihələrin
həyata keçirilməsinə, kredit tranşlarının açılmasına əsasən 1995-ci
ildən başlanılmışdır. Bu, hər şeydən əvvəl onunla izah olunur ki, həmin
dövrədək ölkəmizdə siyasi vəziyyətin qeyri-sabitliyi şəraitində
beynəlxalq maliyyə təşkilatları Azərbaycanla fəal əməkdaşlığa meyil
etmir və kreditlərin ayrılmasında gözləmə mövqeyi tuturdular. Birgə
iqtisadi proqram və layihələrin həyata keçirilməsinə ictimai-siyasi
vəziyyətin sabitləşdirilməsindən sonra başlanılmışdır.
Heydər Əliyev iqtisadi strategiyası hələ uzunmüddətli dövr üçün Azərbaycanda əsas götürüləcək. Prezident İlham Əliyev
2003-cü ildə seçkiqabağı çıxışlarında Ulu Öndərin müəyyən etdiyi ümumi
iqtisadi kursun davam etdiriləcəyini bəyan etmişdir. Çünki bu kurs dünya
sivilizasiyasının qəbul etdiyi bazar iqtisadiyyatı prinsiplərinə, azad
sahibkarlığa, beynəlxalq iqtisadi əməkdaşlığın dərinləşməsinə,
sosialyönümlü iqtisadi siyasətin həyata keçirilməsinə əsaslanır.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
kimi səlahiyyətlərinin icrasına yenicə başladığı dövrdə jurnalistlərə
verdiyi ilk müsahibəsində bildirmişdir: "Artıq Azərbaycanda ölkəmizi
inkişaf etdirmək üçün gözəl zəmin yaranıbdır. On il ərzində Heydər Əliyevin
siyasəti Azərbaycanda çox güclü bir təməl qoyubdur. Bu təməlin üzərində
gözəl binanın inşa edilməsi asan görünə bilər. Amma, eyni zamanda,
həyat yerində durmur. Qarşımıza yeni tələblər, yeni vəzifələr çıxır”4.
Bu
gün islahatların gedişi prosesində yeni iqtisadi şəraitin reallıqları
nəzərə alınır, iqtisadi siyasətin ayrı-ayrı istiqamətləri müasir dövrün
tələblərinə uyğunlaşdırılır və daha da təkmilləşdirilir.
PREZİDENT İLHAM ƏLİYEVİN HÖKUMƏTİN İQTİSADİ BLOKUNA İLK TAPŞIRIQLARI
"Bütün planlarımızın həyata keçirilməsi üçün başlıca şərt iqtisadi potensialdır”5. Bu, Prezident İlham Əliyevin
səsləndirdiyi əsas tezislərdən biridir. Təsadüfi deyildir ki, hazırda
Azərbaycanda dövlət idarəçiliyi əsas etibarilə "güclü iqtisadiyyat-güclü
dövlət” prinsipinə əsaslanır. İqtisadi diplomatiyanın imkanlarından
maksimum istifadə edilməsi də bu prinsipin reallaşdırılmasına xidmət
edir.
Hələ 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdə İlham Əliyev
ölkəmizin inkişaf prioritetlərini müəyyən edən "Azərbaycan
Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri
haqqında” Fərman imzaladı, az sonra davamlı və tarazlı inkişafın təmin
edilməsinə yönəldilmiş "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı (2004-2008-ci illər)
təsdiq etdi.
Prezident İlham Əliyev
neft gəlirlərinin artdığı bir vaxtda makroiqtisadi sabitlik üçün
müəyyən təhlükələrin, o cümlədən inflyasiya potensialının yarana
biləcəyini nəzərə alaraq, "Azərbaycan Respublikasında antiinflyasiya
tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli Fərman
imzalamışdır. Milli iqtisadiyyatımızın neft bumu mərhələsinə
hazırlığını təmin edən bu Fərmanda dövlət büdcəsi xərclərinə nəzarətin
gücləndirilməsi, neft ixracından əldə ediləcək vəsaitlərin səmərəli
idarə olunması və istifadəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
Davamlı
inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə
edilməsindən asılıdır. Bu baxımdan 2004-cü ildə "Neft və qaz
gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nın (2005-2025)
dövlət başçısı tərəfindən təsdiqi xüsusi olaraq qeyd edilməlidir.
Azərbaycanda neft və qaz gəlirlərinin kəskin artması şəraitində
makroiqtisadi sabitliyin qorunması, gəlirlərin bir hissəsinin gələcək
nəsillər üçün saxlanması, onlardan əhalinin rifahının yüksəldilməsi üçün
istifadə edilməsi, qeyri-neft sektorunun inkişafının stimullaşdırılması
neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın
qəbul edilməsini zərurətə çevirmişdir. Bu strategiya neft və qaz
gəlirlərindən istifadənin əsas prinsiplərini və ortamüddətli xərclər
siyasətini müəyyənləşdirdi.
Prezident İlham Əliyev
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi
tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə hökumətin
iqtisadi blokuna ilk tapşırıqlarını vermişdir. Ölkəmizin
sosial-iqtisadi həyatının ən aktual problemlərini özündə əks etdirən bu
Fərmanı dövlət başçısının iqtisadi komandaya ilk tapşırıqlarının məcmusu
kimi qiymətləndirmək olar.
Şərti olaraq, Fərmanda əks olunan
məsələləri məzmun və xarakterinə görə 5 əsas blok üzrə - institusional,
sosial, sənaye, sahibkarlığın inkişafı və bazar mühitinin
yaxşılaşdırılması və dövlət maliyyə sisteminin təkmilləşdirilməsi
istiqamətləri üzrə qruplaşdırmaq olar.
İnstitusional blok qəbul
edilmiş dövlət proqramlarının icra vəziyyətinin araşdırılması,
iqtisadiyyatın idarə edilməsində islahatların başa çatdırılması,
vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmasının təmin
edilməsi, mərkəzi icra hakimiyyəti orqanlarında intizamın
gücləndirilməsi, beynəlxalq və regional iqtisadi qurumlarla əməkdaşlığın
dərinləşdirilməsi, bank sistemində və kommunal sektorda islahatların
aparılması kimi məsələləri əhatə edirdi.
Sosial bloka işsizliyin
azaldılması, qaçqın və köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması,
regionların sosial-iqtisadi inkişafı, əməkhaqqı sisteminin
təkmilləşdirilməsi, pensiya sistemində və sosial sahədə islahatların
sürətləndirilməsi və məşğulluğun təmin edilməsi məsələləri daxil
edilmişdir.
Sənaye bloku qeyri-neft sektorunun inkişaf
etdirilməsi, bu sektora investisiyaların cəlb olunmasının
stimullaşdırılması, yeni emal müəssisələrinin yaradılması, ixracın
stimullaşdırılması və alternativ enerji mənbələrindən istifadə edilməsi
məsələlərini nəzərdə tuturdu.
Sahibkarlığın inkişafı və bazar
mühitinin yaxşılaşdırılması bloku özəl sektorun inkişafı ilə bağlı
qərarların icrasının təmin edilməsi, dövlət müəssisələrinin
özəlləşdirilməsinin və idarəetməyə verilməsinin sürətləndirilməsi,
inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və haqsız rəqabətin
qarşısının alınması, kreditlər üçün girov təminatının
təkmilləşdirilməsi, aqrar sektorda islahatların ikinci mərhələsinin
başlanılması ilə bağlı tapşırıqları əhatə edirdi.
Dövlət maliyyə
sisteminin təkmilləşdirilməsi bloku dövlət büdcəsi xərclərinin
strukturunun təkmilləşdirilməsi, dövlət büdcəsi vəsaitlərindən təyinatı
üzrə səmərəli istifadə edilməsi, dövlət satınalmalarına nəzarətin
gücləndirilməsi, büdcə sisteminin təkmilləşdirilməsi, dövlət
müəssisələrində maliyyə intizamının möhkəmləndirilməsi və ödəməmələr
probleminin aradan qaldırılması ilə bağlı tapşırıqları ehtiva edirdi.
Sistemli
və kompleks xarakter daşıyan bu Fərman biri digərinin reallaşmasına
şərait yaradan istiqamətləri özündə birləşdirmişdir. Məsələn,
inhisarçılığı aradan qaldırmadan sahibkarlığı inkişaf etdirmək,
idarəetmə sistemini yeniləşdirmədən iqtisadi islahatları sürətləndirmək,
qeyri-neft sektorunun və regionların inkişafını təmin etmədən işsizlik
problemini həll etmək mümkün deyildir.
Adından da göründüyü kimi
Fərman sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirlərini əhatə
edir. Doğrudur, 2000-ci illərin ortalarında Azərbaycan iqtisadiyyatı
artıq inkişaf "relsləri” üzərinə keçirilsə də, iqtisadi proseslərə
impuls, dinamizm verməyə ehtiyac var idi. Bu baxımdan Prezident İlham Əliyevin
ilk iqtisadi Fərmanı inkişafın sürətləndirilməsinə yönəldilmişdir. Ulu
Öndər də 1994-cü ildə "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və
maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” ilk
genişmiqyaslı Fərman imzalamışdır. Məhz həmin Fərmanla makroiqtisadi
sabitliyin əsası qoyulmuşdur.
Prezident İlham Əliyevin
ölkənin iqtisadi həyatında reallaşdırdığı mühüm təşəbbüslərdən biri
denominasiya ilə bağlı olmuşdur. Ölkədə pul dövriyyəsini daha da
yaxşılaşdırmaq, məzənnə və qiymətlər miqyasını optimallaşdırmaq, uçot və
hesablaşma sistemini sadələşdirmək məqsədi ilə 2005-ci ildə "Azərbaycan
Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər
miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Azərbaycan
Respublikası Prezidentinin
Fərmanı imzalandı. 2006-cı il yanvarın 1-dən milli valyutanın - manatın
denominasiyası həyata keçirildi. 1 yeni manat 5000 köhnə manata bərabər
tutuldu. Denominasiyanın həyata keçirilməsi ölkəmizdə makroiqtisadi
sabitliyi bir daha təsdiq etdi.
Dövlət müstəqilliyinin bərpa
edilməsindən sonra keçmiş Sovet İttifaqından miras qalmış problemlərdən
biri 1990-cı illərin əvvəllərində yüksək inflyasiya səbəbindən
vətəndaşlarımızın keçmiş SSRİ
Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətlərinin
kəskin şəkildə ucuzlaşması olmuşdur. Bu əmanətlər Azərbaycan dövləti
tərəfindən bir neçə dəfə indeksləşdirilmiş və onlara görə
kompensasiyalar verilmiş (1993-1997-ci illərdə), əmanətçilərin bir qismi
qeyd olunan kompensasiyanı almış, böyük bir hissəsi əmanətləri və
onlara görə verilən kompensasiyaları almaq hüquqlarından istifadə
etməmiş və keçən müddət ərzində həmin əmanətlərin dəyəri xeyli
azalmışdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti
2012-ci ildə həmin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi
barədə Fərman imzalamışdır. Belə bir qərarın qəbul edilməsi Azərbaycanda
iqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə uzlaşdırıldığını
açıq-aydın nümayiş etdirir.
Ümumiyyətlə, məqsəd və vəzifələri,
orta və uzunmüddətli dövr üçün inkişaf istiqamətlərini dəqiq
müəyyənləşdirmədən, müxtəlif sahələr üzrə fəaliyyət proqramlarını
hazırlamadan həyata keçirilən hər hansı bir tədbir ölkənin
sosial-iqtisadi həyatında əsaslı dönüş yarada bilməz. 2003-2017-ci illər
ərzində Prezident İlham Əliyevin
məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin
siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli
və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə
yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan
vermişdir.
AZƏRBAYCAN İQTİSADİYYATI YENİ İNKİŞAF MƏRHƏLƏSİNDƏ
Son
15 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə
edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə
olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və
qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması,
dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata
keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi,
islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının
ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin
etmişdir. Bu müddət ərzində Azərbaycan vətəndaşları ölkəmizin iqtisadi
gücü və qüdrətinin getdikcə artmasının şahidi olmaqda və iqtisadi sahədə
müşahidə edilən mütərəqqi dəyişiklikləri özünün həyat səviyyəsində,
rifahında hiss etməkdədirlər.
Hazırda islahatların texnologiyası
da təkmilləşməkdədir. İqtisadi siyasətdə çevikliyin təmin edilməsi,
struktur dəyişiklikləri ilə institusional islahatların paralel
aparılması, konkret hədəflərə və maliyyə mənbəyinə əsaslanan proqramlı
idarəetmə bunu bir daha təsdiq edir. Son 15 ildə 201 proqram xarakterli
sənəd, o cümlədən 12 Konsepsiya, 12 Milli Strategiya, 12 Strateji Yol
Xəritəsi, 94 Dövlət Proqramı, 10 Milli Fəaliyyət Planı, 23 Tədbirlər
Planı, 21 Tədbirlər Proqramı, 17 Milli Plan və proqramlar qəbul
edilmişdir.
Hazırda qeyri-neft sektorunda müşahidə edilən davamlı
artım meyilləri, valyuta ehtiyatlarımızın həcmi və onunla müqayisədə
xarici dövlət borcunun minimal səviyyəsi, mühüm nəqliyyat-enerji
layihələrinin reallaşdırılması ölkəmizin milli və iqtisadi
təhlükəsizliyi üçün möhkəm əsaslar yaradır. Strateji əhəmiyyətə malik bu
cür genişmiqyaslı işlər milli və iqtisadi maraqlarımızın qorunması,
iqtisadi diplomatiyanın imkanlarından məharətlə istifadə edilməsi,
iqtisadiyyat və siyasətin bir-biri ilə uğurlu bir şəkildə uzlaşdırılması
ilə tamamlanır.
Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi Prezident İlham Əliyevin
müəyyən etdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Belə ki,
dövlət başçısı ölkəmizdə sənayeləşmənin sürətləndirilməsi, qeyri-neft
sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ
istehsalın təşkili, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli
sənaye istehsalının genişləndirilməsi məqsədi ilə "Azərbaycan
Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət
Proqramı”nı təsdiq etmiş, 2014-cü ili "Sənaye İli” elan etmişdir.
Sənaye
parkları və məhəllələri mövcud potensialın gücləndirilməsi və yeni
istehsal sahələrinin yaradılması, sənayedə struktur dəyişikliyi
baxımından yeni yanaşmadır. Odur ki, son dövrlərdə ölkədə bu cür
təsisatların yaradılması istiqamətində xeyli iş görülmüşdür.
Kimya sənayesinin inkişaf etdirilməsi məqsədi ilə 2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına qərar verilmişdir.
Ölkə
başçısının iştirakı ilə 2017-ci ildə Balaxanı Sənaye Parkının açılış
mərasimi keçirilmişdir. Sənaye Parkının Balaxanı poliqonuna və
tullantıların yandırılması zavoduna, o cümlədən əsas nəqliyyat qovşağına
yaxınlığı xammal və enerji təchizatı, əldə edilmiş xam material və ya
istehsal edilmiş məhsulun asanlıqla satış bazarına çıxmasına şərait
yaradır.
2016-cı ildə təməli qoyulmuş Mingəçevir Sənaye Parkında
isə yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş,
corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması
nəzərdə tutulur. Pambıqçılığın sürətlə inkişafı qabaqcıl
texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilini
tələb edir. Mingəçevir Sənaye Parkının ərazisində yaradılmış "Mingəçevir
Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı
müəssisəsi - "Ring” üsulu ilə istehsal edilən pambıq-poliester fabriki
və "Open End” üsulu ilə iplik istehsal edən fabrik belə
müəssisələrdəndir. Prezident İlham Əliyev 2018-ci ilin fevral ayında hər iki fabrikin açılışında iştirak etmişdir.
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə yaradılan bu
cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin
inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz
xammalla təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır
məhsul kimi ixracına imkan verəcəkdir.
Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı
gəmiqayırma zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə
qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı
gəmilərin istehsalı həyata keçirilir.
Əczaçılıq məhsullarının
istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında artıq təməli
qoyulmuş dərman zavodlarının tikintisi istiqamətində müvafiq tədbirlər
görülür. Ölkəmiz üçün yeni sahə olan əczaçılıq sənayesinin yaradılması
məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla yanaşı, həm də
yerli istehsal hesabına əhalini keyfiyyətli əczaçılıq məhsulları ilə
təmin edəcək, idxaldan asılılığı azaldacaq və ixrac potensialını
yüksəldəcəkdir.
2017-ci ildə isə Prezident İlham Əliyev ölkədə ilk dəfə yaradılmış Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak etmişdir. Hazırda Neftçala
Sənaye Məhəlləsində avtomobil, balıq yemi, plastik məmulatlar, suvarma
sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır
içkilər istehsalı, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9
müəssisə rezident kimi qeydiyyata alınmışdır.
2016-cı ildə yaradılmış Masallı
Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən mebel, tikinti
materialları, plastik tara, süfrə suyu, qida məhsulları, xalça istehsalı
və kənd təsərrüfatı məhsullarının emalı sahələrini əhatə edir.
Bundan başqa, 2017-ci ildə Hacıqabul və Sabirabad Sənaye məhəllələrinin yaradılmasına başlanılmışdır. Hacıqabul
Sənaye Məhəlləsində fəaliyyət göstərəcək rezidentlərin ağır
maşınqayırma, xüsusi vaqonqayırma, avtomobil ehtiyat hissələri və
kompozit materialları istehsalı sahələrində ixtisaslaşması nəzərdə
tutulur. Sabirabad
Sənaye Məhəlləsində isə yun tədarükü, pambıqtəmizləmə, taxta, plastik
məmulatlar və tikinti materiallarının istehsalı, kənd təsərrüfatı
məhsullarının emalı müəssisələrinin və logistika mərkəzinin fəaliyyət
göstərməsi planlaşdırılır. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən
dövlət başçısının tapşırığına uyğun olaraq, növbəti sənaye
məhəllələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
Azərbaycanda
qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan
istifadə edən sənaye sahələrinin yaradılmasında, istehsal prosesinin
təşkili zamanı infrastruktur xərclərinin azaldılmasında, sahibkarlar
arasında kooperasiya əlaqələrinin gücləndirilməsində, məşğulluğun təmin
edilməsində sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb
edir.
İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında
nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş,
respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, turizm
fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Azərbaycan
Respublikasının Prezidenti tərəfindən 2011-ci il ölkəmizdə "Turizm İli” elan edilmişdir. Ötən müddətdə Bakı
ilə yanaşı, regionlarda da otellərin və istirahət mərkəzlərinin
istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaratmışdır.
2003-cü ildə ölkədə mehmanxana və mehmanxana tipli müəssisələrin sayı
cəmi 96 olduğu halda, 2004-2017-ci illər ərzində belə obyektlərin sayı
artaraq 550-yə çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir.
Dünya ölkələri, xüsusilə Avropa İttifaqına üzv ölkələrlə birbaşa nəqliyyat əlaqələri genişlənmiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri və Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəməri dünyada enerji təhlükəsizliyinin təmin olunmasına layiqli töhfələr vermişdir. Regionun və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyəti olan "Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP
və TAP layihələri, həmçinin "Şahdəniz-2” layihəsi üzrə yekun
investisiya qərarının imzalanması xüsusi olaraq qeyd edilməlidir. Bu
layihələr üzrə işlərin çox hissəsi artıq icra olunmuşdur.
İnkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava
limanlarının, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni
avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması və s. işlər
davam etdirilmişdir.
Tranzit potensialının reallaşdırılması istiqamətində də irimiqyaslı layihələr həyata keçirilmiş, o cümlədən Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizinin fəaliyyəti güclənmiş, Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilmiş, Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı
olmuş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral
yolların tikintisi layihələri uğurla davam etdirilmişdir.
Ölkənin
tranzit potensialından daha səmərəli şəkildə yararlanmaq məqsədi ilə
dövlət səviyyəsində institusional islahatların aparılmasına ehtiyac
yaranmışdır. Məhz bu siyasətin davamı olaraq, Tranzit Yükdaşımalar üzrə
Koordinasiya Şurası yaradılmışdır. Ölkə ərazisindən keçən nəqliyyat
dəhlizlərinin təşviqi, özəl şirkətlərlə dövlət orqanlarının
əlaqələndirilməsi, tariflərin optimallaşdırılması və tranzit
prosedurlarının sadələşdirilməsi istiqamətində işlərin aparılması
Koordinasiya Şurasına həvalə edilmişdir. Ölkənin tranzit
cəlbediciliyinin artırılması istiqamətində Koordinasiya Şurası
tərəfindən bir sıra mühüm tədbirlər görülmüşdür. Belə ki, dəhlizin
rəqabətqabiliyyətliliyinin artırılması məqsədilə region ölkələri
arasında koordinasiya gücləndirilmiş, tranzit müddətləri qısaldılmış və
prosedurlar təkmilləşdirilərək optimallaşdırılmış tarif siyasətinə
başlanmışdır.
İqtisadiyyatın şaxələndirilməsi və sənayenin
modernləşdirilməsi istiqamətində mühüm layihələrdən biri
telekommunikasiya və Yer səthinin müşahidəsi peykləri olan "Azerspace”
və "Azersky”ın istismara verilməsi olmuşdur.
Neft sektorundan
sonra prioritet sahələrdən biri hesab olunan və son illər ölkənin
sosial-iqtisadi həyatında mühüm rol oynayan rabitə və informasiya
texnologiyaları sahəsinin inkişafında 11,3 dəfə artıma nail olunmuşdur.
Son 15 ildə regionlarda 1600-dən çox ATS, 1000-dən çox poçt binası
tikilmiş və ya əsaslı təmir edilmişdir. 2013-cü il ölkəmizdə
"İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilmişdir.
Əhalinin
dərman vasitələri ilə optimal qiymətlərlə etibarlı təchizatı sosial və
iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Dərman vasitələri bazarında
yaranmış xaotik vəziyyətin aradan qaldırılması və bu sahəyə nəzarətin
gücləndirilməsi ilə bağlı ölkə başçısının müvafiq tapşırıqlarından sonra
qanunvericiliyə dəyişikliklər edilmiş və 2015-ci ilin ortalarından
etibarən ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə
başlanılmışdır. Tənzimləmə prosesi intensiv şəkildə davam etdirilmiş,
dövlət qeydiyyatına alınmış 11 minə yaxın dərman vasitəsinin qiymətləri
təsdiq edilmişdir. Nəticədə süni qiymət artımının və dərman
vasitələrinin qiymətləri ilə manipulyasiyaların qarşısı alınmış, dərman
vasitələri bazarında şəffaflıq, ictimai və dövlət nəzarəti təmin
edilmişdir.
Ölkə başçısının tapşırığına uyğun olaraq, 2017-ci
ildən etibarən icbari tibbi sığorta sisteminin tətbiqi ilə əlaqədar
pilot layihənin icrasına başlanılmış və sığortanın baza zərfinə 1800-dən
çox tibbi xidmət daxil edilmişdir.
Azərbaycanda iqtisadi inkişaf
bazar münasibətlərinə əsaslansa da, o, həm də sosial ədalət prinsipi
ilə tamamlanır. Yeni pensiya və sosial müdafiə sisteminə keçid, ölkə
vətəndaşlarının ipoteka kreditləri ilə təmin edilməsi və 2016-cı ildə
yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə sosial
mənzillərin tikilərək ehtiyacı olanlara verilməsinin nəzərdə tutulması
dövlətin sosial siyasətində keyfiyyət dəyişikliklərini əks etdirir.
Azərbaycanın
sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nəticələr beynəlxalq
hesabatlarda da əksini tapmış, müxtəlif meyarlar üzrə reytinq
cədvəllərində ölkəmizin mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Bu,
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi və institusional islahatlara beynəlxalq təşkilatların verdiyi yüksək qiymətdir.
"Doing
Business” hesabatına əsasən Azərbaycan 2017-ci ildə 190 ölkə arasında
57-ci pillədə, Davos İqtisadi Forumunun "Qlobal Rəqabətədavamlılıq”
hesabatında isə 35-ci pillədə qərarlaşmışdır. Eyni zamanda, sonuncu
hesabata əsasən "Siyasətçilərə ictimai etimad” adlanan indikator üzrə
Azərbaycan dünyada 20-ci pilləyə yüksəlmişdir. Bu isə iqtidara xalqın
böyük etimadını səciyyələndirən mühüm göstəricidir.
İndi
ölkəmizdə iqtisadi liberallaşmanın, struktur islahatlarının yeni
mərhələsi başlanır. Bu mərhələdə əsas vəzifə səmərəli iqtisadiyyatın
qurulmasından, daha sağlam iqtisadi bazaya əsaslanan təsirli sosial
siyasətin həyata keçirilməsindən ibarətdir. Nəzərə almalıyıq ki, "Ən
yaxşı sosial siyasət düzgün iqtisadi siyasətdir” tezisini əsas götürmüş
Azərbaycan bir çox Şərqi Avropa ölkələri kimi iqtisadi transformasiya dövrünü uğurla başa çatdırmışdır.
"Bundan
sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı
və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir” fikrini Prezident İlham Əliyev
heç də təsadüfən qeyd etməmişdir. Bəli! Sosial siyasət yalnız səmərəli
iqtisadiyyata əsaslandıqda uzunmüddətli təsir gücünə malik olur. Bu
baxımdan son illər həyata keçirilən liberallaşdırma tədbirləri, xüsusilə
də institusional islahatlar ölkə iqtisadiyyatında ciddi keyfiyyət
dəyişiklikləri kimi qiymətləndirilməlidir.
Bazar iqtisadiyyatı
yolunu seçmiş ölkələr öz rəqabətqabiliyyətliliyini davamlı dövlət
proteksionizmi, ucuz enerji resursları hesabına təmin edə bilməz. Bütün
bunlar idman yarışlarında olduğu kimi, iqtisadiyyat üçün də qısamüddətli
"dopinq effekti” verir. Biz iqtisadiyyatımızın
rəqabətqabiliyyətliliyini yalnız struktur dəyişiklikləri, texnoloji
yeniləşmə vasitəsilə artıra bilərik.
Azərbaycanda iqtisadi
inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf
etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin
açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf
etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə
müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur
obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya
texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun
potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət
tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır.
Yeniləşmənin
bütün istiqamətlər üzrə uğurla reallaşdırılması ölkənin inkişafı ilə
bağlı konkret hədəflərin müəyyən edilməsindən bilavasitə asılıdır.
Azərbaycan özünün perspektiv inkişaf xəttini artıq müəyyən edib. Bu,
qəbul edilmiş dövlət proqramlarında, strateji yol xəritələrində bir daha
öz əksini tapır. Həmin sənədlər ölkəmizdə proqramlı idarəetməni
səciyyələndirməklə yanaşı, həm də Prezident İlham Əliyevin siyasi, sosial-iqtisadi və institusional inkişafla bağlı hədəflərini özündə ehtiva edir.
Ölkəmizin
sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurların davamlılığını
təmin etmək məqsədi ilə "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf
Konsepsiyası qəbul edilmişdir. Konsepsiya çərçivəsində qeyri-neft
sektorunun inkişafı, nəqliyyat, tranzit və logistika infrastrukturunun
təkmilləşdirilməsi, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə
keçidin təmin edilməsi, insan kapitalının inkişafı və səmərəli sosial
müdafiə sisteminin qurulması, institusional potensialın gücləndirilməsi,
vətəndaş cəmiyyətinin inkişafı, ətraf mühitin qorunması və s.
məsələləri əhatə edən 53 sənəd təsdiq edilərək icrası təmin
olunmaqdadır.
Yeni mərhələdə iqtisadi siyasəti müəyyən edərkən
müasir dövrün çağırışları nəzərə alınmalı, yerli istehsalın
stimullaşdırılması istiqamətində tədbirlər görülməli, dövlət xərcləri
restrukturizasiya edilməli, gəlirlərin yenidən bölgüsünün səmərəli
mexanizmi yaradılmalıdır. 2016-cı ildə yaradılmış Maliyyə Sabitliyi
Şurası makroiqtisadi sabitliyin təmin edilməsi üzrə tədbirləri səmərəli
koordinasiya etməlidir.
Makroiqtisadi göstəricilərin
yaxşılaşdırılması 1990-cı illərin əvvəllərində itirdiyimiz iqtisadi
potensialın bərpa edilməsi baxımından əhəmiyyətli olsa da, o, iqtisadi
siyasətin son məqsədi və əsas hədəfi kimi qəbul edilməməlidir. İqtisadi
islahatların indiki mərhələsində qarşıda duran əsas vəzifə
iqtisadiyyatda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə
keçidi təmin etməkdən ibarət olmalıdır.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən
genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük
imkanlar və yeni-yeni perspektivlər açır. Heç şübhəsiz, Azərbaycanın
bugünkü inkişafı onu ortamüddətli perspektivdə yüksək həyat səviyyəsinə,
güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edəcəkdir.
AZƏRBAYCANIN İQTİSADİ İNKİŞAF VEKTORU: 2003-2017-Cİ İLLƏR
2003-2017-ci
illərdə ümumi daxili məhsul (ÜDM) nominal ifadədə 9,8 dəfə, real
ifadədə 3,2 dəfə artmışdır. Bu dövrdə ölkədə orta illik iqtisadi artım
9,4 faiz, o cümlədən qeyri-neft sektorunda 8,2 faiz təşkil etmişdir.
Sosial-iqtisadi sahədə həyata keçirilən tədbirlər iqtisadi artımın
iqtisadi inkişaf amilinə çevrilməsinə yönəldilmişdir.
İqtisadiyyatın
neft sektorundan asılılığının azaldılması və sənayenin hərtərəfli
inkişafının təmin edilməsi iqtisadi siyasətin öncül istiqamətlərindən
biri kimi müəyyən edilib. Ölkə iqtisadiyyatında neft sektoru həlledici
rol oynasa da, son illər qeyri-neft sektorunun fəaliyyətində əhəmiyyətli
canlanma hiss olunur. 2003-2017-ci illərdə sənaye istehsalı 2,6 dəfə,
qeyri-neft sektoru üzrə ÜDM 2,8 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, kənd
təsərrüfatı 1,7 dəfə artmışdır.
İqtisadiyyatın
liberallaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi nəticəsində
özəl sektorun rolu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Belə ki, ÜDM-də
özəl bölmənin payı 2003-cü ildə 74 faiz təşkil edirdisə, 2017-ci ildə bu
rəqəm 84 faiz olmuşdur.
Maliyyə imkanlarının artması iqtisadi
inkişafın yeni mərhələsinin xarakterik xüsusiyyətlərindən biridir. Bu,
özünü dövlət büdcəsinin, strateji valyuta ehtiyatlarının həcmində
göstərir. Son 15 il ərzində dövlət büdcəsinin gəlirləri 16,7 dəfə
artaraq, 2003-cü ildəki 1,2 mlrd. manatdan 2018-ci ildə 20,1 mlrd.
manata çatmışdır. Qeyri-neft sektorunun inkişafı büdcə gəlirlərinin
formalaşmasına da öz təsirini göstərməkdədir. Belə ki, 2017-ci ildə
dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirləri 8,6 mlrd. manat
olmuşdur ki, bu da 2003-cü illə müqayisədə 11,4 dəfə çoxdur.
Əsas
kapitala yönəldilmiş vəsaitlər 2003-2017-ci illər ərzində 3,8 mlrd.
manatdan 16,8 mlrd. manata çatmışdır. Bu isə real ifadədə 3 dəfə artım
deməkdir. Təcrübə göstərir ki, neftlə zəngin olan bir çox ölkələr əldə
olunan gəlirlərdən investisiya təyinatlı deyil, cari istehlak məqsədləri
üçün istifadə etdiklərinə görə rəqabətqabiliyyətli və səmərəli
iqtisadiyyat qura bilməmişlər.
2003-cü illə müqayisədə 2018-ci
ildə dövlət büdcəsi xərclərinin tərkib hissəsi olan dövlət əsaslı vəsait
qoyuluşu xərcləri 55,5 dəfə artaraq, 86,9 milyon manatdan 4,8 mlrd.
manata çatmışdır. Bu isə genişmiqyaslı infrastruktur layihələrinin
maliyyələşdirilməsi deməkdir.
Dünyada investisiya layihələrinin
bahalaşdığı bir şəraitdə neft dollarlarının yalnız depozit şəklində
saxlanılması təklifi populizmdən başqa bir şey deyil. İnfrastruktur
xərcləri neft gəlirlərinin yenidən bölgüsünü təmin etməklə, eyni
zamanda, təkcə bugünkü deyil, həm də gələcək nəsillər üçün yatırılan
kapital kimi dəyərləndirilməlidir.
Strateji valyuta ehtiyatları 26,2 dəfə artaraq, 2002-ci ildəki 1,6 mlrd. ABŞ dollarından 2017-ci ildə 42 mlrd. ABŞ
dollarına yüksəlmişdir ki, bu da ÜDM-in həcmini üstələyir. 1990-cı
illərin əvvəllərində Azərbaycanın valyuta ehtiyatlarının 90-95 faizi
əsasən BVF və Dünya Bankının kreditləri hesabına formalaşırdısa, indi bu
ehtiyatlar əsasən ixracdan əldə edilən valyuta gəlirlərindən ibarətdir.
Ölkəmizin ixrac imkanlarının artması valyuta ehtiyatlarının
formalaşmasında həlledici rol oynayır.
Azərbaycanın xarici dövlət
borcunun ÜDM-ə nisbəti 25 faizdən azdır ki, bu da dünyada ən yaxşı
göstəricilərdən sayılır. Qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından
kritik hədd 40 faizdir.
2003-2017-ci illərdə iqtisadiyyata kredit qoyuluşları 670 milyon manatdan 11,7 mlrd. manata çatmışdır.
Biz
son 15 ildə qazandığımız uğurlarla kifayətlənməməliyik. Əksinə,
nailiyyətlərimiz yaxın gələcəkdə daha miqyaslı işlərin həyata
keçirilməsi üçün baza rolunu oynamalıdır. İlk növbədə, iqtisadiyyatın
rəqabətqabiliyyətliliyi artırılmalı, insan inkişafı indeksi
yüksəldilməli, ölkəmizin innovasiyalı inkişafı təmin edilməli,
modernləşmə prosesinə əngəl ola biləcək institusional maneələr aradan
qaldırılmalıdır.
İQTİSADİYYAT VƏ SİYASƏT
Hər bir ölkədə
iqtisadi inkişaf siyasi amillərdən bilavasitə asılıdır. Azərbaycanda
mövcud siyasi mühit iqtisadi inkişaf üçün müsbət təsirə malikdir. Belə
ki, güclü dövlət və güclü siyasi hakimiyyət milli iqtisadiyyatını
formalaşdıran bir ölkə üçün prinsipial əhəmiyyət kəsb edir.
İctimai-siyasi sabitliyin qorunub saxlanılması ölkəmiz üçün bu gün də
imkanlar pəncərəsi kimi çıxış edir. Azərbaycan etibarlı tərəfdaş kimi
mövqeyini gücləndirir. Balanslaşdırılmış uğurlu xarici siyasət iki və
çoxtərəfli iqtisadi əlaqələri genişləndirməyə əlverişli şərait yaradır.
Kommunizm
barədə utopiyaların hökmran olduğu dövrdə "Siyasət iqtisadiyyatın
təmərküzləşmiş ifadəsidir” tezisi sovet ideoloqları tərəfindən tez-tez
səsləndirilsə də, əslində o, reallığı əks etdirmirdi. Belə ki, siyasət
iqtisadiyyatın deyil, əksinə, iqtisadiyyat siyasətin təmərküzləşmiş
ifadəsinə çevrilmişdir. Sosializm dövründə iqtisadiyyat büsbütün
siyasiləşdirilmiş və ideologiyalaşdırılmışdı. SSRİ
kimi nəhəng dövlətin iqtisadiyyatı, o cümlədən sənayesi, sosial təminat
sistemi, büdcəsi, xarici ticarəti sovet ideologiyasının başlıca ehkam
və oriyentirlərinə tabe etdirilərək formalaşdırılırdı. Əsas məqsədi
dünyanın ayrı-ayrı ölkələrinə sosializm "ixrac” etməkdən ibarət olmuş bu
"super” dövlətin iqtisadi dayaqlarını isə hərbi-sənaye kompleksi və
"müttəfiq” respublikaların təbii ehtiyatları təşkil edirdi. Belə bir
halda siyasi və iqtisadi sərhədlərin bir qayda olaraq "bağlı” olması
ittifaq dövləti üçün heç bir problem yaratmırdı. Keçmiş SSRİ-nin
dünya təsərrüfat sistemindən təcrid olunması və beynəlxalq əmək
bölgüsündə iştirak etməməsi nəticəsində yaranan çətinliklər "müttəfiq”
respublikaların hesabına aradan qaldırılırdı...
Tarixi inkişafın
indiki mərhələsində siyasətlə iqtisadiyyatın bir-birindən ayrılması və
ya onların qarşı-qarşıya qoyulması yolverilməzdir. Çünki siyasətlə
iqtisadiyyat arasında sıx əlaqə mövcuddur. Belə ki, indiki dövrdə
siyasətimizə iqtisadi, iqtisadiyyatımıza isə siyasi prizmadan yanaşıb
qiymət verməliyik. Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, bu dövrdə
iqtisadiyyat və siyasət arasında əlaqənin forma və xüsusiyyətləri də
bunu bir daha təsdiq edir. Siyasət iqtisadiyyatın fövqündə dayanmadığı
kimi, iqtisadiyyat da siyasətin fövqündə dayana bilməz.
Nəzərə
almalıyıq ki, dünyanın inkişaf etməkdə olan bir sıra ölkələri, o
cümlədən Asiya "pələngləri” iqtisadi tərəqqiyə bazar iqtisadiyyatına
keçməklə nail olmuşlar. Lakin bu ölkələrdə azad iqtisadiyyatın
inkişafına yönəldilmiş radikal iqtisadi islahatlar kursunun ardıcıl
davam etdirilməsi güclü siyasi hakimiyyətin sayəsində mümkün olmuşdur.
Azərbaycanda da iqtisadi transformasiya prosesinin dönməz xarakter
almasında və uğurla başa çatmasında siyasi hakimiyyətin gücü və iradəsi
həlledici rol oynamışdır.
Ölkə rəhbərliyinin həyata keçirdiyi
balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanın dövlət maraqlarının
qorunmasında mühüm rol oynamış, ölkəmizin beynəlxalq əməkdaşlıq
sahəsində fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Müəyyən edilmiş
strategiya isə Azərbaycanın müstəqil dövlət kimi iqtisadi dayaqlarını
möhkəmləndirmişdir.
Əgər ilkin mərhələdə ölkə rəhbərliyinin
siyasi kursu və diplomatik fəaliyyəti iqtisadi maraqlarımızın
reallaşmasına xidmət edirdisə, indi iqtisadi sahədə əldə edilən uğurlar,
həyata keçirilən iqtisadi diplomatiya ölkəmizin siyasi-strateji
maraqlarına xidmət etməkdədir. Bu gün Azərbaycanda iqtisadiyyat və
siyasət bir-birindən ayrılmazdır və çox uğurlu bir şəkildə tamamlanır. Prezident İlham Əliyevin
iqtisadi quruculuq sahəsindəki fəaliyyəti strateji xarakter daşıyır və
Azərbaycanın sosial-iqtisadi inkişafı üçün uzunmüddətli perspektivlər
açır.
Dövlət quruculuğunun və iqtisadi islahatların ardıcıl
həyata keçirilməsinin başlıca şərti ölkədə ictimai-siyasi sabitliyin
qorunub saxlanılmasıdır. Biz hesab edirik ki, ölkə vətəndaşlarının böyük
əksəriyyəti həm də sabitliyin qorunub saxlanılması naminə öz seçimini
davamlı olaraq İlham Əliyevlə bağlayırlar. Ötən 15 il bu seçimin doğru olduğunu bir daha təsdiq edir.
Prezident İlham Əliyev
2018-ci il martın 19-da Novruz şənliyindəki çıxışında sabitlik
məsələsinə toxunaraq demişdir: "Azərbaycan Novruzu gözəl nəticələrlə
qarşılayır. Ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri
ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Daxili
vəziyyət sabitdir. Bu sabitliyin əsas təminatçısı Azərbaycan xalqıdır.
Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır. Daxili siyasətlə
bağlı görülən işlər, aparılan islahatlar öz gözəl nəticələrini
verməkdədir. Dünyada gedən proseslər bir daha onu göstərir ki, ancaq
sabit olan ölkələr uğurla inkişaf edə bilər. Ancaq sabit olan ölkələrə
xarici sərmayə qoyulur, insanlar rahat, təhlükəsizlik şəraitində
yaşayırlar. Bu gün dünyanın müxtəlif yerlərində sabitlik pozulur, qanlı
toqquşmalar baş verir, müharibələr alovlanır, yeni risklər yaranır. Bu
gün dünya gündəliyinin əsas məsələsi məhz təhlükəsizlik məsələləridir.
Azərbaycan bu istiqamətdə apardığı siyasətlə dünyada böyük rəğbət
qazanmış ölkələrdən biridir. Ölkəmizdə daxili risklər üçün heç bir mənbə
yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq və bundan sonra da
qoruyacağıq, Azərbaycan xalqının rahat yaşamasını təmin edəcəyik”6.
Xarici
ekspertlər, dünyanın aparıcı siyasi təhlil mərkəzləri Azərbaycanda
müşahidə edilən sabitliyi, dövlətimizin beynəlxalq əməkdaşlıq sahəsində
fəaliyyətinin genişlənməsini, ölkənin siyasi rəhbərliyinin çevik və
tarazlı diplomatiyaya malik olmasını hər zaman "imkanlar pəncərəsi” kimi
dəyərləndirmişlər.
Həyata keçirilən genişmiqyaslı
sosial-iqtisadi quruculuq işləri, dövlət proqramlarının vaxtında icrası,
strateji layihələrin uğurla başa çatdırılması İlham Əliyevin dövlət başçısı kimi yaranmış imkanlardan səmərəli istifadə edə bilmə bacarığını və məharətini nümayiş etdirdi.
Əsaslı
iqtisadi dəyişikliklər hər şeydən əvvəl cəsarətli siyasi qərarların
qəbul edilməsindən, siyasi və ideoloji oriyentirlərin yeni
sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasından asılıdır. Siyasi impuls
olmadan iqtisadi və institusional islahatları həyata keçirmək mümkün
deyil.
İqtisadiyyat və siyasətin qarşılıqlı əlaqəsinə dair Prezident İlham Əliyevin
fikirləri xüsusi olaraq maraq doğurur: "İqtisadi inkişaf, siyasi
inkişaf, cəmiyyətin demokratikləşməsi prosesi - bunlar hamısı paralel
getməlidir... İqtisadi islahatlar və siyasi islahatlar ölkəmizin
inkişafı üçün çox möhkəm zəmin yaradır. Biz bu iki amili bərabər,
paralel şəkildə həyata keçiririk və bu gözəl zəmin əsasında güclü dövlət
quruculuğu prosesi gedir... İndi dünyada gedən proseslər onu göstərir
ki, iqtisadi cəhətdən inkişaf etmiş ölkələr dünyada öz yerini daha da
möhkəm tuturlar, öz siyasətini daha da cəsarətlə aparırlar... İqtisadi
müstəqillik ölkəmizin siyasi müstəqilliyinə öz töhfəsini verir. İqtisadi
cəhətdən heç kimdən asılı olmayan ölkə öz siyasətini də müstəqil
şəkildə apara bilər və Azərbaycanın timsalında biz bunu görürük...”7.
Dünya
təcrübəsi də göstərir ki, azad iqtisadiyyatın inkişafına yönəldilmiş
islahatlar kursunun ardıcıl davam etdirilməsi güclü siyasi hakimiyyətin
sayəsində mümkün olur. Burada güclü hakimiyyət dedikdə güclü dövlət
mexanizmi ilə yanaşı, həm də vətəndaşların ölkə rəhbərliyinə inam və
etimadı başa düşülür. Ölkəmizdə də iqtisadi transformasiya prosesinin
dönməz xarakter almasında Heydər Əliyevin qətiyyəti, sonrakı mərhələdə isə Prezident İlham Əliyevin iradəsi və prinsipiallığı, xalqın ona inamı və davamlı dəstəyi həlledici rol oynamışdır.
Keçmiş
ittifaq respublikalarının əksəriyyətindən fərqli olaraq, Azərbaycanda
siyasi hakimiyyətin sabitliyi və onun davamlı xarakteri təmin
edilmişdir. Bir tərəfdən dövlət idarəçiliyi sahəsində sabitliyin qorunub
saxlanılması, digər tərəfdən də Azərbaycan Respublikası Prezidentinin
iqtisadi islahatların həyata keçirilməsinə verdiyi siyasi dəstək
iqtisadi transformasiya prosesinin sürətləndirilməsi və dövlət idarəetmə
aparatında radikal dəyişikliklərin aparılması üçün əlverişli zəmin
yaratmışdır.
İqtisadi diplomatiyanın hansı imkanlara malik olduğunu peşəkar bir səviyyədə qiymətləndirən Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının inkişafı məsələlərinə böyük önəm verməsi heç də təsadüfi deyil. Cənab Prezident
müsahibələrinin birində bildirmişdir: "Hər şey iqtisadiyyat üzərində
qurulur. Azərbaycanın iqtisadiyyatı möhkəm olarsa, bütün məsələləri həll
etmək imkanımız olacaqdır”8. Dövlət başçısının iqtisadi məsələlərə
peşəkar və kompetent yanaşması, milli maraqlarımızı hər zaman önə
çəkməsi iqtisadi diplomatiyanın təsir gücünü daha da artırır.
Azərbaycan Prezidentinin
ötən dövrdəki fəaliyyətinə ümumi nəzər yetirsək, ölkəmizin strateji
xarakterli bir çox problemlərinin həllində onun iqtisadi diplomatiyanın
imkanlarından səmərəli istifadə etdiyini görərik. İlham Əliyev
bu zaman Azərbaycanın potensialını, cəlb olunduğu strateji layihələrin
əhəmiyyətini, gözlənilən inkişaf perspektivlərimizi nəzərə alır.
Fikrimizcə,
Azərbaycanda iqtisadi diplomatiyanın əsası neft strategiyasının
hazırlanması və "Əsrin müqaviləsi”nin imzalanması ilə qoyuldu. Neft
strategiyasının ardıcıl həyata keçirilməsi isə iqtisadi diplomatiya
ənənələrinin inkişafına xidmət etdi. Bu sahədə Prezident İlham Əliyevin xüsusi rolunu qeyd etmək lazımdır.
Müasir
dünya dövlətləri bir-birləri ilə artıq hərbi deyil, çox hallarda məhz
iqtisadi üsul və vasitələrlə mübarizə aparırlar. Azərbaycanın iqtisadi
cəhətdən geniş manevretmə imkanları ona gələcəkdə bəzi dövlətlərə öz
şərtlərini diktə etmək üçün şərait yaradır. Prezident İlham Əliyevin
müasir dünya düzəninin iqtisadi və siyasi "oyun qaydaları”na dərindən
bələd olması ölkəmizin maraqlarının bütün səviyyələrdə etibarlı şəkildə
qorunmasına təminat verir.
İQTİSADİ GÜC DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ TƏSİRLİ VASİTƏ KİMİ
Təxminən 30 ildir ki, müstəqil Azərbaycan Respublikası keçmiş ittifaq dövlətinin miras qoyduğu Dağlıq Qarabağ münaqişəsinə
cəlb edilib. Separatizm meyilləri keçmiş ittifaqın başqa
respublikalarını da əhatə etsə də, bu proses Azərbaycanda olduğu kimi,
ağrılı və uzunmüddətli xarakter daşımamışdır. Artıq imperiya
buxovundan azad olmuş müstəqil dövlətimiz hazırda bütün səylərini təkcə
dövlət quruculuğunun həyata keçirilməsinə və milli iqtisadiyyatımızın
formalaşdırılmasına deyil, həm də Dağlıq Qarabağ probleminin həllinə yönəldir.
Bu
problem ümummilli məsələ olduğuna görə siyasi mənsubiyyətindən, tutduğu
vəzifədən asılı olmayaraq, bütün ölkə vətəndaşlarını düşündürür və
narahat edir. Artıq onilliklərdir ki, münaqişənin həllində Ermənistan
qeyri-konstruktiv mövqe tutur, ərazi bütövlüyü və sərhədlərin
toxunulmazlığı prinsiplərinə məhəl qoymur və münaqişənin həllinə əngəl
yaradır.
Keçmiş SSRİ-nin
rəhbərliyi anlamalı idi ki, Ermənistanın "səpdiyi” separatçılıq və
işğalçılıq toxumu ittifaqın digər respublikalarını və regionlarını da
əhatə edəcək və bu, gələcəkdə idarəolunmaz prosesə gətirib çıxaracaq.
Lakin ittifaq rəhbərliyinin, şəxsən Qorbaçovun Dağlıq Qarabağ probleminin
həllində qətiyyətli və ədalətli mövqe tutmaması nəticəsində separatizm
meyilləri dərinləşdi və münaqişə zəncirvarı prosesə çevrildi.
Ermənistan
ayrı-ayrı xarici dövlətlər tərəfindən "bəslənildiyi” və himayə olunduğu
halda, Azərbaycan heç bir xarici dəstək olmadan inkişaf edərək özünü
müstəqil bir dövlət kimi təsdiq etməkdədir. Ölkəmizdə dövlət quruculuğu
Ermənistandan fərqli olaraq, həmişə milli xarakter daşıyıb. Yəni,
Azərbaycan öz müstəqil dövlətini yalnız öz gücü və daxili potensialı
hesabına qurub və bu gün də ölkənin siyasi rəhbərliyi müstəqil dövlət
quruculuğunu milli əsaslar üzərində və milli maraqlarımıza uyğun olaraq
həyata keçirir.
2016-cı ilin aprel döyüşləri göstərdi ki, Ali Baş
Komandandan sıravi ölkə vətəndaşlarınadək hər bir kəs ən son anda hərbi
güc tətbiq etməklə torpaqlarımızın erməni işğalından azad edilməsinə
hazırdır. Bu döyüşlər xalqımızda mübarizlik və vətənpərvərlik ruhunun nə
qədər yüksək olduğunu bir daha təsdiq etdi.
Prezident İlham Əliyev
işğal olunmuş torpaqlarımızı erməni təcavüzkarlarından azad etmək üçün
istənilən vaxt hərbi gücdən istifadə ediləcəyini bildirir. O, həm də
Ermənistanı işğalçı mövqedən çəkindirmək üçün iqtisadi təzyiq
üsullarından geniş istifadə edilməsi fikirlərini də səsləndirir. Bu, o
deməkdir ki, Dağlıq Qarabağ probleminin
həllində hərbi güclə yanaşı, iqtisadi gücdən, iqtisadi diplomatiyanın
imkanlarından bundan sonra da maksimum istifadə ediləcəkdir.
Milli
iqtisadiyyatımızın inkişafı və dövlətin maliyyə imkanlarının artması
fonunda ordumuzun maddi-texniki bazası da möhkəmləndirilir, hərbi
xərclərimiz ilbəil artır. Ali Baş Komandan ordu potensialımızın
gücləndirilməsini suveren hüququmuz olaraq dəyərləndirir və dövlətimizin
ərazi bütövlüyünü bərpa etmək naminə bu hüquqdan istifadə ediləcəyini
açıq şəkildə bəyan edir.
İqtisadi müharibədə Azərbaycanın
mövqeyinin getdikcə güclənməsini nəzərə alaraq, onun daha sərt və
sistemli bir şəkildə davam etdirilməsini zəruri hesab edirik. Artıq
dünyada əks mövqedə dayanan ölkələr bir-birlərini silahla deyil, əsasən
iqtisadi vasitələrlə zəiflətməyə üstünlük verirlər.
Prezident İlham Əliyev
öz çıxışlarında Ermənistanla Azərbaycan iqtisadiyyatının müqayisəsini
heç də təsadüfən aparmır: "Ərazilərimiz azad olunmayınca, Ermənistanla
heç bir əməkdaşlıq etməyəcəyik. Ermənistan belə bir əməkdaşlığı çox
arzulayır, buna çalışır... Biz Ermənistanla əməkdaşlıq etmədən də uzun
illər, on illərlə gözəl yaşaya bilərik. Kommunikasiyaların açılmaması,
regional proseslərdən kənarda qalması isə Ermənistana baha başa
gələcəkdir. Onlar diasporun köməyinə, hər hansı başqa xarici mənbələrin
maliyyələşdirməsinə nə qədər ümid bəsləyə bilərlər? Ölkə özü-özünü
dolandıra bilmir. O, həmişə xaricdən gələn hansısa maliyyə mənbələrindən
asılıdır. Azərbaycan isə ərazilərinin işğal edilməsinə, bir milyon
qaçqının olmasına baxmayaraq, inkişaf edir və edəcəkdir”9. Xatırladaq
ki, Ermənistan əvəzsiz yardımlardan və ya ianələrdən asılı vəziyyətdə
olan ölkələrin siyahısında hər il bir qayda olaraq "liderlər” sırasında
yer alır.
Ekspertlərin təxmini hesablamalarına əsasən
Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü nəticəsində
ölkəmizin iqtisadiyyatına yüz milyardlarla ziyan vurulmuşdur. Hazırda
Ermənistan işğal etdiyi ərazidə kənd təsərrüfatı və sənaye
potensialından, yerüstü və yeraltı təbii sərvətlərdən maksimum
faydalanmağa çalışır.
MDB
məkanında iqtisadi diplomatiya sahəsində Azərbaycan qədər geniş
manevretmə imkanlarına malik olan ikinci ölkə yoxdur. Biz bu imkanlardan
hərbi münaqişənin həllində maksimum istifadə etməliyik. İqtisadi
diplomatiya və iqtisadi gücün tətbiq edilməsi bir çox hallarda siyasi
diplomatiyadan və hərbi gücün tətbiqindən daha təsirli və dağıdıcı olur.
Məhz bu baxımdan ölkəmizin iqtisadi siyasətində Ermənistanla hərbi
münaqişə amili nəzərə alınır, işğalçı ölkəyə qarşı iqtisadi təzyiqin
müxtəlif forma və üsullarından istifadə edilir.
Hərbi münaqişənin
həllində iqtisadi diplomatiyanın imkanlarından istifadə edilməsi həm də
böhran məngənəsində sıxılmaqda olan Ermənistanın sosial-iqtisadi
vəziyyətinin davamlı olaraq təhlilini tələb edir. Fikrimizcə, Ermənistan
iqtisadiyyatının ən zəif nöqtələri müəyyənləşdirilməli, işğalçı dövlətə
qarşı iqtisadi gücün tətbiq edilməsinin cari və strateji istiqamətləri
müəyyən edilməlidir.
Azərbaycan sovet imperiyası
buxovundan azad olmaqla öz sərvətləri üzərində mülkiyyət hüququ əldə
etdi. Bu isə iqtisadi potensialımızın dövlətçiliyimizin gücləndirilməsi
və milli tərəqqi üçün istifadə edilməsinə zəmin yaratdı. Ermənistanda
isə əksinə, sosial-iqtisadi problemlərin kəskinləşməsi dövrü başlandı.
Ermənistan
digər keçmiş ittifaq respublikaları kimi dövlət müstəqilliyi əldə etsə
də, iqtisadi cəhətdən buna hazır deyildi. Keçmiş sovet məkanında
"ələbaxan” respublikalardan biri olan Ermənistanın birdən-birə
müstəqillik qazanması onun üçün ciddi sosial-iqtisadi problemlərlə
nəticələndi. Məlum olduğu kimi, SSRİ-nin
vahid xalq təsərrüfatı kompleksindən daha çox Ermənistan faydalanırdı.
Belə ki, onun ucuz enerji, xammal və ilkin emal məhsulları ilə
təchizatı, istehsal edilən sənaye məhsulları üçün təminatlı və sabit
satış bazarına malik olması, respublika büdcəsinin ittifaq büdcəsi
hesabına subsidiyalaşdırılması Ermənistanın problemlərinin həllində
əhəmiyyətli rol oynayırdı.
Keçmiş ittifaq respublikaları
tərəfindən 1991-ci ildən etibarən qiymətlərin liberallaşdırılması
Ermənistanı həm də ucuz xammal və yanacaq-enerji bazarından məhrum etdi.
Məlum olduğu kimi, işğalçı ölkənin sənayesinin 50 faizi keçmiş SSRİ-nin
hərbi sənaye kompleksindən asılı idi. Bir tərəfdən ittifaq büdcəsindən
hərbi-sənaye kompleksi üçün mərkəzləşdirilmiş büdcə xərclərinin
azaldılması, digər tərəfdən də Rusiyada hərbi yönümlü sənaye
müəssisələrinin tədricən konversiya edilməsi, yəni istehsal yönümünün
dəyişdirilməsi Ermənistandakı müəssisələrin əksəriyyətinin fəaliyyətinin
tamamilə dayanmasına, bəzilərinin öz istehsal gücünün 15-20 faizi
səviyyəsində işləməsinə səbəb oldu. Bu prosesin nəticəsində Ermənistan
təkcə 1993-cü ildə 1992-ci illə müqayisədə sənaye məhsulu istehsalının
60 faizini, ərzaq məhsulları istehsalının isə 50 faizini itirdi.
Nə
qədər təzadlı olsa da, keçmiş sovet məkanına daxil olan digər
respublikalardan fərqli olaraq, Ermənistanda dövlət müstəqilliyinin əldə
edilməsi onun tərəqqisindən daha çox, tənəzzülünə xidmət etdi. Başqa
sözlə, Ermənistanın siyasi "azadlığı” ona iqtisadi fəsadlar gətirdi. Bu,
bir daha işğalçı ölkənin "müstəqil dövlətçiliyi”nin dərin tarixi
köklərə malik olmadığını göstərdi.
Ermənistan dünyaya yaydığı
informasiyalarda Azərbaycan və Türkiyə tərəfindən blokadaya alındığını
bəyan edir. Bu, o deməkdir ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu
və ətraf 7 rayonunu işğal etməsinə, Naxçıvanı blokadada saxlamasına
baxmayaraq, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərindən
istifadə etmək iddiasındadır.
Erməni separatizminə cavab olaraq,
Azərbaycan Ermənistana gedən nəqliyyat dəhlizi vasitəsilə yük
daşımalarını 1989-cu ildən etibarən dayandırmışdır. Sovet ittifaqı
dövründə Ermənistanın yük dövriyyəsinin 90 faizi Azərbaycanın nəqliyyat
infrastrukturu hesabına təmin edilirdi. Təkcə Ermənistanın idxal etdiyi
malların 85 faizi Azərbaycandan keçən dəmir yolu vasitəsilə daşınırdı.
Yanacaq ehtiyatlarının 80 faizini isə işğalçı ölkə ərazimizdən keçən qaz
kəməri və dəmir yolu vasitəsilə idxal edirdi.
Ermənistanın
Azərbaycandan asılılığını xarakterizə edən bu rəqəmlərə nəzər saldıqda
erməni separatçılarının öz ölkələri üçün nə qədər ciddi problem
yaratdığı bir daha aydın olur. Ermənistan "xarici dəstəkdən” istifadə
edərək Azərbaycan ərazisinin 20 faizini işğal etməklə, əslində çox şey
itirdi. Hər şeydən əvvəl, neftin və qazın nəqlinə görə əldə edə biləcəyi
sabit valyuta gəlirlərindən məhrum oldu. Gürcüstan kimi Ermənistan da
Azərbaycanın həyata keçirdiyi transmilli enerji və nəqliyyat
layihələrindən faydalana bilərdi...
Yeni ərazi davası aparan
qonşumuzun sosial-iqtisadi problemlərinin kəskinləşməsi hər şeydən əvvəl
onun regional iqtisadi inteqrasiya prosesində iştirak etməməsi ilə
bağlıdır. Əgər Ermənistan ərazi iddialarından əl çəksəydi və
Azərbaycanla Gürcüstanın, o cümlədən Türkiyənin birgə həyata keçirdiyi
strateji iqtisadi layihələrə qoşulsaydı, xarici dövlətlərdən topladığı
"ianələrdən” dəfələrlə artıq gəlir əldə edə bilərdi.
Ermənistan
özünün neftə və qaza olan tələbatını bütünlüklə idxal hesabına ödəyir.
Yəni, bu ölkənin xaricdən enerji asılılığı var. Azərbaycanla sərhədlərin
bağlanması isə həmin enerji resurslarının nəqlini çətinləşdirir və
xərcini artırır.
Azərbaycan işğalçı dövlətlə həm də iqtisadi
gücün dili ilə danışır və Ermənistan bunun acı nəticələrini görməkdədir.
Təsadüfi deyildir ki, erməni iqtisadçılar öz iqtisadiyyatlarının
təhlili ilə bağlı hesabatların hər abzasında Azərbaycanın iqtisadi
təzyiqinin doğurduğu nəticələrdən geniş bəhs edirlər.
Hər bir
dövlətin başlıca vəzifəsi ölkə vətəndaşları üçün layiqli həyat
səviyyəsini təmin etməkdən ibarətdir. Lakin Ermənistan hökuməti bu
vəzifəni yerinə yetirmək əvəzinə, işğalçı və separatçı mövqeyi ilə öz
vətəndaşlarını məhrumiyyətlər qarşısında qoyur. Vaxtilə "Dağlıq Qarabağ uğrunda
mübarizə”yə qalxmış ermənilər, indi öz fiziki mövcudluğunu qoruyub
saxlamaq üçün mübarizə aparırlar. Sosial vəziyyəti kəskinləşməkdə olan
ermənilər vaxt gələcək özləri Ermənistan rəhbərliyini işğalçı və
separatçı mövqedən çəkindirməyə məcbur edəcəklər. Əks halda, Azərbaycan
tərəfdən Ermənistana qarşı iqtisadi gücün tətbiqinin davam etdirilməsi
işğalçı ölkəni sosial partlayış həddinə gətirib çıxaracaq. Bunun da acı
nəticələrini həm Ermənistan rəhbərliyi, həm Ermənistan vətəndaşları, həm
də Qarabağ erməniləri hiss edəcək…
Müstəqillik əldə etdikdən
sonra Ermənistanın iqtisadi problemləri təkcə Azərbaycanın iqtisadi
təzyiqlərinin nəticəsində deyil, həm də bu ölkənin iqtisadi dayaqlarının
zəifliyi ilə əlaqədar olaraq kəskinləşmişdir. Təsadüfi deyildir ki,
beynəlxalq iqtisadi təşkilatlar öz analitik hesabatlarında işğalçı
ölkənin iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələr qrupuna daxil
edirlər.
Statistik məlumatların təhlili göstərir ki, Azərbaycan
bir sıra makroiqtisadi göstəricilərə görə Ermənistanı dəfələrlə
qabaqlayır. Hər bir dövlətin maliyyə təminatı onun büdcəsinin vəziyyəti
ilə müəyyən edilir. Ermənistanda vergi bazasının ilbəil məhdudlaşması
dövlət büdcəsinin icrası sahəsində ciddi problemlər yaratmaqdadır.
Dövlət büdcəsindəki gərginliyin nəticəsidir ki, Ermənistanın xarici borcu 2017-ci ildə kritik həddə - 5,4 mlrd. ABŞ
dollarına çatmışdır. Bu, ÜDM-in təxminən 60 faizini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, iqtisadi təhlükəsizlik baxımından kritik
hədd 40 faiz hesab olunur.
Azərbaycanda və Ermənistanda xarici
borcu təhlil edərkən bir cəhəti də nəzərə almaq lazımdır. Belə ki,
beynəlxalq maliyyə təşkilatları borc vəsaitlərini ölkəmizə kredit
qabiliyyətli olmasına, yəni bu borcu qaytarmaq üçün potensial valyuta
ehtiyatlarına malik olduğuna görə ayırırlarsa, Ermənistan bu kreditləri
xarici ölkələrdə fəaliyyət göstərən lobbisi hesabına əldə edir.
Milli iqtisadiyyatımızın xarici investorlar üçün daha cəlbedici olması Cənubi Qafqaz regionuna yatırılmış sərmayənin əsasən ölkəmizdə cəmləşməsinə şərait yaradır. Artıq Azərbaycan Qafqazın
əsas ticarət və investisiya mərkəzinə çevrilməkdədir. Neft kapitalı da
daxil olmaqla indiyə kimi Azərbaycana cəlb edilən xarici
investisiyaların həcmi 2003-2017-ci illərdə 117,8 mlrd. ABŞ
dolları təşkil etmişdir. Təsadüfi deyildir ki, ölkəmiz xarici
investisiyaların adambaşına düşən həcminə və ÜDM-dəki payına görə bir
çox ölkələri qabaqlayır.
Hər bir ölkənin iqtisadi
təhlükəsizliyini xarakterizə edən əsas göstəricilərdən biri valyuta
ehtiyatlarının həcmidir. Ermənistanda bu göstərici 2017-ci ildə 2,3
mlrd. ABŞ dolları təşkil etdiyi halda, Azərbaycanda bu rəqəm təxminən 42 mlrd. ABŞ dollarına çatır. Bu isə Ermənistanla müqayisədə 18 dəfə çoxdur.
Azərbaycan
təkcə valyuta ehtiyatlarının həcminə görə deyil, həm də onun
strukturuna və artım tempinə görə əlverişli mövqeyə malikdir. Valyuta
ehtiyatlarının strukturunun təhlili göstərir ki, Ermənistan öz valyuta
sərvətlərini əsasən xarici dövlətlərin ianələri və beynəlxalq maliyyə
təşkilatlarının kreditləri hesabına formalaşdırır. Başqa sözlə, o, sabit
valyuta gəlirlərinə malik deyil. Azərbaycan isə öz valyuta
ehtiyatlarını əsasən qazanılmış, yəni, ixracdan əldə edilən valyuta
gəlirləri hesabına formalaşdırır.
İqtisadi təhlükəsizliyi
xarakterizə edən başqa bir göstərici ölkənin enerji ilə təchiz olunma
səviyyəsidir. 1989-cu ilədək Ermənistanın qazla təchizatını əsasən
Rusiya, Türkmənistan və Azərbaycan həyata keçirirdi. Ermənistanın
separatçı fəaliyyətinə qədər Azərbaycan Transqafqaz Enerji Sistemi
çərçivəsində bu ölkənin enerji təchizatında həlledici rol oynayırdı.
İndi isə işğalçı Ermənistanın enerji təminatının aşağı səviyyədə olması
artıq bu ölkəni iqtisadi uçuruma yaxınlaşdırıb...
Hər hansı bir
ölkənin sosial vəziyyətini və perspektivini əhalinin sayının artım
tempi, başqa sözlə demoqrafik meyillər müəyyən edir. BMT-nin
statistik məlumatlarına əsasən, əhalinin orta illik sayı Azərbaycanda
artdığı halda, Ermənistanda əksinə, hər il azalmışdır. Ermənistan üçün
ciddi təhlükə doğuran bu meyil, həm də on minlərlə Ermənistan
vətəndaşının ölkəni tərk etməsi ilə müşayiət edilir.
Hazırda
Azərbaycan dünyanın qabaqcıl dövlətlərinin iqtisadi maraqlarını özündə
birləşdirən regional strateji-iqtisadi mərkəzə çevrilib. Belə bir
mövqenin qorunub saxlanılmasını ölkəmizin milli dövlətçilik maraqları
tələb edir. Bu gün bizim başlıca məqsədimiz Azərbaycan Respublikasının
bir dövlət kimi gücünü və qüdrətini daha da artırmaqdan, onun iqtisadi
dayaqlarını möhkəmləndirməkdən ibarətdir. Bu, ona görə lazımdır ki,
güclü Azərbaycan dövləti həm işğal olunmuş torpaqlarımızı azad etməyə,
həm də ölkəmizin ərazi bütövlüyünü qorumağa qadir olmalı və bunun üçün
özünün hərbi və iqtisadi potensialını daha da artırmalıdır.
DÖVLƏT İDARƏÇİLİYİNİN PRİNSİPLƏRİ VƏ İNSTİTUSİONAL İSLAHATLAR
"Biz
Azərbaycan xalqı üçün işləyirik. Onlar bizə bu etimadı göstəriblər və
biz də bu etimadı doğrultmalıyıq...”10. Bu fikirlərlə İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti olaraq dövlət idarəçiliyi sahəsində əsas prinsipini bəyan etmiş oldu.
Prezident İlham Əliyevin
"Vətəndaşlar dövlətə deyil, dövlət vətəndaşlara xidmət etməlidir”
prinsipini rəhbər tutması həyata keçirilən idarəetmə islahatlarında, ilk
növbədə, ölkə vətəndaşlarının maraq və mənafelərinin önə çəkilməsini
bir daha təsdiq edir. İnstitusional islahatlar dövlət məmurları
tərəfindən ölkə vətəndaşlarına göstərilən xidmətin daha da
təkmilləşməsinə və yaxşılaşdırılmasına yönəldilmişdir.
Ölkə
rəhbərliyi tərəfindən tətbiq edilən idarəetmə texnologiyasının əsas
cəhətlərindən biri hər bir məmurun fəaliyyətinin əldə edilmiş konkret
nəticələr əsasında qiymətləndirilməsidir. Fəaliyyətin nəticələrə görə
qiymətləndirilməsi prinsipi bir qayda olaraq, dövlət məmurlarının öz
işinə daha məsuliyyətlə yanaşması ilə nəticələnir, digər bir tərəfdən də
dövlət idarəetmə aparatının daha səmərəli və məhsuldar işləməsinə zəmin
yaradır.
Prezident İlham Əliyev 2003-cü ildə Nazirlər Kabinetinin
ilk iclasında yeni təsdiq etdiyi hökumət üzvlərinə müraciət edərək
demişdir: "Mən bildirmək istəyirəm ki, hər birinizin gələcək fəaliyyəti
nəticələrdən asılı olacaqdır. Bütün sahələrdə nəticələr olmalıdır...
Hamıdan tələb edirəm ki, öz işinə məsuliyyətlə yanaşsın və öz vəzifə
borcunu vicdanla yerinə yetirsin”11.
Bu gün idarəetmə sistemində
aparılan dəyişikliklər idarəetmə texnologiyasında müasir üsul və
formaların tətbiq edilməsinə, bəzi dövlət orqanlarında mövcud olan
süstlük və ətalətin aradan qaldırılmasına, onların koordinasiyasının
daha səmərəli və çevik təşkil edilməsinə, dövlət qulluğunun müasir
tələblərə uyğun qurulmasına yönəldilmişdir.
Dövlət başçısı artıq
ölkənin sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı
təxirəsalınmaz vəzifələr müəyyən edib. Bunu, əslində, iqtisadi quruculuq
prosesinin yeni mərhələsinin vəzifələri də hesab etmək olar. Bu
vəzifələrin dövlət orqanları tərəfindən uğurla yerinə yetirilməsi ölkə
vətəndaşları qarşısında nə qədər şərəflidirsə, bir o qədər də
məsuliyyətlidir.
Müəyyən edilmiş hədəflərə çatmaq üçün görülən
işlərə peşəkar yanaşmadan başqa, həm də komanda prinsipinə ciddi riayət
edilməsi tələb olunur. Komanda prinsipi heç də hər bir dövlət məmurunun
eyni cür düşünməli olduğunu deyil, ölkənin inkişafının strateji
istiqamətləri ilə bağlı vahid mövqe nümayiş etdirmələrini, qarşıya
qoyulan məqsəd və vəzifələrin reallaşdırılması naminə bütün səylərini
səfərbər etmələrini nəzərdə tutur.
Öz fəaliyyətini siyasi
müstəvidəki konyunktur dəyişiklikləri üzərində quran, daha çox
qeyri-səmimiliyi, süst və ətalətli fəaliyyəti ilə seçilən, komanda
prinsipini qətiyyən gözləməyən məmurlarla Azərbaycanın inkişafı naminə
müəyyən edilmiş ali məqsədlərə çatmaq üçün vaxt baxımından çox böyük
itkilərə yol verə bilərik. Bu baxımdan Prezident İlham Əliyev
yerli sahibkarlarla görüşü zamanı dövlət məmurlarının vahid komanda
şəklində çalışmasının vacibliyini heç də təsadüfən söyləməmişdir:
"Azərbaycanın gözəl gələcəyi var. Azərbaycanda sabitlik var.
Azərbaycanda gözəl insan potensialı var, çox peşəkar insanlar var.
Əlbəttə, siyasi iradə də var. Əgər biz hamımız hərə öz yerində bu
istiqamətdə vahid bir komanda kimi çalışsaq, əminəm ki, yaxın zamanlarda
Azərbaycanda sahibkarların qarşısında heç bir problem olmayacaqdır”12.
Prezident İlham Əliyevin çıxışları və söylədiyi fikirlər əsasında onun kadr siyasətinin konturlarını da görə bilərik. Cənab Prezident
müsahibələrinin birində qeyd edir: "Hesab edirəm ki, Azərbaycanda çox
güclü kadr potensialı yaranıbdır. Bu potensialı, peşəkar insanları
qorumaq lazımdır. Sizə deyim ki, onlar Azərbaycanda o qədər də böyük
sayda deyillər. Əlbəttə, hər bir məmura, hər bir vəzifəli şəxsə eyni
gözlə baxıram. Mən ayrı-seçkilik eləmirəm və hesab edirəm, kim öz vəzifə
borcunu ləyaqətlə yerinə yetirirsə, əlbəttə, öz işinə davam etməlidir”.
Hər
bir məmur kadr məsələsində dövlət maraqlarına uyğun meyarları əsas
götürməli və öz fəaliyyəti ilə kadr siyasətinə kölgə salmamalıdır.
Ayrı-ayrı məmurların kadrlara münasibətdə özbaşınalığı, cılız və
subyektiv yanaşması nəticəsində kadr potensialının itirilməsinə imkan
vermək olmaz.
Azərbaycanda institusional islahatların
mahiyyətinin, onun məqsəd və vəzifələrinin düzgün qiymətləndirilməsi
struktur dəyişikliklərinin uğurla aparılmasının həlledici şərtlərindən
biridir. Lakin müşahidələr göstərir ki, idarəetmə islahatlarının
"fəlsəfəsi” ilə bağlı bir-birindən fərqli təsəvvürlər mövcuddur.
İdarəetmə
islahatları bir qayda olaraq, yalnız azad iqtisadiyyatın inkişafına və
bürokratik meyillərin aradan qaldırılmasına, çevik idarəçiliyə və
koordinasiyaya şərait yaratdığı halda iqtisadi və təşkilati baxımdan
müsbət nəticələr əldə olunur. Ümumiyyətlə, dövlət idarəetmə sistemində
islahatlar ağrılı və çətin prosesdir. Lakin siyasi hakimiyyəti güclü və
sabit olan ölkələrdə iqtisadi islahatlar və struktur dəyişiklikləri
rəvan bir şəkildə həyata keçirilir. Çünki hakimiyyətin siyasi gücü həmin
islahatların aparılması yolunda qarşıya çıxan "maneələri” asanlıqla dəf
etməyə imkan verir.
Bütün postsosialist ölkələri və keçmiş
ittifaq respublikaları kimi Azərbaycan da bazar iqtisadiyyatına keçid
prosesinə qəbul edilmiş ümumi "reseptlər” əsasında başlamışdır. Bu
mənada transformasiya dövrünü yaşayan ölkələrdə iqtisadi islahatların
gedişi və onun mərhələləri bir-birindən demək olar ki, fərqlənmirdi.
Başlıca fərq həmin ölkələrin seçmiş olduğu tənzimləmə və idarəetmə
modelindədir. Sözsüz ki, iqtisadi potensialı, sənaye strukturu, milli
iqtisadi maraqları, geopolitik mövqeyi, yeni iqtisadi münasibətlərin
formalaşması sürəti bir-birindən fərqli olan ölkələrin tənzimləmə modeli
və idarəetmə sistemi də eyni ola bilməz. Buna görə də Prezident İlham Əliyev
tərəfindən Azərbaycanda sosial-iqtisadi inkişafın spesifik
xüsusiyyətlərini və mövcud reallıqlarını nəzərə alan iqtisadi tənzimləmə
modeli və idarəetmə sistemi qurulmuşdur.
Dövlət idarəetmə
sisteminin yenidən qurulması prosesində diqqət yetirilməli mühüm
məsələlərdən biri idarəetmə islahatlarının iqtisadi islahatların tempi
ilə düzgün əlaqələndirilməsidir. Yəni, idarəetmə sisteminin
restrukturizasiyası ilə yeni iqtisadi sistemin formalaşması bir-birini
tamamlamalıdır. Bu baxımdan ölkəmizdə idarəetmə sisteminin
təkmilləşdirilməsi iqtisadi islahatların gedişi ilə sinxronlaşdırılır və
bu da, öz növbəsində, iqtisadiyyatın səmərəli tənzimlənməsinə əlverişli
şərait yaradır.
Dövlət idarəetmə sistemində islahatların yeni
mərhələsi artıq reallaşmaqdadır. Struktur islahatlarının uğurla
nəticələnməsi dövlət orqanlarının hüquq və səlahiyyətləri ilə
məsuliyyətlərinin balanslaşdırılmasından, idarəetmə sistemində
şəffaflığın, iqtisadiyyatda isə debürokratizasiyanın təmin edilməsindən
asılıdır. Bu isə son nəticədə dövlət qurumları ilə biznes sektoru
arasında münasibətlərin daha sağlam əsaslar üzərində qurulmasına şərait
yaradır.
İqtisadiyyatın liberallaşdırılması və yeni iqtisadi
münasibətlərin formalaşması, dövlət sektoru ilə xüsusi sektor arasında
nisbətin dəyişməsi öz-özlüyündə dövlətin iqtisadi funksiyalarını müəyyən
etmir. İstər Qərbi, istərsə də Şərqi Avropa
ölkələrinin təcrübəsi göstərir ki, bu ölkələrin iqtisadi inkişafı eyni
prinsiplərə əsaslansa da, dövlətin iqtisadiyyatdakı rolu bir-birindən
fərqlənir. Belə bir fərq hər şeydən əvvəl hər bir dövlətin öz qarşısına
qoyduğu vəzifələrin və bu vəzifələrin həyata keçirilməsi üçün seçilmiş
olan üsul və vasitələrin müxtəlifliyindən irəli gəlir.
Dövlət
idarəetmə aparatının yenidən təşkili Azərbaycan Respublikasının
Konstitusiyasına və ölkəmizin dövlət quruculuğu sahəsində əldə etdiyi
uğurlara əsaslanaraq, yeni iqtisadi düzənin prinsiplərini, müstəqil
dövlətimizin qloballaşan dünyaya inteqrasiyasının bugünkü reallıqlarını,
milli iqtisadiyyatımızın inkişaf meyillərini, nəhayət, formalaşmaqda
olan iqtisadi sistemin tələblərini nəzərə almaqla həyata keçirilir.
İdarəetmə
sistemində islahatları ayrı-ayrı dövlət orqanlarının ləğvi və ya
birləşdirilməsi, yaxud da yeni strukturların yaradılması kimi
xarakterizə etmək olmaz. İnstitusional islahatlar birinci növbədə dövlət
strukturlarının tənzimləyici rolunun gücləndirilməsini və onların
fəaliyyətinin səmərəliliyini təmin etməlidir. Bu, heç də bürokratik
meyillərin dərinləşdirilməsi demək deyil. Əksinə, idarəetmə sistemində
aparılan islahatlar dövlət idarəetmə orqanlarının debürokratizasiyasına,
iqtisadiyyatda dövlət inhisarçılığının aradan qaldırılmasına şərait
yaratmalıdır.
İdarəetmə islahatları ayrı-ayrı dövlət orqanlarının
əsasnamələrinə yenidən baxılmasını və onların ciddi şəkildə
ekspertizadan keçirilməsini tələb edir. Belə ki, iqtisadi yönümlü dövlət
orqanlarının bir çoxunun fəaliyyətində bir-birini təkrarlayan
funksiyalar və vəzifələr mövcuddur. Qüvvədə olan əsasnamələrin yenidən
hazırlanması iqtisadiyyatın idarə edilməsi sahəsində təkrarçılığı aradan
qaldıra bilər. Dövlət orqanlarının təşkilati strukturunu vahid meyar və
prinsiplərlə formalaşdırmaq məqsədi ilə nazirlik və komitələr, agentlik
və xidmətlər üzrə yeni nümunəvi əsasnamənin hazırlanması da
məqsədəuyğundur.
Azərbaycanın dövlət idarəetmə aparatında nəzərdə
tutulan dəyişikliklər ölkənin mövcud reallıqlarına cavab verməklə
yanaşı, həm də Əsas Qanunumuzun tələblərinə uyğun olaraq həyata
keçirilir. Konstitusiyaya əsasən ali icra hakimiyyəti Azərbaycan
Respublikasının Prezidentinə mənsubdur. Dövlət idarəetmə aparatı da bu prinsipə uyğun olaraq fəaliyyət göstərməli və təkmilləşdirilməlidir.
Hesab
edirik ki, Azərbaycanda prezidentli respublika üsuli-idarəsinin
seçilməsi iqtisadi sistemin transformasiyasının və radikal iqtisadi
islahatların həyata keçirilməsinin sürətləndirilməsi baxımından özünü
doğrultmuşdur. Təsadüfi deyildir ki, bir çox ekspertlər keçid
mərhələsində olan ölkələr üçün prezidentli respublikaya əsaslanan dövlət
idarəçiliyini daha məqsədəuyğun hesab edirlər.
Azərbaycan
Respublikasının Konstitusiyası iqtisadi idarəçilik sahəsində ali
hakimiyyət və dövlət orqanlarının hüquq və səlahiyyətlərini, əsas
vəzifələrini dəqiq müəyyən etmişdir. Belə ki, ali icra hakimiyyəti -
Azərbaycan Respublikasının Prezidenti dövlətin iqtisadi və sosial proqramlarını təsdiq etməklə sosial-iqtisadi siyasəti müəyyən edir. Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin
yuxarı icra orqanı kimi dövlət proqramlarının icrasını, yəni, ölkə
başçısı tərəfindən müəyyən edilmiş iqtisadi siyasətin həyata
keçirilməsini təmin edir. Mərkəzi icra hakimiyyəti orqanları isə öz
səlahiyyətləri daxilində müvafiq proqramların reallaşdırılmasında
iştirak edir, dövlətin ayrı-ayrı sahələr üzrə müəyyən edilmiş siyasətini
həyata keçirir.
Məlum olduğu kimi, "Azərbaycan Respublikasının
Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının Referendum Aktı 2016-cı il sentyabrın 26-da keçirilmiş
ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir. Konstitusiya
islahatları çərçivəsində Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti və vitse-prezidentləri institutu yaradılmışdır.
Xüsusilə də Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixli Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun
və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi ölkəmizin dövlət
idarəçiliyi tarixində yeni mərhələnin əsasını qoydu. Bu təyinat ali
dövlət idarəçiliyinin təkmilləşdirilməsi və daha da gücləndirilməsi,
hüquqi dövlət quruculuğu prosesinin sürətləndirilməsi, dövlət idarəetmə
orqanlarında qərarların operativ qəbulu, sosial-humanitar sahədə dövlət
siyasətinin uğurla həyata keçirilməsi baxımından müstəsna əhəmiyyətə
malikdir.
Ölkə iqtisadiyyatının sürətlə yeniləşdiyi bir vaxtda
iqtisadi yönümlü dövlət orqanlarının fəaliyyətinin səmərəli
koordinasiyasının təmin edilməsi xüsusi aktuallıq kəsb edir. Dövlət
idarəetmə sistemində islahatlar hər şeydən əvvəl iqtisadi idarəetmə və
tənzimləmə "yükü”nün dövlət orqanları arasında "səmərəli” və "ədalətli”
bölgüsünə yönəldilməlidir.
Azərbaycan Respublikasının Prezidenti
tərəfindən iqtisadi məsələlərə sistemli və kompleks şəkildə baxılması
islahatların gedişinə mane olan amillərin, iqtisadiyyatımızın zəif
nöqtələrinin vaxtında aşkar edilməsində həlledici rol oynayır. Belə bir
yanaşma iqtisadi siyasəti hazırlayan və koordinasiya edən strukturlara
daha səmərəli işləmək üçün əlverişli şərait yaradır.
İnstitusional
islahatların mühüm istiqamətlərindən biri antikorrupsiya tədbirlərinin
həyata keçirilməsidir. 2004-cü ildə "Korrupsiyaya qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi bu sahədə
hüquqi bazanı formalaşdırmaqla yanaşı, həm də hakimiyyətin korrupsiya
ilə mübarizədə siyasi iradəsini nümayiş etdirdi.
Həmin ildə Prezident İlham Əliyev
"Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”nı (2004-2006-cı
illər) təsdiq etdi. Proqramda korrupsiyanın qanunun aliliyinə, dövlət
idarəçiliyinin səmərəli fəaliyyətinə, iqtisadi inkişafa təhlükə
yaratdığı qeyd olundu və korrupsiyaya qarşı mübarizədə ümumi dövlət
siyasətinin həyata keçirilməsinin vacibliyi bir daha bəyan edildi.
Dövlət Proqramının icra müddəti bitdikdən sonra Prezident İlham Əliyev
2007-ci ildə "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya”nı və onun həyata keçirilməsi ilə bağlı
2007-2011-ci illər üçün Fəaliyyət Planını təsdiq etmişdir. Bu
strategiyaya əsasən korrupsiyaya qarşı mübarizənin institusional
mexanizminin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının
fəaliyyətində şəffaflığın artırılması və bu sahədə dövlət siyasətinin
davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulurdu.
Şəffaflığın
artırılması ilə bağlı beynəlxalq təşəbbüslərə öz töhfəsini verə bilmək
üçün ölkəmiz 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulmuşdur. Prezident İlham Əliyev
dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin təmin edilməsi
məqsədi ilə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli
Fəaliyyət Planı”nı təsdiq etdi. Bu çərçivədə həyata keçirilən
tədbirlərin davamlılığını təmin etmək üçün 2016-2018-ci illəri əhatə
edən yeni fəaliyyət planı da qəbul edildi.
Açıq hökumət
prinsiplərindən biri olan ictimai iştirakçılığın genişlənməsi üçün
qanunvericilik bazasını təmin edən "İctimai iştirakçılıq haqqında”
Azərbaycan Respublikası Qanununun qəbulu dövlət orqanları yanında
ictimai şuraların yaradılmasını, ictimai əhəmiyyət kəsb edən qanun və
qərar layihələrinin müzakirəsində və dövlət orqanlarının fəaliyyətində
vətəndaş cəmiyyəti institutlarının yaxından iştirakına şərait
yaratmışdır.
İdarəetmə sistemində şəffaflığın təmin edilməsi üçün
dövlət idarəçiliyində müasir informasiya texnologiyalarının
imkanlarından maksimum istifadə edilməsi tələb olunur. Son illər
inzibati prosedurlar və dövlət orqanlarının göstərdikləri xidmətlərin
elektronlaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilmişdir.
2017-ci ildə 91 qurum elektron hökumət portalı vasitəsilə 438-dək
elektron xidmət göstərmişdir.
Dövlət idarəçiliyində şəffaflığın
təmin edilməsində "ASAN xidmət”in yaradılması xüsusi əhəmiyyət kəsb
edir. "ASAN xidmət” – Azərbaycan Respublikasında dövlət orqanları
tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini
təmin edən mərkəzdir. 2013-cü ildən fəaliyyətə başlayan "ASAN xidmət” BMT-nin
2015-ci ildə "Dövlət Xidmətləri Mükafatına” layiq görülmüşdür. "ASAN
xidmət”ə indiyə qədər edilən müraciətlərin sayı 20 milyonu keçib.
İdarəetmə
islahatları, ilk növbədə, hökumətin iqtisadi blokunu əhatə edir. Bu isə
tamamilə təbii qəbul edilməlidir. Belə ki, iqtisadi yönümlü dövlət
orqanlarının təşkilati strukturu və funksiyaları yeniləşməkdə olan
iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmalıdır. Yeni iqtisadi şəraitdə
iqtisadiyyatın idarə edilməsi və tənzimlənməsi köhnə idarəçilik
prinsiplərinə əsaslana bilməz.
DÖVLƏT NƏZARƏTİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ
Hər
bir ölkədə idarəetmə və dövlət nəzarəti sisteminin xüsusiyyətlərini
mövcud iqtisadi münasibətlərin xarakteri müəyyənləşdirir. Bu mənada
ölkəmizdə bazar münasibətlərinin tədricən formalaşması, iqtisadiyyatın
liberallaşması dövlət idarəetmə və nəzarət sistemində keyfiyyət
dəyişikliklərinə səbəb olmuş və onun fəaliyyətinə yeni məzmun vermişdir.
İstənilən
iqtisadi sistem özünə uyğun idarəetmə və tənzimləmə mexanizminin
yaradılmasını tələb edir. Nəzarət sistemi isə dövlət idarəetmə
sisteminin tərkib hissəsi və onun bir qolu olduğuna görə hüquqi dövlət,
demokratik cəmiyyət və azad iqtisadiyyat kimi prinsiplər bu sistemdə də
nəzərə alınmaya bilməz.
Əgər planlı təsərrüfat sistemində dövlət
idarəetmə aparatı iqtisadiyyat üzərində total nəzarət funksiyasını
yerinə yetirirdisə, yeni mərhələdə dövlət orqanları daha çox
tənzimləyici rol oynamalıdırlar. Nəzarət funksiyaları isə ciddi şəkildə
reqlamentləşdirilməlidir.
Heydər Əliyev
dövlət nəzarəti sisteminin yenidən təşkilinə xüsusi diqqət yetirirdi.
Ümummilli Liderin imzaladığı iki mühüm sənəd – "İstehsal, xidmət,
maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və
əsassız yoxlamaların qadağan edilməsi barədə” 1996-cı il 17 iyun tarixli
və "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın
inkişaf etdirilməsi sahəsində süni maneələrin aradan qaldırılması
haqqında” 1999-cu il 7 yanvar tarixli fərmanlar bir çox hallarda
"nəzarətsizliyə” səbəb olan dövlət nəzarəti sistemində radikal
dəyişikliklərin əsasını qoydu.
Məhkəmənin qərarı olmadan hüquq-mühafizə orqanlarının sahibkarlıq fəaliyyətinə müdaxiləsi qadağan edildi. Vergilər Nazirliyinin
səyyar vergi yoxlamalarının sayı azaldıldı, işçi heyəti 40 faiz ixtisar
edildi. Yerli icra hakimiyyəti orqanlarının nəzarət qurumları ləğv
olundu.
Dövlət nəzarəti sistemində aparılan əsaslı dəyişiklikləri
heç də dövlət nəzarətinin yumşaldılması və ya aradan qaldırılması kimi
xarakterizə etmək olmaz. Dövlət heç bir halda qanunların pozulmasına,
dövlət əmlakı və vəsaitinin dağıdılmasına, mənimsənilməsinə göz yuma
bilməz. Əksinə, milli iqtisadiyyatını formalaşdıran bir ölkə kimi
Azərbaycanda dövlət nəzarəti daha da sərtləşdirilməli idi. Bu sərtlik
isə "məqsədli” əsassız yoxlamaların aparılması ilə deyil, qanun
pozuntularının aşkar edilməsi və onun nəticələrinin aradan qaldırılması
ilə müəyyən edilir. Bir sözlə, nəzarət sistemində aparılan islahatlar
dövlət nəzarətinin yumşaldılmasına yox, onun təkmilləşdirilməsinə,
səmərəliliyinin artırılmasına və bu sistemin bazar iqtisadiyyatının
tələblərinə uyğun yenidən təşkilinə yönəldilmişdir.
Dövlət
nəzarəti sistemində aparılan islahatların zəruriliyini və bu sahədə
müşahidə edilən dəyişikliklərin xarakterini müəyyən etmək üçün yaxın
keçmişimizə - amirlik iqtisadiyyatının təcrübəsinə nəzər salmalıyıq.
Bazar
münasibətlərinə əsaslanan iqtisadi sistemdən fərqli olaraq,
mərkəzləşdirilmiş planlı təsərrüfat sistemində dövlət nəzarəti
iqtisadiyyatın bütün sahələrini əhatə etməklə total xarakter daşıyırdı.
Əsas nəzarət obyekti olan dövlət müəssisələrinin fəaliyyəti tamamilə
reqlamentləşdirilmişdir. Onlar yalnız dövlət sifarişlərinin icraçıları
kimi fəaliyyət göstərirdilər. Sahibkarlıq fəaliyyəti, ticarət
vasitəçiliyi, valyutanın və qiymətli kağızların alqı-satqısı
qanunvericiliklə qadağan edilmişdir. Bu sahədə hər hansı bir fəaliyyət
son nəticədə cinayət məsuliyyətinə səbəb olurdu. Qadağaların çox olması
nəzarətin miqyasını da genişləndirmişdi.
Son illər ölkəmizdə
həyata keçirilən institusional islahatlar çərçivəsində dövlət nəzarəti
sisteminin təkmilləşdirilməsi istiqamətində ardıcıl və kompleks
tədbirlər görülməkdədir. Belə ki, "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci
il 20 oktyabr tarixli Qanununa əsasən sahibkarlıq sahəsində aparılan
yoxlamalar 2 (iki) il müddətinə dayandırılmışdır. Qanuna görə bu
müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına,
qida təhlükəsizliyinə və dövlətin maraqlarına mühüm təhlükə yaradan
hallar üzrə yoxlamalar aparıla bilər. Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 3 noyabr tarixli Fərmanı ilə sahibkarlıq sahəsində aparılan
yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək
uzadılmışdır.
Müqayisə üçün qeyd edək ki, yoxlamaların sayı onun
dayandırılmasından əvvəl 2 il ərzində 120 mindən çox idisə, yoxlamaların
dayandırıldığı növbəti 2 il ərzində bu rəqəm 200-dən az olmuşdur.
İqtisadiyyatın
geniş miqyasda liberallaşdığı, sahibkarlıq fəaliyyəti üçün qadağaların
aradan qaldırıldığı bir vaxtda dövlətin iqtisadi subyektlər üzərində
total nəzarəti artıq praktiki baxımdan mümkün deyil. Yeni şəraitdə
dövlətin iqtisadi nəzarəti əsasən maliyyə nəzarəti xarakteri
daşımalıdır. Bu cür nəzarət, öz növbəsində, maliyyə intizamının
artırılmasını, mülkiyyət formasından asılı olmayaraq, bütün iqtisadi
subyektlərin dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə
yetirilməsini, ölkənin maliyyə təhlükəsizliyini təmin etməlidir.
Maliyyə
nəzarətini yalnız büdcə-vergi nəzarəti ilə məhdudlaşdırmaq olmaz. O,
valyuta, gömrük və bank nəzarətini də əhatə etməklə maliyyə
resurslarının formalaşması, bölgüsü və istifadə edilməsi prosesinin
qanuniliyinə, məqsədəuyğunluğuna və səmərəliliyinə nəzarət edilməsi
sahəsində dövlət orqanlarının və auditor təşkilatlarının həyata
keçirdikləri tədbirlərin məcmusudur. Sistemli maliyyə nəzarətinin
təşkili aşağıdakı şərtlərin yerinə yetirilməsindən asılıdır:
- birincisi, maliyyə nəzarətinin subyektləri, yəni hansı qurumların nəzarət edəcəyi konkret müəyyən edilməli;
- ikincisi, maliyyə nəzarətinin obyektləri, yəni hansı qurumlara nəzarət ediləcəyi konkretləşdirilməli;
- üçüncüsü, nəzarətin predmeti – nəyə nəzarət olunduğu dəqiqləşdirilməli;
- dördüncüsü, nəzarətin prinsipləri, metod və metodologiyası, texnika və texnologiyası müəyyənləşdirilməlidir.
Maliyyə
nəzarətinin sistemliliyini təmin etmək üçün ən əsas şərt nəzarətin
nəticələri üzrə konkret qərarların qəbul edilməsidir. Yəni, maliyyə
nəzarətinin başlanğıc və son nöqtəsi olmalı və onların hər ikisi
bir-birini tamamlamalıdır.
Maliyyə nəzarətinin əsas
istiqamətlərindən birini büdcə nəzarəti təşkil edir. Maliyyə
nəzarətindən fərqli olaraq, büdcə nəzarətinin miqyası məhduddur. Belə
ki, büdcə nəzarəti əsasən dövlət sektorunu, dövlətin maliyyə
vəsaitlərindən istifadə edən müəssisə və təşkilatları əhatə edir.
Milli
iqtisadiyyatını formalaşdıran bir ölkə üçün büdcə nəzarəti və onun
səmərəli təşkili xüsusi əhəmiyyət kəsb edir. Dövlət özünün
funksiyalarını maneəsiz və normal bir şəkildə həyata keçirmək və
sosial-iqtisadi prosesləri çevik tənzimləmək imkanına malik olmalıdır.
Bu imkanların reallaşması isə dövlət vəsaitinin həcmi ilə müəyyən
olunur. Dövlətin malik olduğu maliyyə resursları nə qədər çox olarsa,
onun sosial-iqtisadi proseslərə təsir etmək imkanları da geniş olar. Bu
mənada ölkəmizdə büdcə nəzarəti bir tərəfdən maliyyə resurslarından
səmərəli və qənaətlə istifadə edilməsini təmin etməli, digər tərəfdən də
büdcə mədaxilinin artırılması üçün mövcud olan ehtiyatları aşkar
etməlidir.
Dövlət idarəetmə sisteminin səmərəliliyi həm də dövlət
vəsaitlərinin istifadə olunması vəziyyəti ilə bağlıdır. Buna görə də
son illərdə büdcə sistemi, dövlət satınalmaları və büdcə vəsaitlərinin
təyinatı üzrə istifadəsi ilə bağlı qanunvericilik təkmilləşdirilmiş,
hesabatlılıq və şəffaflığın artırılmasını, maliyyə inzibatçılığının
gücləndirilməsini nəzərdə tutan dəyişikliklər edilmişdir.
Prezident İlham Əliyev
tərəfindən qarşıya qoyulmuş tapşırıqların, qanunvericiliklə müəyyən
olunmuş vəzifə və funksiyaların icrasını təmin etmək üçün son illər
Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən bir sıra
addımlar atılmaqdadır. Nəzarət funksiyalarının gücləndirilməsi dövlətin
ali audit qurumuna yol verilmiş maliyyə və prosedur nöqsanlarının
müəyyən edilməsinə sistemli yanaşmanı tətbiq etməklə yanaşı, həmin
nöqsanların nəticələrinin aradan qaldırılması ilə bağlı təsirli
tədbirlərin həyata keçirilməsinə imkan yaratmaqdadır. Belə ki, son
illərdə nəzarət tədbirlərinin nəticəsi kimi dövlət büdcəsinə bərpa
edilmiş vəsaitlərin həcmi xeyli artmışdır.
Dövlət vəsaitləri
üzərində ictimai nəzarət mexanizmlərinin səmərəliliyi hesabatlılığın və
şəffaflığın təmin olunması ilə də sıx bağlıdır. Bu istiqamətdə Hesablama
Palatasının kənar dövlət maliyyə nəzarəti orqanı kimi atdığı addımlar,
xüsusilə də nəzarət tədbirləri ilə bağlı məlumatların
ictimailəşdirilməsi, tərtib olunmuş rəylərin və hesabatların
açıqlanması, vətəndaşlara QHT və KİV
tərəfindən yönəldilmiş sorğuların cavablandırılması, rüblük
bülletenlərin nəşri beynəlxalq standartların nəzərə alınması baxımından
olduqca əhəmiyyətlidir.
Atılan addımlar Hesablama Palatasının ali
audit qurumları icmasında yerini möhkəmləndirməklə yanaşı, beynəlxalq
reytinqlərdə ölkəmizin mövqeyinin yüksəlməsinə xidmət etməkdədir. Qeyd
etmək yerinə düşər ki, Beynəlxalq Büdcə Tərəfdaşlığı Təşkilatının Açıq
Büdcə İndeksi–2017 hesabatında Azərbaycan Respublikasının Hesablama
Palatasının dövlət büdcəsinə nəzarət sahəsində fəaliyyətini 100 ballıq
şkala üzrə 83 balla qiymətləndirmişdir.
Dövlət vəsaitlərindən
istifadə edən və ya dövlət mülkiyyətində olan müəssisə və təşkilatlara
maliyyə nəzarəti daha da sərtləşdirilməlidir. Nəzərə almaq lazımdır ki,
bu cür müəssisələr özəl şirkətlərdən fərqli olaraq israfçılığa meyilli
olurlar. Dövlət vəsaitlərindən qənaətlə istifadəni təmin etmək üçün
dövlət büdcəsi vəsaitlərinin konkret proqram və layihələr üzrə ayrılması
təcrübəsi genişləndirilməlidir.
Maliyyə nəzarəti sistemində
vergi nəzarəti orqanlarının üzərinə böyük məsuliyyət düşür. Müasir
dövrdə vergi siyasəti yalnız fiskal funksiyaları yerinə yetirmir, o, həm
də iqtisadi inkişafın stimullaşdırıcı aləti kimi çıxış edir. Bu
baxımdan vergi orqanlarının fəaliyyəti sahibkarlığın inkişafını
dəstəkləməlidir. Vergi xidmətində peşəkar və təmiz kadrlara üstünlük
verilməli, vergi əməkdaşlarının yüksək səviyyəli xidmət göstərməsi üçün
onlara normal iş rejimi yaradılmalıdır.
Vergi sisteminə hörmət və
inamın artırılması üçün ciddi addımlar atılmalı, vergiödəyiciləri ilə
münasibətlər qarşılıqlı hörmət və etimada əsaslanmalıdır. Vergi uçotunun
dəqiq aparılması, auditin real funksiyasının bərpa olunması, vergilərin
yığılmasından vergilərin ödənilməsinə keçidin təmin edilməsi yeni
mərhələdə vergi nəzarəti orqanlarının xüsusi diqqət yetirməli olduqları
fəaliyyət istiqamətləri olmalıdır.
Maliyyə nəzarəti sistemində
ölkənin iqtisadi sərhədlərini qoruyan gömrük orqanlarının da xüsusi yeri
vardır. Mövcud qanunvericiliyə əsasən gömrük orqanları dövlət icra
hakimiyyəti sistemində hüquq-mühafizə orqanı statusuna malik olsa da,
onlar daha çox vergi və valyuta nəzarəti funksiyası daşıyırlar. Bu
baxımdan Dövlət Gömrük Komitəsi özünün tənzimləyici və fiskal funksiyalarını digər maliyyə nəzarəti orqanları ilə uzlaşdıraraq həyata keçirməlidir.
"Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 4 mart tarixli Sərəncamına əsasən, elektron gömrük
xidmətlərinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı
tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi,
malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün
"Yaşıl dəhliz” və digər buraxılış sisteminin yaradılması istiqamətində
ciddi tədbirlər görülmüşdür.
2016-cı il aprel ayının 4-dən
etibarən gömrük prosedurlarının daha da sadələşdirilməsi, gömrük
xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi və xarici
ticarət əməliyyatlarının liberallaşdırılması məqsədi ilə elektron
bəyanetmə sisteminin tətbiqinə başlanmışdır.
Azərbaycanda bank
nəzarətini müasir dövrün tələblərinə uyğun qurmadan maliyyə nəzarəti
sistemini təkmilləşdirmək qeyri-mümkündür. Nəzərə almalıyıq ki, bir çox
qeyri-qanuni maliyyə əməliyyatlarının aparılması, "çirkli” pulların
rəsmi dövriyyəyə cəlb edilməsi, vergidən yayınma və sair bu kimi bir çox
hallar çevik bank nəzarətinin olmaması ilə əlaqədardır.
Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 3 fevral tarixli Fərmanına əsasən Maliyyə Bazarlarına
Nəzarət Palatası yaradılmışdır. Palata kreditorların, investorların və
sığortaolunanların hüquqlarını qoruyan qurumdur. Ölkənin qiymətli
kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti
sahələrinin çevikliyinin və şəffaflığının təmin edilməsi, eyni zamanda,
bu sahələrdə tənzimləmə və nəzarətin həyata keçirilməsi, maliyyə
sektorunun dayanıqlığının qorunub saxlanılması Palatanın missiyasına
daxil olan əsas vəzifələrdir.
Maliyyə nəzarətinin əsas
istiqamətlərindən biri kimi valyuta nəzarətinə xüsusi diqqət
yetirilməlidir. Valyuta nəzarəti orqanları gizli valyuta dövriyyəsinin
aradan qaldırılması, xarici valyutanın ölkədən qanunsuz olaraq
çıxarılmasının qarşısının alınması və ölkənin valyuta ehtiyatlarından
səmərəli istifadə edilməsi sahəsində təsirli tədbirlər görməlidirlər.
Ölkədə
müstəqil audit xidmətini inkişaf etdirmədən, onun fəaliyyətini
təkmilləşdirmədən maliyyə nəzarətinin müasir dövrün tələblərinə uyğun
qurulması qeyri-mümkündür. Bu sahənin inkişaf etdirilməsi, öz
növbəsində, yüksəkixtisaslı auditor kadrların hazırlanmasını, audit
xidmətinə tələbin artırılması üçün zəruri şəraitin yaradılmasını tələb
edir. Maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi statistikanın və
mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması ilə paralel
həyata keçirilməlidir.
Maliyyə nəzarətinin səmərəliliyini təmin
etmək üçün bu sahədə çalışan kadrların sosial problemlərinin həlli də
diqqət mərkəzində saxlanılmalıdır. Nəticələrə görə mükafatlandırma
sisteminin tətbiqi maliyyə nəzarətinin səmərəliliyini təmin edə bilər.
Nəzarət
orqanlarının fəaliyyətinin elektronlaşdırılmasına, bu sahədə müasir
telekommunikasiya sistemlərindən, informasiya texnologiyalarından geniş
istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir.
Dövlət nəzarəti
sistemində islahatların uğurla davam etdirilməsi bu sahədə görülən
işlərin iqtisadi islahatların gedişi və dövlət idarəetmə sisteminin
təkmilləşdirilməsi vəzifələri ilə əlaqələndirilməsini tələb edir.
AZƏRBAYCANDA NEFT SEKTORUNUN ÜSTÜN İNKİŞAFI "PATOLOGİYA”DIRMI?
Dünya
təcrübəsi göstərir ki, milli iqtisadiyyatını formalaşdırmaqda olan
ölkələrin iqtisadi inkişafı ilkin mərhələdə sənayenin bir və ya iki
aparıcı sahəsindən asılı vəziyyətdə olur və həmin sahələr ölkədəki
problemlərin həllində mühüm rol oynayır. Azərbaycanda da inkişaf üçün
lokomotiv funksiyasını məhz hasilat sənayesi yerinə yetirməli oldu. Bu
baxımdan maneələrə və təzyiqlərə baxmayaraq, Ulu Öndərin siyasi iradəsi
və qətiyyəti nəticəsində 1994-cü il sentyabrın 20-də "Əsrin
müqaviləsi”nin imzalanması ölkədə iqtisadi inkişafın əsasını qoydu.
Beləliklə, Azərbaycan həm də özünün siyasi və iqtisadi diplomatiya
tarixində böyük bir uğuruna imza atmış oldu. Əldə edilmiş bu nailiyyət
sonrakı mərhələdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi transmilli layihələrin reallaşması ilə tamamlandı.
"Əsrin
müqaviləsi” böyük siyasi əhəmiyyətə malikdir. Belə ki, onun imzalanması
dövlət müstəqilliyimizin təsdiqi kimi qiymətləndirilməlidir. Bu
müqavilə Azərbaycanın regionda geostrateji mövqeyini gücləndirmiş,
dünyanın aparıcı dövlətləri ilə əlaqələrimizin daha da inkişafına,
siyasi və iqtisadi diplomatiya sahəsində müstəqil dövlət kimi manevretmə
imkanlarımızın genişlənməsinə şərait yaratmışdır.
"Əsrin
müqaviləsi”nin iqtisadi əhəmiyyəti də çoxşaxəlidir. Belə ki, bu müqavilə
ilə Azərbaycanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Xarici
investisiyaların cəlb edilməsi üçün yaşıl işıq yandırıldı. Ölkəmiz
regional və beynəlxalq iqtisadi inteqrasiya prosesində daha yaxından
iştirak etməyə başladı.
Hər bir ölkənin təbii sərvəti iqtisadi
inkişaf üçün zəmin yaratsa da, onun həlledici şərti kimi çıxış etmir. Nə
qədər təzadlı görünsə də, dünyanın zəif inkişaf etmiş ölkələrinin
əksəriyyəti təbii ehtiyatları zəngin olan ölkələrdir. Belə bir təzad
həmin ölkələrdə mövcud iqtisadi potensialın reallaşdırılmasını təmin edə
bilən səmərəli iqtisadi sistemin yaradılmamasının nəticəsidir.
Ulu öndər Heydər Əliyev
məhz böyük şəxsiyyətlərə xas olan uzaqgörənliklə neft gəlirlərinin
idarə edilməsinin ən səmərəli modelini yaratdı. Bu model neftin
ixracından əldə edilən bütün valyuta gəlirlərinin Dövlət Neft Fondunda
toplanılmasını və həmin vəsaitlərin mərkəzləşdirilmiş qaydada istifadə
edilməsini nəzərdə tutur. Məhz bu mexanizmə əsaslanaraq, Prezident İlham Əliyev "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya”nı təsdiq etmişdir.
Dövlət
Neft Fondu neft gəlirlərinin səmərəli idarə edilməsi baxımından əsas
rol oynamaqla, mühüm makroiqtisadi funksiyanı yerinə yetirir: birincisi,
neft dollarının ölkənin valyuta bazarına təzyiq göstərməsinə imkan
vermir; ikincisi, dividendlər hesabına öz həcmini artıraraq, yığım
funksiyasını həyata keçirir; üçüncüsü, ölkənin maliyyə sistemini
"neftsiz iqtisadiyyat rejimi”nə uyğunlaşdırır.
Hazırda neft
sektoru ölkənin makroiqtisadi göstəricilərinə, xüsusilə də iqtisadi
artım tempinə, sənaye istehsalının, ixracatın və xarici investisiyaların
həcminə, büdcə və valyuta gəlirlərinə həlledici təsir göstərməkdədir.
Bu isə təbiidir.
Prezident İlham Əliyev
hələ Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olduğu dövrdə neft
sektorunun üstün inkişafı ilə bağlı qeyd etmişdir ki, Azərbaycan
iqtisadiyyatı hələ uzun illər neft amilindən asılı olacaq və bu,
reallıqdır. Onun fikrincə, neft amili 1994-cü ildən ölkənin iqtisadi
inkişafına böyük təkan verib və bu gün iqtisadiyyatın bütün sahələrinin
neft sektoru kimi inkişaf etməli olduğunu düşünmək sadəlövhlük olardı.
Hesab edirik ki, tamamilə məntiqi və populizmdən uzaq olan bu fikir
Azərbaycan iqtisadiyyatının mövcud reallıqlarına əsaslanır.
Neft
sektorunun milli iqtisadiyyatımızda payının artması məsələsinə gəlincə,
onun sənaye strukturundakı payına nəzər yetirmək kifayət etmir. Bunun
üçün həm də iqtisadi quruculuq prosesindəki meyilləri, makroiqtisadi
vəziyyəti, ölkənin real iqtisadi potensialını, milli sənayemizin
xüsusiyyətlərini, beynəlxalq konyunkturanın tələb və şərtlərini, nəhayət
keçid dövrünün reallıqlarını nəzərə almalıyıq.
Ümumiyyətlə, Azərbaycanda neft sənayesinin üstün inkişafını aşağıdakı amillər və səbəblər şərtləndirir:
Birincisi,
müstəqil dövlət quruculuğu mərhələsində olan və milli iqtisadiyyatını
inkişaf etdirməyə çalışan hər bir ölkə yaxın, orta və uzunmüddətli dövr
üçün müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən ötrü zəruri
maliyyə vəsaitinə malik olmalıdır. Bu vəsaiti isə bir qayda olaraq,
sabit gəlir mənbəyi və bunu əldə etmək üçün təminatlı satış bazarı olan
ölkələr əldə edə bilir. İlkin mərhələdə Azərbaycan üçün təminatlı bazar
məhz enerjidaşıyıcıları, xüsusilə də neft və neft məhsulları bazarı
oldu.
İkincisi, sənaye üzrə əsas fondların 44 faizi neft və qaz
hasilatı sektorunun payına düşür. Əsas fondların belə bir bölgüsü həm də
sənaye istehsalının sahəvi strukturunu, yəni neft sənayesinin üstün
inkişafını şərtləndirir.
Üçüncüsü, iqtisadiyyatın
liberallaşdırıldığı və kapitalın sərbəst hərəkətinə şərait yaradıldığı
ölkələrdə investisiyalar gəlirlilik səviyyəsi daha yüksək olan sahələrə
yatırılır. Bu baxımdan rentabelliyinə görə neft sənayesinin digər
sahələrdən fərqlənməsi xarici kapitalın əsasən bu sektorda cəmlənməsinə
səbəb olur.
Azərbaycanda neft sənayesinin üstün inkişafı
öz-özlüyündə ölkə iqtisadiyyatı üçün təhlükə doğurmur. Eyni zamanda,
indiki mərhələdə neft sektorunun milli iqtisadiyyatımızda, o cümlədən
sənayenin və ya ixracatın strukturunda payının artması patoloji proses
deyil. Əksinə, bu meyil milli iqtisadiyyatda müsbət dəyişikliklərə –
valyuta gəlirlərinin artmasına, xarici kapitalın cəlb edilməsinə,
qeyri-neft sektorunun və infrastruktur sahələrinin inkişafına şərait
yaradır.
Etiraf etmək lazımdır ki, təbii sərvətlər bir çox
ölkələrin əsas gəlir mənbəyinə çevrilərək onların iqtisadiyyatında mühüm
rol oynamışdır. Lakin son 20 ildə yüksəkixtisaslı işçi qüvvəsi, yüksək
texnologiyalar, nou-hau təbii resurslarla müqayisədə milli sərvəti
artırmağın daha etibarlı amili kimi çıxış etməkdədir.
Prezident İlham Əliyev
neft və qeyri-neft sektorunun inkişafının əlaqələndirilməsinə böyük
önəm verir: "Əgər biz öz iqtisadiyyatımızı şaxələndirməsək, yalnız və
yalnız iqtisadiyyatımızı neft amili üzərində qursaq, böyük uğurlar əldə
edə bilmərik. Neft hasil edən ölkələrin təcrübələri onu göstərir ki, bu,
yanlış yoldur. Biz neft amilindən, sadəcə olaraq, çox məharətlə
istifadə etməliyik və edirik ki, Azərbaycanın iqtisadiyyatı hərtərəfli
inkişaf etsin və gələcək nəsillərimiz neft amilindən asılı olmasın”13.
Heydər Əliyevin müəllifi olduğu neft strategiyası hazırda Prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilməkdədir. Belə ki, Azərbaycanda iki
milyard ton neft hasil olunması milli iqtisadiyyatımızın inkişaf
tarixinin əlamətdar hadisəsi kimi 2017-ci ildə təntənəli şəkildə qeyd
edilmişdir. Eyni zamanda, neft hasilatı sahəsində davamlılığı təmin
etmək məqsədi ilə "Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilədək
uzadılmışdır. Müqavilənin icrası nəticəsində Azərbaycana 40 mlrd. ABŞ
dolları həcmində investisiyanın yatırılacağı nəzərdə tutulur. Yeni
imzalanmış müqavilə Azərbaycan üçün daha da əlverişlidir. Belə ki,
müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6
mlrd. ABŞ
dolları həcmində bonus ödəniləcəkdir. Həmçinin Dövlət Neft Şirkətinin
payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət
neftinin səviyyəsi 75 faiz təşkil edəcəkdir.
Uğurlu neft strategiyasının reallaşması nəticəsində 2003-cü ilin sonuna 815,6 milyon ABŞ dolları təşkil etmiş Dövlət Neft Fondunun vəsaiti 2018-ci il 31 yanvar tarixinə 37,5 mlrd. ABŞ dollarına çataraq, təqribən 46 dəfə artmışdır. 2003-2018-ci illər ərzində Dövlət Neft Fonduna, ümumilikdə, 138,4 mlrd. ABŞ dolları həcmində vəsait daxil olmuşdur.
Prezident İlham Əliyev
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı”nı təsdiq etmişdir. "Qara qızıl”ın "insan
kapitalı”na çevrilməsi siyasəti çərçivəsində yüzlərlə azərbaycanlı
gəncin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərində təhsil
ilə bağlı xərcləri Dövlət Neft Fondunun vəsaiti hesabına
maliyyələşdirilmişdir. Dövlət Proqramının maliyyələşdirilməsi məqsədi
ilə 2008-2017-ci illər ərzində Dövlət Neft Fondu tərəfindən ayrılmış
205,5 milyon manat vəsait hesabına 3300-dən çox tələbə xarici ölkələrin
nüfuzlu ali məktəblərində təhsil almışdır.
Azərbaycan təkcə neft
deyil, həm də qaz ixrac edən ölkəyə çevrilməkdədir. Başqa sözlə,
ölkəmizin ixracat potensialı yaxın gələcəkdə neftlə yanaşı, həm də qazın
hesabına artacaq. Eyni zamanda, Azərbaycan qonşu ölkələrin neft-qaz
resurslarını dünya bazarlarına ötürən tranzit dövlətə çevrilməkdədir.
Bütün bunlar Azərbaycan iqtisadiyyatını dünya neft bazarındakı mənfi
konyunktur dəyişikliklərindən sığortalayan və risklilik dərəcəsini
azaldan amillər olaraq qiymətləndirilə bilər. Məsələ burasındadır ki,
dünya bazarında neftin və qazın qiyməti heç də eyni vaxtda
artıb-azalmır.
Hələ 1990-cı illərin ortalarında bəzi xarici
diplomatlar və ekspertlər qeyd edirdilər ki, Azərbaycan yaxın
perspektivdə "böyük imkanları olan yoxsul ölkə”dən zəngin təbii sərvəti
və sağlam iqtisadiyyatı olan varlı ölkəyə çevriləcək. Artıq bu gün
Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasındadır. Əminik ki, neft
strategiyasının qətiyyətlə davam etdirilməsi ölkəmizin iqtisadi
potensialının reallaşmasında, iqtisadi inkişafla sosial inkişafın
əlaqələndirilməsində bundan sonra da həlledici rol oynayacaq.
SAHİBKARLIĞIN İNKİŞAFI SAHƏSİNDƏ DÖVLƏT SİYASƏTİ
Azərbaycanda
sahibkarlığın inkişafı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri
kimi müəyyən edildiyinə görə özəl sektorun inkişafına dövlət tərəfindən
hər zaman siyasi-ideoloji dəstək verilib. Belə ki, ölkə başçısı
tərəfindən imzalanmış bütün qanun, fərman və sərəncamlar Azərbaycanda
bazar iqtisadiyyatının və sahibkarlığın inkişafına yönəldilib.
Sahibkarlığa bu cür siyasi dəstək bir tərəfdən özəl sektorun inkişafına
təkan verib, digər tərəfdən də xüsusi mülkiyyətçilik münasibətlərinin
daha da dərinləşməsinə və bu prosesin dönməz xarakter almasına şərait
yaradıb.
Cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti
statusunda jurnalistlərə ilk müsahibəsində söylədiyi bir fikri
xatırlatmaq istərdik: "Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti
mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və
bu istiqamətdə biz üzərimizə düşən vəzifələri yerinə yetirməyə
hazırıq”14.
Bəli! Prezident İlham Əliyev
son 15 ildə sahibkarlığın inkişafını iqtisadi sahədə dövlət siyasətinin
mühüm istiqaməti kimi müəyyən etdi. Əgər biz sahibkarlıq fəaliyyəti ilə
bağlı bütün qanunları diqqətlə nəzərdən keçirsək, görərik ki, onların
hər birində özəl sektorun inkişafı üçün güzəşt və imtiyazları, dövlət
yardımını, o cümlədən maliyyə dəstəyini nəzərdə tutan kifayət qədər
müddəalar var.
2010-cu ildə Bakı Biznes Mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev
sahibkarlarla görüşərkən təkcə sahibkarlığın inkişafına liberal mövqe
nümayiş etdirmədi. O, həm də uzun illərdən bəri sahibkarlıq fəaliyyətinə
mane olan bir sıra mənfi halların – inhisarçılığın, məmur
özbaşınalığının, korrupsiyanın və rüşvətxorluğun mövcudluğunu qeyd
edərək, bu kimi hallarla qətiyyətlə mübarizə aparılacağını bəyan etdi.
Dövlət başçısı özəl sektorun inkişaf etdirilməsi sahəsində gələcək
vəzifələri bir daha dəqiqləşdirmək məqsədi ilə sahibkarları açıq
müzakirəyə dəvət etdi.
Bu görüş dövlət orqanları ilə sahibkarlar
arasında sağlam və şəffaf münasibətlərin yaradılmasına xidmət etdi.
Görüşün nəticəsi olaraq, ölkə başçısı yerli istehsalçıların
dəstəklənməsi, iş adamlarına iqtisadi fəaliyyətə başlamaq üçün hər cür
şəraitin yaradılması, vergi orqanları tərəfindən qeyri-qanuni və
uzunmüddətli yoxlamaların, bəzi dövlət qurumlarında rüşvətxorluğun
aradan qaldırılması, hüquq-mühafizə orqanlarının sahibkarlıq
fəaliyyətinə müdaxiləsinin dayandırılması, inhisarçılığın qarşısının
alınması, sahibkarlığın inkişafı üçün kredit təminatının
yaxşılaşdırılması, regionların inkişaf etdirilməsi ilə bağlı müvafiq
dövlət orqanları qarşısında konkret vəzifələr müəyyən etdi və ötən 15 il
ərzində bu vəzifələrin ardıcıl olaraq həyata keçirilməsini təmin etdi.
Sahibkarlarla keçirilən bu görüş Prezident İlham Əliyevin
Azərbaycan iqtisadiyyatının, o cümlədən sahibkarlığın inkişaf
etdirilməsi ilə bağlı islahatçı mövqeyə və liberal baxışlara malik
olduğunu bir daha təsdiq etdi. Məsələn, ayrı-ayrı dövlət orqanları
tərəfindən dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətində
bir sıra tədbirlərin görülməsinə baxmayaraq, ölkə başçısı mövcud nəzarət
sistemini qənaətbəxş hesab etməmiş, xüsusilə də vergi yoxlamalarında
yol verilən ciddi nöqsanların aradan qaldırılmasını və vergi nəzarəti
prosedurunun təkmilləşdirilməsini, hüquqi şəxslərin dövlət qeydiyyatına
alınma müddətinin və lisenziyalaşdırılan fəaliyyət növlərinin sayının
azaldılmasını tələb etmişdir.
Prezident İlham Əliyev
yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki,
sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar
yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam
etdirəsiniz”15. Sahibkarlığın inkişafına münasibətdə bu cür ardıcıl
mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından
olduqca əhəmiyyətli olmuşdur.
Artıq sahibkarlıq fəaliyyəti üçün
müvafiq qanunvericilik bazası yaradılıb. Sahibkarlığa dövlət köməyi ilə
bağlı proqramlar qəbul edilib. Eyni zamanda, idarəetmə və dövlət
nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədi ilə ölkəmizdə
institusional islahatlar aparılır. Sahibkarlıq mühitini daha da
yaxşılaşdırmaq məqsədi ilə biznesin təşkili proseduru əhəmiyyətli
dərəcədə sadələşdirilir. Lisenziyaların və icazələrin sayı minimuma
endirilərək onların verilməsi, sahibkarlıq subyektlərinin qeydiyyatı
prosedurları "Bir pəncərə” prinsipinə əsaslanır.
Özəl sektorda
investisiya fəallığını artırmaq üçün Dövlət İnvestisiya Şirkəti
yaradılmış, investisiyaların təşviqi mexanizminin tətbiqinə
başlanılmışdır. Şirkət 2006-cı ildən aqrar və sənaye layihələrinin
icrasında fəal iştirak edir. ÜDM-in 83 faizinin özəl sektorun payına
düşməsi onu göstərir ki, artıq sahibkarlar iqtisadi inkişaf üçün
lokomotiv rolunu oynamaqdadır.
Bir çox ölkələrdə özəl sektorun
fəaliyyətinə dövlət həm birbaşa, həm də dolayı formada dəstək verir.
Dolayı maliyyə dəstəyi kontrakt sistemi vasitəsilə, yəni sahibkarların
dövlət sifarişlərinin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə
göstərilir. Yerli istehsalçıların dəstəklənməsi məqsədi ilə artıq
Azərbaycanda da bu təcrübədən geniş istifadə olunur.
Bazar
iqtisadiyyatının inkişaf etdiyi heç bir ölkədə dövlət orqanları iş
yerlərinin açılması ilə bilavasitə məşğul olmurlar. Onların fəaliyyəti
məşğulluğu stimullaşdırmaqla və əmək bazarını tənzimləməklə məhdudlaşır.
Hesab edirik ki, Azərbaycanda da iş yerlərinin açılması hər hansı
dövlət orqanının deyil, məhz sahibkarlıq qurumlarının fəaliyyəti
nəticəsində təmin edilməlidir. Artıq ölkəmizdə iş yerlərinin 75 faizinin
məhz özəl sektorun payına düşməsi bu prosesin dönməz xarakter aldığını
bir daha təsdiq edir.
Özəl sektorun inkişaf etdirilməsinin mühüm
istiqamətlərindən biri kiçik və orta sahibkarlığın dəstəklənməsidir. Bu
cür müəssisələr bir qayda olaraq, bazara daha çevik adaptasiya
olunurlar. Bu sahədə əsaslı dönüşə nail olmaq üçün Kiçik və Orta
Sahibkarlığın İnkişafı Agentliyi yaradılmışdır.
Sahibkarlığın
inkişaf etdirilməsi institusional islahatların davam etdirilməsini,
çevik fəaliyyət göstərən idarəetmə sisteminin qurulmasını, iqtisadi
proseslərin səmərəli koordinasiyasını tələb edir.
Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmışdır.
Ölkənin
iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin
olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə
alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılması
məqsədi ilə aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü”
kimi təsis edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
"Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan
növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi
prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi
haqqında” 2015-ci il 19 oktyabr tarixli Fərmanına əsasən, dövlət
təhlükəsizliyi (həmçinin qiymətli kağızlar bazarı) ilə bağlı hallar
istisna olmaqla, İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyaların
verilməsinin "ASAN xidmət” mərkəzlərində həyata keçirilməsinə 2015-ci il
noyabrın 2-dən başlanmışdır.
Azərbaycan Respublikası Prezidentinin
"Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2016-cı il 21
dekabr tarixli Fərmanına əsasən lisenziya tələb olunan fəaliyyət
növlərinin sayı 59-dan 37-yə endirilmiş, qüvvədə olan müddətli
lisenziyalar müddətsiz elan olunmuşdur. Həmçinin yeni lisenziyalar
müddətsiz verilir, lisenziyanın verilməsinə görə ödənilən dövlət
rüsumunun məbləğləri təxminən 2 dəfə, regionlar üzrə 4 dəfə (regional
televiziya və radio yayımı istisna olmaqla) azaldılmış, lisenziya
verilməsi üçün tələb olunan prosedurlar sadələşdirilmişdir.
Əvvəllər
müxtəlif sahibkarlıq fəaliyyətlərinə toplam 330 icazə tələb olunurdusa,
"Lisenziyalar və icazələr haqqında” Qanunun qüvvəyə minməsi ilə bütün
icazələr vahid sənəddə göstərilir, onların sayı isə 86-ya endirilir.
Bundan
başqa "Lisenziyalar və icazələr” portalının yaradılması, "susmaqla
razılıq” və "Bir pəncərə” prinsiplərinin tətbiqi ilə bağlı tədbirlər
görülmüşdür. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına
alınması və dövlət reyestrindən çıxarışın verilmə müddəti 20 gündən 10
iş gününə endirilmişdir.
İnvestisiyaların təşviqi mexanizminin
tətbiqi nəticəsində 2017-ci ilin may ayından 2018-ci ilin fevral ayının
əvvəllərinədək 244 investisiya layihəsinə təşviq mexanizmi tətbiq
olunmuş, 2,1 mlrd. manatlıq investisiyanın cəlb olunmasına və 16 mindən
çox yeni iş yerinin açılmasına şərait yaranmışdır.
"Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 18 yanvar tarixli Sərəncamında kənd təsərrüfatı və emal
məhsullarına ixracla bağlı geri ödəmə dəstəklərinin verilməsi, xarici
ölkələrə ixrac missiyalarının təşkil edilməsi, "Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi və s. nəzərdə tutulmuşdur.
Son iki ildə sahibkarların ixrac fəaliyyətinin dəstəklənməsi məqsədi ilə ümumilikdə 35,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsullarının ixracına görə ixrac təşviqləri verilmişdir.
Xarici
ölkələrdə dövlətimizin və yerli ixracatçıların iqtisadi-ticarət
maraqlarının qorunması və təmsil edilməsi, yerli məhsulların xarici
ölkələrin bazarlarına çıxışının genişləndirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi qərara
alınmışdır.
Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən "ASAN
Viza” sisteminin tətbiqinə başlanılmış, ölkəyə gələn əcnəbilər və
vətəndaşlığı olmayan şəxslərin həmin sistem vasitəsilə ölkədə qalma
müddəti 30 günədək olmaqla, elektron viza almaq imkanı yaradılmışdır.
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal
iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların
fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını
stimullaşdırmaq, əhalinin məşğulluğu sahəsində əlavə imkanlar yaratmaq
məqsədi ilə "ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzlərinin təşkilinə başlanılmışdır.
Sahibkarların
maliyyə vəsaitlərinə çıxış imkanlarını artırmaq, risklərin
bölüşdürülməsinə əsaslanan kreditləşdirmə sistemi formalaşdırmaq məqsədi
ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” ASC
yaradılmışdır. Fond sahibkarların müvəkkil banklardan manatla aldıqları
kreditlərə təminat verən və həmin kreditlərə hesablanmış faizlərin bir
hissəsini subsidiyalaşdıran hüquqi şəxs kimi fəaliyyət göstərəcək.
İqtisadiyyat
Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına
2003-2017-ci illər ərzində layihələrinin ümumi dəyəri 4,4 mlrd. manat
olan 34 535 sahibkara 2,1 mlrd. manat güzəştli kredit verilmiş və 154
minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 71,6 faizi
aqrar sektorun, 28,4 faizi digər sahələrin inkişafına yönəldilmişdir.
Biznes
mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın
inkişaf etdirilməsi sahəsində görülən tədbirlərin nəticəsində
2003-2017-ci illərdə ölkəmizin qeyri-neft ixracı 4,1 dəfə, ixrac olunan
mal çeşidlərinin sayı 2,6 dəfə artmışdır. Eyni zamanda, sahibkarlıq
subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik
müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarların sayı 5 dəfə artmışdır. Bu
müddət ərzində ölkə iqtisadiyyatına 2,6 dəfədən çox xarici investisiya
cəlb olunmuşdur.
Artıq sahibkarlığın inkişafı regional iqtisadi
siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Belə ki, son
illər regionların sosial-iqtisadi problemlərinin həllində özəl sektora
üstünlük verilir.
Orta sinfin formalaşması, ilk növbədə,
sahibkarlığın inkişaf etdirilməsindən asılıdır. Təsadüfi deyildir ki,
ölkədə yoxsulluğun səviyyəsi təkcə büdcə hesabına əməkhaqqını artırmaqla
yox, həm də sahibkarlıq fəaliyyətinə şərait yaratmaqla azaldılır.
Özəl
sektorun inkişafı hər bir ölkəyə varlı millət – varlı dövlət prinsipini
reallaşdırmaq imkanı verir. Bu prinsipin həyata keçməsi isə
vətəndaşların iqtisadi azadlığına və son nəticədə insan azadlığının
təmin edilməsinə şərait yaradır. Ölkə vətəndaşlarının yüksək işgüzarlıq
keyfiyyətləri Azərbaycanda özəl sektorun perspektivlərindən xəbər verir.
REGİONLARIN İNKİŞAFI PROQRAMINDAN REGİONAL İQTİSADİ SİYASƏTƏ
Prezident İlham Əliyev
hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında ölkəmizdə regional
disbalansın dərinləşdiyini, iqtisadi potensialın bölgələr üzrə
qeyri-bərabərliyini nəzərə alaraq, Azərbaycanın bütün regionlarının
hərtərəfli inkişaf etdiriləcəyini qeyd etmişdir. Çünki davamlı və
tarazlı inkişafın əsas şərtlərindən biri məhz regionların inkişafında
qeyri-bərabərliyin aradan qaldırılmasıdır.
Buna görə də Prezident İlham Əliyev
səlahiyyətlərinin icrasına başladığı çox qısa bir müddətdən sonra
2004-cü il 11 fevral tarixli Fərmanı ilə "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nı
(2004-2008-ci illər) təsdiq etdi.
Doğrudur, əvvəllər də regional
məsələləri özündə ehtiva edən bir sıra sənədlər qəbul edilmişdir. Lakin
yeni proqramda sosial, iqtisadi və institusional blokları əhatə edən
genişmiqyaslı konkret tədbirlərin nəzərdə tutulması regionların inkişafı
sahəsində real nəticələrin əldə olunmasına şərait yaratdı. Başqa sözlə,
sosial və iqtisadi siyasətin regional inkişafla uzlaşdırılması və vahid
bir sənəddə əks etdirilməsi bu proqramın üstün cəhətlərindən biri idi.
Proqramın konkret tədbirlər planına əsaslanması onun nə dərəcədə
səmərəli və vaxtında icra edildiyini izləməyə imkan vermişdir. Bütün
iqtisadi və inzibati rayonları əhatə edən genişmiqyaslı tədbirlərin
nəzərdə tutulması proqramın icrası üçün böyük məbləğdə maliyyə
vəsaitinin ayrılmasını şərtləndirirdi.
Təcrübə göstərir ki,
regional inkişaf proqramının hazırlanması və həyata keçirilməsi digər
istiqamətlərdən fərqli olaraq, heç də asan başa gəlmir. Çünki
regionların inkişafı ilə bağlı institusional, təşkilati, iqtisadi,
sosial, hüquqi və maliyyə xarakterli bir çox vəzifələri yerinə yetirmək
lazım gəlir. Eyni zamanda, regional iqtisadi siyasətin işlənilməsi və
onun davamlı olaraq təkmilləşdirilməsi tələb olunur.
Regionların
qeyri-bərabər inkişafı heç də yeni məsələ deyil. Sadəcə olaraq, keçid
dövrü bu problemi kəskinləşdirmişdir. Keçmiş ittifaq dövlətinin
süqutundan sonra vahid xalq təsərrüfatı kompleksinin dağılması,
təsərrüfat əlaqələrinin qırılması, aqrar-sənaye kompleksinin yeni
şəraitə uyğunlaşa bilməməsi, kənd təsərrüfatı məhsullarının emalı üzrə
ixtisaslaşan müəssisələrin öz fəaliyyətini dayandırması, neft-qaz
sektorunun üstün inkişaf etməsi, xarici kapitalın böyük həcmdə məhz Bakıya yönəldilməsi regional fərqləri daha da dərinləşdirmişdir.
Ulu Öndərin rəhbərliyi ilə başlanmış genişmiqyaslı quruculuq işlərinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi, həm də regionların inkişafına
şərait yaratmışdır. Burada xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider
hələ sovetlər dönəmində Azərbaycanın dağlıq ərazilərinin sosial-iqtisadi
inkişafına dair qəbul etdiyi qərarla bu cür yanaşmanın əsasını
qoymuşdur.
Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişafı üzrə 3 Dövlət Proqramı, Bakı
şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair 3 Tədbirlər Proqramı, çoxsaylı sərəncam və fərmanlar
imzalanmışdır. Bu proqramların icrası Azərbaycanda yoxsulluğun və
işsizliyin azaldılmasına, regionlarda iqtisadi fəallığın artırılmasına
və infrastrukturun formalaşmasına şərait yaratmışdır.
Azərbaycan
dövləti regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik
baxımından ciddi problem kimi dəyərləndirir və buna görə də regional
inkişaf proqramları hazırlayıb həyata keçirir.
Prezident İlham Əliyevin regionların inkişafına dair olduqca aydın və konkret konseptual baxışları vardır: "Azərbaycan təkcə Bakıdan və Abşerondan
ibarət deyildir. Azərbaycanın hər bir bölgəsi inkişaf etməlidir...
Regionları hərtərəfli inkişaf etdirmək üçün güclü infrastruktur
olmalıdır ki, onu da sahibkar yarada bilməz. Bu vəzifəni dövlət öz
üzərinə götürübdür... Azərbaycanın gücü, bölgələrin gücündədir...
Regionların sosial-iqtisadi inkişaf proqramının, əlbəttə ki, əsas
məqsədi işsizliyin aradan qaldırılmasından, yoxsulluğun azaldılmasından
ibarətdir...”16.
Regional fərq özünü əlavə dəyərin formalaşmasında açıq şəkildə göstərməkdədir. 2016-cı ildə ÜDM istehsalında Bakı
şəhərinin payı 76,9 faiz, regionların payı isə 23,1 faiz təşkil
etmişdir. Bu, onunla əlaqədardır ki, istehsal və xidmət sahələrinin çox
hissəsi, o cümlədən neft-qaz sənayesi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir.
Azərbaycan
neft və qaz ehtiyatları ilə yanaşı, digər təbii resurslarla da
zəngindir və bu ehtiyatların əsas hissəsi regionlarda yerləşir.
Regionların təbii resurs potensialından istifadə etməklə qeyri-neft
sektorunu inkişaf etdirə bilərik. Bu baxımdan regionların təbii resurs
potensialının yenidən qiymətləndirilməsi, onun təsərrüfat dövriyyəsinə
cəlb olunması və səmərəli istifadə edilməsi qarşıda duran mühüm
vəzifələrdəndir.
Azərbaycanda regionların tarazlı inkişafını
təmin etmək üçün digər sahələrlə yanaşı, bölgələrdə aqrar-sənaye
kompleksinin sürətli inkişafına nail olmalıyıq. Nəzərə almalıyıq ki,
kənd təsərrüfatı ölkə üzrə ÜDM-in 5,6 faizini istehsal edir. Əhalinin 47
faizi isə kənd yerlərində yaşayır və məşğul əhalinin 36,3 faizi kənd
təsərrüfatında çalışır. Bu baxımdan kənd təsərrüfatının inkişaf
etdirilməsi regionlardakı problemlərin aradan qaldırılmasına şərait
yarada bilər.
Əslində regional inkişaf proqramlarının icrası nəticəsində Bakı
şəhəri ilə regionların inkişaf səviyyəsi arasındakı fərqin tamamilə
aradan qaldırılacağını gözləmək sadəlövhlük olardı. Dünyada elə bir ölkə
yoxdur ki, bütün regionların bərabər səviyyədə inkişafına nail olsun.
Bu, bir məqsəd kimi də qarşıya qoyulmur. Əsas məsələ, regionlar arasında
dərinləşmiş sosial-iqtisadi fərqin tədricən azaldılmasıdır.
Regionların
inkişafına qısa bir müddətdə nail olmaq çətindir. Elə bu səbəbdən də
indiyə kimi 3 regional inkişaf proqramı hazırlanmış və həyata
keçirilmişdir. Artıq Prezident İlham Əliyev tərəfindən dördüncü proqramın hazırlanması ilə bağlı müvafiq dövlət orqanlarına tapşırıq verilmişdir.
Regional
inkişaf proqramlarında nəzərdə tutulan tədbirlərin sistemli şəkildə
icra edilməsi qeyri-neft sektorunun inkişafı, bölgələrdə yeni iqtisadi
münasibətlərin formalaşması və iqtisadi fəallığın artması, iş yerlərinin
açılması baxımından əhəmiyyətli olmuşdur.
Regional inkişaf, ilk
növbədə, zəruri infrastrukturun yaradılmasını tələb edir. Təcrübə
göstərir ki, bu vəzifələri bir qayda olaraq özəl sektor deyil, dövlət
yerinə yetirir. Azərbaycanda regionlar üzrə infrastrukturun bərpası və
sosial obyektlərin tikintisi dövlət vəsaitləri hesabına həyata
keçirilmişdir.
Təkcə 2003-2017-ci illərdə regional inkişaf
proqramları çərçivəsində Azərbaycanda yaradılmış olan 1,9 milyon yeni iş
yerinin 72 faizi regionların payına düşür. Bu müddət ərzində 52,6 min
kilometr qaz xətti çəkilmiş və ya əsaslı təmir olunmuşdur. 1700-dən
artıq yaşayış məntəqəsi təbii qazla təmin edilmiş, ümumilikdə isə
regionlar üzrə qazlaşdırma səviyyəsi 41 faizdən 90 faizə çatmışdır. 2826
məktəbdə və 300-dən çox məktəbəqədər təhsil müəssisəsində, 451 səhiyyə
müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata
keçirilmişdir. 38 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. 11 min
kilometrdən çox respublika və yerli əhəmiyyətli yolda təmir-tikinti
işləri aparılmışdır. 366 ədəd körpü və tunel tikilmiş, təmir olunmuşdur.
Mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 96-dan 550-yə
çatmışdır ki, bunun da 400-ü regionlarda yerləşir. Sahibkarlığa Kömək
Milli Fondunun vəsaitləri hesabına sahibkarlara verilmiş güzəştli
kreditlərin 75,1 faizi regionların payına düşür.
Regionların
təkcə iqtisadi deyil, həm də sosial inkişaf göstəriciləri də bir-birinə
yaxınlaşmalıdır. Məsələ burasındadır ki, iqtisadi inkişaf sosial
inkişafa şərait yaratdığı kimi, həyat səviyyəsinin yüksəldilməsi də
iqtisadi fəallığın artmasına zəmin yaradır.
Ayrı-ayrı ölkələr
inkişaf səviyyəsindən asılı olmayaraq, regionların qeyri-bərabər
inkişafını iqtisadi təhlükəsizlik baxımından ciddi problem kimi
dəyərləndirir və buna görə də regional iqtisadi siyasət və regional
inkişaf proqramları hazırlayıb həyata keçirirlər. Məsələn, Rusiya şimal
rayonlarını inkişaf etdirmək üçün xüsusi iqtisadi zonalara üstünlük
verir. Türkiyə əyalət rayonlarının inkişafca geri qalması problemini
hələ bu günə kimi aradan qaldıra bilməyib. Buna görə də əyalət
rayonlarının inkişaf etdirilməsi Türkiyənin iqtisadi inkişaf proqramının
mühüm hissələrindən biri kimi çıxış edir. Dünyanın nüfuzlu regional
qruplaşması olan Avropa İttifaqının özü də regional inkişaf proqramları vasitəsilə Avropa iqtisadi məkanına daxil olan ölkələrin sosial-iqtisadi göstəricilərinin bir-birinə yaxınlaşdırılması siyasətini həyata keçirir.
Öz-özlüyündə
heç bir proqram onun obyekti olan problemi avtomatik olaraq aradan
qaldırmır. Dövlət proqramları yalnız konkret şərtlər daxilində yerinə
yetirilə bilər. Yüksək xərctutumlu regional proqramların maliyyə
təminatına malik olması, proqram çərçivəsində investisiya layihələrinin
davamlı olaraq maliyyələşdirilməsi onun uğurlu icrasını təmin etmişdir.
Regional
problemlərin həlli həm də regional inkişaf proqramının icrasının digər
sosial-iqtisadi inkişaf proqramları ilə əlaqələndirilməsindən,
iqtisadiyyatda, o cümlədən sənayedə struktur dəyişikliklərinin
sürətindən və miqyasından asılıdır. Heç şübhəsiz, Azərbaycanda itirilmiş
iqtisadi potensialın bərpası nə qədər zəruri olsa da, bu, heç də köhnə
iqtisadi baza, sənaye strukturu əsasında təmin edilməməlidir və edilə də
bilməz. Çünki nə əvvəlki vahid xalq təsərrüfatı kompleksi var, nə də ki
ittifaq bazarı. Ölkə iqtisadiyyatının strukturu yeni dövrün tələbləri
baxımından nə qədər tez dəyişərsə, regionların iqtisadi potensialını da
daha tez hərəkətə gətirmək olar. Bu sahədə görülən işlərin davamlı
olması buna inam yaradır.
ƏRZAQ TƏHLÜKƏSİZLİYİ VƏ AQRAR SAHƏDƏ DÖVLƏT SİYASƏTİ
Hər
bir ölkənin ərzaq təhlükəsizliyi milli iqtisadi təhlükəsizliyin əsas
şərtlərindən və həlledici elementlərindən biridir. O, hər şeydən əvvəl
daxili bazarda yetərli həcmdə ərzaq məhsullarının mövcudluğunu və
əhalinin bu məhsullara olan tələbatının ödənilməsini nəzərdə tutur.
Ərzaq təhlükəsizliyi həm də ölkənin ərzaq təminatı sahəsində
müstəqilliyini, dövlətin iqtisadi və sosial dayaqlarının nə dərəcədə
möhkəm olmasını xarakterizə edir.
Bu baxımdan ərzaq
təhlükəsizliyinin iki aspektini – sosial-iqtisadi və siyasi-iqtisadi
aspektlərini qeyd edə bilərik. Sosial-iqtisadi aspektə görə hər bir
dövlət öz vətəndaşlarının əsas qida məhsulları üzrə istehlakını qəbul
edilmiş norma və standartlara uyğun olaraq təmin etməlidir. Bu öhdəlik
"Ümumdünya Ərzaq Təhlükəsizliyinə dair” Roma Bəyannaməsində müəyyən
edilmişdir.
Ərzaq təhlükəsizliyinin siyasi-iqtisadi aspekti isə
əhalinin ərzaqla təminatının yerli istehsala əsaslanmasını və ölkənin
ərzaq asılılığının minimuma endirilməsini xarakterizə edir.
Ərzaq
təhlükəsizliyi artıq dünya təcrübəsində qəbul edilmiş və hazırda geniş
istifadə olunan anlayışdır. O, mahiyyətcə, ölkənin ərzaq bazarını, eyni
zamanda, milli iqtisadiyyatın mövcud vəziyyətini səciyyələndirir.
Beynəlxalq səviyyədə ərzaq təhlükəsizliyi terminindən ilk dəfə olaraq
1972-1973-cü illərdən, yəni dünyanı bürümüş taxıl böhranından sonra
istifadə edilmişdir.
Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində
vəziyyət heç də həmişə sabit olmayıb. Məsələn, 1990-cı illərin
əvvəllərində keçmiş ittifaqın digər respublikalarında olduğu kimi,
Azərbaycanda da istehlak bazarı kəskin qıtlıq dövrü keçirirdi. Həmin
illərdə əsas ərzaq məhsullarına olan tələbat minimal səviyyədə
ödənilirdi. Bəzi məhsullara hətta talon sistemi tətbiq edilirdi. Bunun
nəticəsində əhalinin qida məhsulları üzrə istehlak səviyyəsi də kəskin
şəkildə aşağı düşmüşdür. Lakin 1994-cü ildən başlayaraq ticarət
rejiminin liberallaşdırılması bir tərəfdən daxili bazarın idxal
məhsulları ilə təmin edilməsinə, digər tərəfdən də idxalın strukturunda
ərzaq məhsullarının payının əhəmiyyətli dərəcədə artmasına gətirib
çıxardı. Yerli istehsalçılar ərzaq bazarında itirmiş olduqları mövqeləri
aqrar islahatların həyata keçirilməsindən sonra tədricən bərpa etməyə
başlamışlar.
Dünya təcrübəsinə əsasən ərzaq təhlükəsizliyi ərzaq
təminatı sahəsində ölkənin nə dərəcədə müstəqil olması meyarına görə
qiymətləndirilir. Bu meyara əsasən idxal olunan ərzaq məhsulunun həcmi
həmin məhsulun ölkə üzrə istehlakının 30 faizindən çox olmamalıdır.
1990-cı
illərin əvvəllərində Azərbaycanda ərzaqla özünütəminetmə səviyyəsi
təhlükəli hesab edilən kritik həddi keçmişdi. Həmin illərdə ölkəyə
gətirilən ərzaq məhsulları ümumi idxalın 65-70 faizini təşkil edirdisə,
son 5 ildə bu göstərici orta hesabla 14-15 faiz arasında dəyişir. Son
illər kənd təsərrüfatına dövlət dəstəyinin artırılması nəticəsində
ölkəmizin ərzaq məhsulları üzrə idxaldan asılılığı azalmaqdadır.
Hazırda
bütün növ ərzaq məhsullarının idxalının azaldılması və ya tamamilə ləğv
edilməsi bir məqsəd kimi qarşıya qoyula bilməz. İndiki mərhələdə söhbət
yalnız ölkənin ərzaq idxalından asılılığını minimuma endirməkdən gedə
bilər. Məsələ burasındadır ki, istehlak bazarında realizə olunan bir çox
məhsulların tamamilə yerli istehsal hesabına təşkili müəyyən zaman
tələb edir. Bu səbəbdən də istehlak üçün zəruri olan həmin məhsulların
idxalının məhdudlaşdırılması yolverilməzdir. Əks halda, bu, ərzaq
bazarında vəziyyətin gərginləşməsinə, xüsusilə də qiymətlərin
yüksəlməsinə, əhalinin ərzaq təminatının pisləşməsinə, istehlak
səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.
Ərzaq
təhlükəsizliyinin əsas şərti əhalinin ərzağa olan tələbatının tam
ödənilməsi və bununla da qida məhsullarının normal səviyyədə
istehlakının təmin edilməsidir. Qida məhsulları istehlakının
yaxşılaşdırılması hər şeydən əvvəl əhalinin alıcılıq qabiliyyətinin
yüksəldilməsindən asılıdır. Deməli, hər bir ölkənin ərzaq təhlükəsizliyi
təkcə aqrar sahədə mövcud olan problemləri aradan qaldırmaqla təmin
edilmir. Belə bir təhlükəsizlik həm də cəmiyyətdəki bir sıra
sosial-iqtisadi problemlərin sistemli və kompleks həllini şərtləndirir.
Təhlil göstərir ki, son 20 ildə Azərbaycanda əhalinin qida məhsulları
üzrə istehlakının istər həcmində, istərsə də strukturunda müsbət
dəyişikliklər müşahidə edilib. Həyat səviyyəsinin yaxşılaşması, əhalinin
real pul gəlirlərinin artması ərzaq məhsullarının adambaşına
istehlakının yüksəlməsinə şərait yaratmışdır.
Ərzaq
təhlükəsizliyinin təmin edilməsi həm də istehlak olunan məhsulların
keyfiyyətinin yaxşılaşdırılmasını və keyfiyyətə səmərəli nəzarət
mexanizminin qurulmasını tələb edir. Təsadüfi deyildir ki, qida
təhlükəsizliyinə nəzarət sistemini təkmilləşdirmək, bu sahədə şəffaflığı
təmin etmək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldırmaq məqsədi
ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır.
Ölkənin ərzaq
təminatı hər şeydən əvvəl kənd təsərrüfatının inkişaf səviyyəsindən
asılıdır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün aqrar sektorda kök
salmış problemlərin həlli tələb olunur.
Ümummilli lider Heydər Əliyevin
bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş torpaq
islahatları kənd təsərrüfatında yeni iqtisadi münasibətlərin əsasını
qoydu. 1995-ci ildə "Aqrar islahatların əsasları haqqında”, "Sovxoz və
kolxozların islahatı haqqında”, 1996-cı ildə isə "Torpaq islahatı
haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edildi.
Aqrar
sahədə islahatların həyata keçirilməsi, kolxoz və sovxozların ləğvi,
onlara məxsus bütün əmlakın kənd əhalisinə pulsuz paylanması, kənd
təsərrüfatı məhsullarını emal edən müəssisələrin özəlləşdirilməsi
ölkənin aqrar potensialından daha səmərəli istifadə etməyə əlverişli
şərait yaratmışdır. Artıq özəl sektorun aqrar istehsalda payı 99,7 faiz
təşkil edir. Bu, Azərbaycanda aqrar sektorun bazar münasibətləri
əsasında inkişaf etdiyini göstərir.
Hələ 1995-ci il avqustun
25-də kənd təsərrüfatına dair müşavirədə Ulu Öndər belə bir fikir
söyləmişdir: "Söz yox ki, torpaqlar bölünüb paylanacaq və torpaq
islahatı haqqında qanunun qəbul edilməsini də tezləşdirəcəyik. Amma
indiki şəraitdə torpaqdan səmərəli istifadə etmək lazımdır”17. Təsadüfi
deyildir ki, hazırda torpaqdan səmərəli istifadə edilməsi məsələləri
aqrar siyasətin ana xəttini təşkil edir.
Kənd təsərrüfatı
multiplikator rolunu oynayaraq, iqtisadiyyatın digər sahələrinin də
inkişafını stimullaşdırır, şaxələndirmə prosesinə həlledici təsir
göstərir. Bu baxımdan kənd təsərrüfatı təkcə iqtisadi fəaliyyət növü
deyil, o, həm də iqtisadi inkişafın təkanverici qüvvəsidir. Bu, həmin
sahənin sinergetik, sistemyaradıcı xüsusiyyətindən irəli gəlir.
İqtisadi
inkişafın yeni mərhələsində aqrar islahatların qanunvericilik bazasının
formalaşması, torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin
təşəkkül tapması, aqrar sektorun özəl bölməyə əsaslanması, ölkədə əksər
ərzaq məhsullarına tələbatın tamamilə daxili istehsal hesabına
ödənilməsi, ərzaq məhsulları istehlakının müsbət dinamikası, emal
müəssisələri şəbəkəsinin tədricən genişlənməsi, bir sıra kənd
təsərrüfatı məhsullarının yüksək ixracat potensialı, bu sahədə inkişaf
perspektivlərinin və istifadə edilməyən ehtiyatların olması kənd
təsərrüfatının güclü tərəfləri kimi dəyərləndirilə bilər.
Hazırda kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Prezident İlham Əliyev
aqrar sektorun ölkəmiz üçün önəmini nəzərə alaraq qeyd edir: "Gələcəkdə
kənd təsərrüfatının inkişafına yeni proqramlar əlavə ediləcək və biz bu
sahəyə maksimum dərəcədə diqqət göstərməliyik. Bu, həm təhlükəsizlik
məsələsidir, həm iqtisadi məsələdir, həm də sosial məsələdir. Çünki
Azərbaycan əhalisinin, demək olar ki, yarısı kənd təsərrüfatı
bölgələrində yaşayır”18.
Azərbaycanda son 15 ildə kənd
təsərrüfatı istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi
istiqamətində mühüm işlər görülmüşdür. 2004-cü ildə səhmlərinin nəzarət
zərfi 100 faiz dövlətə məxsus olan "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti
yaradıldı. 2007-ci ildən etibarən kənd təsərrüfatı istehsalçılarının
dəstəklənməsi proqramına start verildi.
Həmin dövrdən əkin
sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə
dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı məhsulları
istehsalçılarına hər hektar sahə üçün 50 manat, həmçinin buğda və çəltik
istehsalçılarına hər hektar sahəyə görə əlavə olaraq 40 manat subsidiya
verilir.
Heyvandarlıqda məhsuldarlığın yüksəldilməsi, cins
tərkibinin yaxşılaşdırılması məqsədi ilə dövlət vəsaiti hesabına
xaricdən damazlıq heyvanlar idxal olunur və lizinq qaydasında
istehsalçılara 50 faiz güzəştlə satılır.
İstehsalçılara satılan
mineral gübrəyə görə verilən güzəştin həcmi 50 faizdən 70 faizə
yüksəldilmiş, tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 100
manatdan 150 manata çatdırılmış, bu güzəşt təbii mənşəli gübrələrin
(biohumus) satışına da tətbiq olunmuşdur.
Həmçinin istehsalçılara
satılan pestisidlərə görə 70 faizədək güzəşt tətbiq olunmuş, güzəştin
ümumi məbləğinin yuxarı həddi 10 manatdan 50 manata çatdırılmışdır.
Kənd
təsərrüfatı bitkilərinin (pambıq, tütün və şəkər çuğunduru istisna
olmaqla) əkin sahəsinin hər hektarının becərilməsində istifadə olunan
yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımın
həcmi 25 faiz artırılaraq 50 manat olmuşdur. Bu yardım artıq təkrar
əkinlərə də şamil edilir.
Ölkəmizdə ilk dəfə məhsula görə
subsidiyanın verilməsi mexanizmi tətbiq olunmuş və bu subsidiya siyasəti
pambıq, tütün, şəkər çuğunduru və baramaya şamil edilmişdir. Belə ki,
istehsalçılara emal müəssisələrinə təhvil verdikləri xam pambığın hər 1
kiloqramına görə 0,1 manat, quru tütünün hər 1 kiloqramına və ya yaş
tütünün hər 10 kiloqramına görə 0,05 manat, şəkər çuğundurunun hər
tonuna görə 4 manat və yaş baramanın hər kiloqramına görə isə 5 manat
məbləğində subsidiya verilməsi müəyyən edilmişdir.
"Aqrolizinq”
ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd
təsərrüfatı texnikalarının və müasir suvarma sistemlərinin dəyərinə 40
faiz həcmində güzəşt tətbiq edilir.
Aqrar sahədə həyata
keçirilmiş dövlət dəstəyi tədbirləri nəticəsində 2003-2017-ci illərdə
Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 6,3
dəfə, o cümlədən meyvə-tərəvəz məhsullarının ixracı 10,4 dəfə artmışdır.
"Aqrolizinq”
ASC-nin xətti ilə, ümumilikdə, 2005-2017-ci illər ərzində 38222 kənd
təsərrüfatı texnikası, o cümlədən 1872 taxılyığan kombayn, 296
pambıqyığan kombayn, 10853 traktor və 25201 digər texnikalar alınaraq
lizinq yolu ilə sahibkarlara satılmış və ya istehsalçılara xidmət üçün
rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilmişdir.
"Aqrolizinq”
ASC tərəfindən 2009-2017-ci illər ərzində idxal olunmuş 26513 baş
iribuynuzlu və 5947 baş xırdabuynuzlu məhsuldar cins heyvanlar 50 faiz
güzəştli qiymətlərlə 1121 sahibkara satılmışdır.
2007-2017-ci
illər ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və
motor yağlarına görə 604,2 milyon manat, buğda və çəltik əkininə görə
219,9 milyon manat, həmçinin gübrənin güzəştli satışına görə 300,0
milyon manat həcmində büdcə vəsaiti ayrılmışdır.
Bu dövrdə
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı sahəsində
çalışan 31990 sahibkara dövlət büdcəsi vəsaiti hesabına 1,5 mlrd. manat
həcmində kredit verilmişdir.
İndiyə kimi ölkədə 32 iri fermer
təsərrüfatı yaradılıb və bu layihələrə 70,5 milyon manat güzəştli kredit
ayrılıb. Hazırda 43 aqroparkın yaradılması istiqamətində intensiv işlər
aparılır.
Son 15 ildə meliorasiya-irriqasiya sisteminin inkişaf
etdirilməsi məqsədi ilə həyata keçirilən böyükmiqyaslı layihələr
hesabına 360 min hektar sahədə torpaqların su təminatı yaxşılaşdırılmış,
127 min hektar sahə yeni suvarılan torpaqlar kimi əkin dövriyyəsinə
əlavə edilmiş, həmçinin 256 min hektar sahədə meliorativ tədbirlər
görülmüşdür. Ümumi tutumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay
və Göytəpə su anbarları tikilib istifadəyə verilmişdir. Meliorasiya və
irriqasiya tədbirləri çərçivəsində 4 min kilometr suvarma kanalı
tikilmiş və ya yenidən qurulmuş, 2481 kilometr kollektor-drenaj
şəbəkəsinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata
keçirilmişdir.
Hazırda Prezident İlham Əliyev
tərəfindən aqrar sektorun inkişafına dair yeni vəzifələr müəyyən
edilmişdir. Bu vəzifələr müasir aqrar-sənaye kompleksinin
formalaşdırılmasından, yeni texnologiyaların tətbiqindən, ixrac
imkanlarının genişləndirilməsindən, intensiv inkişafın və rayonlar üzrə
ixtisaslaşmanın təmin edilməsindən və s. bu kimi məsələlərdən ibarətdir.
Yaxın
illər ərzində pambıq istehsalının təqribən 500 min tona, tütün
istehsalının 12 min tona, çəltik istehsalının 40 min tona, barama
istehsalının 6 min tona çatdırılması istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir.
Aqrar siyasət, o cümlədən kənd təsərrüfatına
dəstək heç də aqrobiznesin bütün məsuliyyətinin dövlətin üzərinə
qoyulması demək deyil. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi
kənd təsərrüfatı istehsalçılarında ələbaxımlılıq vərdişləri
yaratmamalıdır. Kənd təsərrüfatı dövlət dəstəyinə baxmayaraq, bazar
iqtisadiyyatı "relsləri” üzərində inkişaf etməlidir.
Kənd
təsərrüfatı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsi olduğuna görə, o,
ümumi inkişaf kontekstində nəzərdən keçirilməlidir. Təsadüfi deyildir
ki, son illər Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, maliyyə
imkanlarımızın genişlənməsi kənd təsərrüfatı üçün də yeni imkanlar
açmışdır. Dövlətin subsidiyalaşdırma siyasəti kənd təsərrüfatı
istehsalçılarına, onların gəlirlərinə, istehlak xərclərinə müsbət təsir
göstərmişdir.
Aqrar siyasətin ölkənin ümumi iqtisadi inkişaf
strategiyası ilə uzlaşdırılması makroiqtisadi sabitliyin saxlanılması,
inflyasiyanın cilovlanması, qeyri-neft sektorunun və regionların inkişaf
etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm
əhəmiyyət kəsb edir.
Aqrar siyasət kənd təsərrüfatına investisiya
qoyuluşlarının artırılmasını nəzərdə tutur. Bu sahəyə investisiyaların
cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinin əsas şərtidir. Bütün
sahələrdə olduğu kimi, kənd təsərrüfatında da mənfəət investisiya
qoyuluşlarını stimullaşdırmalıdır. Deməli, aqrar-sənaye kompleksinə
kredit və investisiya qoyuluşlarının artırılması, ilk növbədə, bu
sahənin gəlirliliyinin təmin edilməsindən asılıdır.
Hazırda kənd
təsərrüfatının inkişaf perspektivləri aqrar-sənaye kompleksi (ASK)
kontekstində dəyərləndirilir. Belə ki, ASK özü bir tam olaraq aqrar
sektoru, kənd təsərrüfatı məhsullarının emalını, istehsal
infrastrukturunu, ərzaq və istehsal vasitələri bazarını özündə
birləşdirir. Başqa sözlə, aqrar siyasət təkcə kənd təsərrüfatı
istehsalını deyil, həm də məhsul zəncirinin bütün halqalarını –
istehsalı, emalı və satışı da əhatə edir. Bu, aqrar sektorun mövcud
problemlərinə sistemli yanaşmanı təmin etməklə, onların kompleks həllinə
şərait yaradır.
Aqrar siyasət kənd təsərrüfatının dövlət
tənzimlənməsi ilə bazar mexanizminin daha sıx əlaqələndirilməsinə
istiqamətlənməlidir. Aqrar sahəyə dövlət dəstəyi nə qədər zəruri olsa
da, bu siyasət yalnız bazar alətlərinə və iqtisadi stimullara
əsaslanmalıdır. Başqa sözlə, kənd təsərrüfatının subsidiyalaşdırılan bir
sektor olmasına baxmayaraq, sahənin dəstəklənməsində bazar
iqtisadiyyatının müasir mexanizmlərindən istifadə edilməli və aqrar
siyasətin səmərəliliyi təmin edilməlidir.
"Kənd təsərrüfatının
intensiv yollarla inkişaf etməsi çox vacibdir... Azərbaycanda torpaqlar
çox deyil, biz torpağın hər bir qarışından səmərəli istifadə edilməsi
üçün lazımi tədbirlər görməliyik”19. Prezident İlham Əliyevin
bu tövsiyəsi aqrar siyasətin əsas hədəfini müəyyən etməklə yanaşı, həm
torpaqlardan səmərəli istifadəni, həm də sahənin rəqabət qabiliyyətinin
təmin edilməsini nəzərdə tutur.
Kənd təsərrüfatının inkişafını
xarakterizə edən kəmiyyət göstəricilərinin keyfiyyət göstəricilərini
tamamlaması prinsipial əhəmiyyət kəsb edir. Aqrar siyasət nəticəsində
kənd təsərrüfatı istehsalı həcminin artırılması ilə yanaşı, əmək
məhsuldarlığının, istehsalın rentabelliyinin yüksəldilməsinə, intensiv
inkişafa nail olmalıyıq. Məhz belə bir yanaşma son nəticədə kənd
təsərrüfatının səmərəliliyini təmin edə bilər.
Ölkəmizdə bir
təsərrüfata düşən əkin sahəsi orta hesabla 2 hektardan azdır. Bu isə
istehsalın səmərəli təşkilinə imkan vermir. Bunu nəzərə alaraq, kənd
təsərrüfatında kooperasiyanı təşviq edən stimullaşdırıcı tədbirlərin
həyata keçirilməsinə ehtiyac vardır. Bəzən kooperasiyanı kolxozların
bərpası kimi qəbul edirlər. Halbuki sovet dövründə kolxoz üzvləri torpaq
üzərində xüsusi mülkiyyət hüququna malik deyildilər. Kooperasiya isə
xüsusi torpaq mülkiyyətçilərinin könüllülük əsasında birgə
təsərrüfatçılıq fəaliyyətini nəzərdə tutur. Prezident İlham Əliyev
tərəfindən kənd təsərrüfatı kooperasiyasına dair qanunun və dövlət
proqramının qəbul edilməsi kooperativ əsasda təşkil olunan iri
təsərrüfatların qurulmasına şərait yaradacaqdır.
Yeni dövr kənd
təsərrüfatında innovasiyaların tətbiqini şərtləndirir. Ərzaq məhsulları
istehsalında böyük nəticələr əldə etmiş ölkələr buna "yaşıl inqilab”
nəticəsində nail olmuşlar. İqtisadi inkişafın yaratdığı imkanlar aqrar
sektorda innovasiyaların tətbiqinə şərait yaradır.
Aqrar siyasət
konservləşdirilmiş vəziyyətdə qala bilməz. İqtisadiyyat dinamik inkişaf
etdiyi üçün dövlətin kənd təsərrüfatına münasibətdə həyata keçirdiyi
siyasət də daxili və xarici amillər nəzərə alınmaqla davamlı olaraq
yeniləşir.
Aqrar siyasətin yeni dövrün tələblərinə
uyğunlaşdırılması və kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi
mexanizminin təkmilləşdirilməsi ərzaq təhlükəsizliyinin etibarlı
təminatı baxımından mühüm əhəmiyyət kəsb edir.
Hazırda dövlət
başçısı tərəfindən aqrar sektorun müxtəlif sahələri ilə bağlı dövlət
proqramları qəbul edilməkdədir. Bu proqramlar, eyni zamanda, dövlətin
kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini əks etdirir.
Kənd
təsərrüfatında texnoloji yeniləşmə, məhsuldarlıq nə qədər vacib olsa
da, kəndin sosial məsələləri kölgədə qala bilməz. Buna görə də, aqrar
sektorun inkişafına kəndin kompleks inkişafı, sosial məsələlərin həlli
kontekstində baxılmaqdadır. Ölkə rəhbərliyinin həyata keçirdiyi aqrar
siyasət kəndin inkişafına, xüsusilə də kənd ərazilərində müasir
infrastrukturun yaradılmasına, kənddə həyat səviyyəsinin yüksəldilməsinə
və məşğulluğun təmin edilməsinə xidmət edir.
İqtisadi artım
yükünün neft sektorundan qeyri-neft sektoruna keçdiyi bir vaxtda aqrar
siyasət iqtisadiyyatın şaxələndirilməsini dəstəkləməlidir. Kənd
təsərrüfatının inkişafı sahəsində mövcud imkanların tədricən
reallaşdırılması bu sektoru yaxın perspektivdə iqtisadiyyatın aparıcı
sahəsinə çevirəcəkdir.
AZƏRBAYCANIN MƏŞĞULLUQ STRATEGİYASI
İşsizlik
inkişaf səviyyəsindən asılı olmayaraq, hər bir cəmiyyətin ən ağrılı
sosial-iqtisadi problemlərindən biridir. Sovet İttifaqının mövcud olduğu
70 il ərzində aparılan tədqiqatlar və həyata keçirilən ideoloji
təbliğat sosialist iqtisadiyyatının kapitalist iqtisadi sistemindən daha
üstün olması təsəvvürünün formalaşdırılmasına xidmət edirdi. İttifaq
dövləti kapitalizmə xas olan problemlərin sovet iqtisadiyyatında da kök
salmasının qarşısını hər vəchlə almağa çalışırdı. Sovet cəmiyyətində,
xüsusilə də işsizlikdən söhbət gedə bilməzdi. Sosial xarakterli bu
problemin yaranmasına yol verməmək üçün dövlətin həyata keçirdiyi
tədbirlər iqtisadiyyatın qeyri-səmərəli fəaliyyətinə səbəb olurdu.
Əməktutumluluğu yüksək, məhsuldarlığı isə aşağı olan sosialist
müəssisələri kapitalist firmaları ilə müqayisədə həm keyfiyyət, həm də
səmərəlilik göstəricilərinə görə geri qalırdı. Amirlik iqtisadiyyatı
dövründə işsiz olan hər bir kəsə tüfeyli damğası vurulur və həmin
şəxslər inzibati məsuliyyətə cəlb edilirdilər.
Bazar
münasibətlərinə əsaslanan iqtisadiyyatda isə işsizliyin mövcud olması
təbii hal kimi qiymətləndirilir. Buna görə də hər bir ölkədə işsizliklə
mübarizə onun tamamilə aradan qaldırılmasına deyil, azaldılmasına
yönəldilir. İşsizlik yalnız iqtisadiyyat üçün təhlükəli həddi keçdikdə,
yəni kütləvi hal aldıqda, iqtisadi böhranla müşayiət edildikdə ciddi
sosial problemlərə səbəb olur.
Prezident İlham Əliyev
hələ 2003-cü ildə seçkiqabağı çıxışlarında işsizliyi qarşıda duran ən
mühüm problem kimi qeyd etmiş və növbəti 5 ildə 600 min yeni iş yerinin
açılacağını əsas vəzifə kimi müəyyən etmişdir.
Təqdirəlayiq
haldır ki, ölkə rəhbərliyinin son 15 ildə həyata keçirdiyi məşğulluq
strategiyası çərçivəsində 1,9 milyon yeni iş yeri (o cümlədən 1,4
milyonu daimi) açılmış, işsizlik səviyyəsi 5 faizədək azalmışdır.
Məşğulluğun təmin edilməsi vətəndaşların maddi rifah halının
yaxşılaşdırılmasına şərait yaratmışdır.
2003-2017-ci illər
ərzində işsizlik müavinətinin orta aylıq məbləği 11,4 dəfə artaraq 267,5
manat, bu məqsədlər üçün xərclənən illik vəsaitin həcmi isə 16,8 dəfə
artaraq 17,6 milyon manat təşkil etmişdir.
Ölkədə bazar
münasibətlərinin tədricən formalaşması iqtisadiyyatın, o cümlədən
məşğulluğun strukturunda da əsaslı dəyişikliklərə səbəb olmuşdur. Əgər
1995-ci ildə dövlət sektorunda məşğul əhalinin 56 faizi çalışırdısa,
2016-cı ildə bu göstərici 24,6 faizə enmişdir. Qeyri-dövlət bölməsinin
məşğulluğun strukturundakı payı isə müvafiq olaraq 44 faizdən 75,4 faizə
yüksəlmişdir. Belə bir tendensiya əhalinin məşğulluğu ilə bağlı əsas
yükün dövlətin deyil, artıq xüsusi bölmənin üzərinə düşdüyünü göstərir.
Məlum
olduğu kimi, işsizliyin tsiklik, struktur və müvəqqəti formaları
mövcuddur. İşsizliyin bu formaları demək olar ki, ölkə iqtisadiyyatında
bu və ya digər formada özünü göstərməkdədir. Əgər iqtisadiyyatın, o
cümlədən sənayenin strukturunda baş verən köklü dəyişikliklər struktur
işsizliyinin kəskinləşməsinə səbəb olursa, əməkhaqqının sahələr və
sektorlar üzrə differensasiyasının dərinləşməsi müvəqqəti işsizliyə
gətirib çıxarır. Ölkədə işsizliyin müxtəlif formalarda təzahür etməsi bu
problemin müxtəlif amillərin təsiri ilə yarandığını göstərir. Bu
baxımdan məşğulluq siyasəti çoxşaxəli olmalı və işsizliyə birbaşa və
dolayı təsir göstərən bütün amillərin təsirini aradan qaldırmalı və ya
minimuma endirməlidir.
Sosial-iqtisadi inkişafın yeni
mərhələsində işsizlik probleminin təhlili xüsusi aktuallıq kəsb edir.
İşsizlik bir tərəfdən iqtisadi transformasiyanın nəticəsi kimi, digər
bir tərəfdən də sovet iqtisadiyyatının miras qoyduğu ən ağır
problemlərdən biri kimi qiymətləndirilməlidir. Buna görə də işsizliyin
azaldılması sistemli və kompleks tədbirlərin həyata keçirilməsini tələb
edir.
İşsizliyin qarşısının alınması hər şeydən əvvəl ölkədə
normal fəaliyyət göstərən əmək bazarının formalaşdırılmasından və onun
çevik tənzimlənməsindən asılıdır. Eyni zamanda, yeni dövrün
reallıqlarını, əhalinin milli xüsusiyyətlərini və mentalitetini nəzərə
alan məşğulluq siyasəti müəyyən edilməli və həyata keçirilməlidir. Heç
şübhəsiz, belə bir siyasət həm də dünya ölkələrinin bu sahədə müvafiq
təcrübəsini nəzərə almalıdır.
İşsizlərə dövlət yardımı ilə bağlı
tədbirlər məşğulluq siyasətinin yalnız bir hissəsini təşkil etməlidir.
Məşğulluq siyasəti potensialı reallaşdırılmayan işçi qüvvəsindən tam
istifadə edilməsini, məhsuldar və yüksək ödənişli məşğulluq üçün
şəraitin yaradılmasını, əmək bazarında təklifin tələbə
uyğunlaşdırılmasını, əmək məhsuldarlığını artırmaq məqsədi ilə insan
kapitalına investisiya qoyuluşunun artırılmasını təmin etməlidir. Dövlət
orqanları işsizlərin yenidən ixtisaslaşmasını və peşə hazırlığını
təşkil etməklə, işçi qüvvəsinin əmək bazarının tələblərinə
adaptasiyasına şərait yaratmalıdır.
Ölkədə yeni iş yerlərinin
açılması özəl sektorun inkişafından bilavasitə asılıdır. Özəl sektor nə
qədər dinamik inkişaf edərsə, onun maliyyə imkanları nə qədər
genişlənərsə, dövlətin işsizliklə bağlı qayğıları da bir o qədər azalmış
olar. Xüsusilə də kiçik biznesin inkişafına daha çox şərait
yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, əksər ölkələrdə yeni iş
yerləri iri şirkətlərdə deyil, əsasən orta və kiçik müəssisələrdə
açılır.
Ölkədə məşğulluğun strukturuna həlledici təsir göstərən
amillərdən biri əməkhaqqının differensasiyasının dərinləşməsidir.
Əməkhaqqının sahələr üzrə bir-birindən kəskin fərqlənməsi işçi
qüvvəsinin də sahələr üzrə qeyri-bərabər bölgüsünə gətirib çıxarır. Bəzi
sahələrdə əməkhaqqının aşağı olması, eyni zamanda, əməyin keyfiyyətinin
və əmək intizamının aşağı düşməsinə səbəb olur. İşsizliklə bağlı
problemin həlli ölkə vətəndaşlarının təkcə iş yerləri ilə təmin olunması
ilə bitmir. İş yerləri məşğul əhalini həm də yüksək əməkhaqqı ilə təmin
etməlidir. Həmin əməkhaqqı da işçilərin təkrar istehsalına şərait
yaratmalıdır. Yəni, hər bir işçi öz iş qüvvəsini yenidən bərpa etmək
imkanına malik olmalıdır.
Məlum olduğu kimi, 1997-ci ildən ölkədə
əmək yarmarkaları təşkil edilir. Onun vasitəsilə indiyə kimi on
minlərlə ölkə vətəndaşı işlə təmin edilmişdir. Lakin əmək yarmarkaları
əhalinin məşğulluğunun təmin edilməsində yalnız köməkçi rol oynayır.
Yəni, işsiz vətəndaşlar həmin yarmarkaların vasitəsilə mövcud
vakansiyalar barədə məlumatlar əldə edir və iş yeri axtarmaq üçün
məşğulluq mərkəzlərinin xidmətlərindən istifadə edirlər. Problemin köklü
həlli isə yeni iş yerlərinin açılmasından ibarətdir.
Əsas
fondların və investisiyaların regionlar üzrə qeyri-bərabər bölgüsü də
məşğulluq problemini kəskinləşdirir. Uzun illər Azərbaycanın
paytaxtdankənar rayonlarında bəzi sənaye müəssisələrinin öz
fəaliyyətlərini dayandırması regional işsizliyin səviyyəsini
artırmışdır. Son illər investisiyaların regionlara yönəldilməsi, dövlət
səviyyəsində ardıcıl olaraq regional inkişaf proqramlarının həyata
keçirilməsi paytaxta işçi qüvvəsi axınını xeyli azaltmışdır.
Azərbaycanda
qeyri-neft sektorunun, xüsusilə də idxalı əvəz edən sənaye sahələrinin
inkişaf etdirilməsi məşğulluğun təmin edilməsində həlledici rol oynaya
bilər. Bu baxımdan ölkədə yeyinti sənayesinin və yüngül sənayenin
inkişaf etdirilməsi bir tərəfdən daxili bazarın inkişafına, digər
tərəfdən də məşğulluq sahəsində mövcud imkanların artırılmasına şərait
yaradacaqdır.
Hazırda ölkədə həyata keçirilən iqtisadi siyasət
işsizliyin yaranma imkanlarının məhdudlaşdırılmasına, sosial siyasət isə
işsizlik probleminin doğurduğu fəsadların aradan qaldırılmasına
yönəldilmişdir.
Əhalinin məşğulluğunun təmin edilməsi sahəsində
"Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci
illər)”, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata
keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)”, "Azərbaycan
Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə
2011-2015-ci illər üçün Dövlət Proqramı” və "Azərbaycan Respublikasında
qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”
uğurla icra olunmuşdur.
2016-cı ildən etibarən əhalinin
özünüməşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata
keçirilməsi ilə məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələnin
əsası qoyuldu. Özünüməşğulluq işsiz və işaxtaran şəxslərin əmək
potensialının reallaşdırmasına və nəticə etibarilə onların gəlirlərinin
artırılmasına, ölkədə yeni iş yerlərinin açılmasına, kiçik və orta
sahibkarlığın inkişafına şərait yaradır.
İşsiz şəxslərin sosial
müdafiəsinin gücləndirilməsi və onların aktiv məşğulluq tədbirlərinə
cəlb olunması, passiv əmək bazarı proqramlarından aktiv proqramlara
keçidin əhatəliliyinin genişləndirilməsi məqsədi ilə ölkədə 2018-ci il 1
yanvar tarixindən işsizlikdən sığorta sisteminin tətbiqinə
başlanılmışdır.
YOXSULLUĞUN AZALDILMASI STRATEGİYASI
Yoxsulluq
istənilən cəmiyyətə xas olan çoxşaxəli sosial-iqtisadi problemdir.
Yoxsulluğun azaldılması təkcə humanistlik prinsiplərindən irəli gəlmir,
bunu həm də gələcək nəsillərin fiziki, əmək və intellektual
potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi zəruriliyi
diktə edir. Buna görə də yoxsulluq problemi qlobal səviyyədə olduğu
kimi, həm də ölkəmizdə daim diqqət mərkəzindədir.
Seçilmiş
iqtisadi inkişaf modelindən asılı olmayaraq, hər bir dövlətin öz sosial
funksiyalarını nə dərəcədə səmərəli həyata keçirməsi aztəminatlı
təbəqənin maddi təminatı və yoxsulluğun səviyyəsi ilə müəyyən olunur.
Yoxsulluq mahiyyəti etibarilə hər hansı bir şəxsin öz minimal
ehtiyaclarını ödəmək iqtidarında olmamasıdır. Bu cür insanlar öz əmək
qabiliyyətini qoruyub saxlamaqda, potensialını reallaşdırmaqda, maddi və
mənəvi ehtiyaclarını ödəməkdə, özlərini cəmiyyətdə təsdiq etməkdə
çətinlik çəkirlər. Yoxsulluq hər bir insanda daim qorxu hissi və
müdafiəsizlik sindromu yaradır.
Yoxsulluq təkcə sosial-iqtisadi
problem deyil, həm də demokratik inkişaf üçün bir maneədir. Dünya
təcrübəsi göstərir ki, yoxsulluq səviyyəsi yüksək olan ölkələrdə
demokratikləşmə prosesi bir qayda olaraq zəif və ləng gedir. Adam Smit
hələ vaxtilə qeyd etmişdir ki, əhalisinin böyük bir hissəsi yoxsul olan
cəmiyyət inkişaf edib xoşbəxt ola bilməz. Yoxsulluq səviyyəsinin yüksək
olması kütləvi savadsızlığa, cinayətkarlığın artmasına, mənəviyyatın
deformasiyasına gətirib çıxarır.
Yoxsulluq bir tərəfdən
gəlirlərin və istehlakın ən aşağı səviyyədə olmasıdırsa, digər tərəfdən
də təhsilin aşağı səviyyəsi, yetərincə qidalanmama, insanın səhhətində
problemlər deməkdir. Buna görə də hər bir ölkədə yoxsulluqla mübarizə
sosial-iqtisadi siyasətin mühüm istiqaməti kimi nəzərdə tutulur.
Bəzən
yoxsulluq problemi həddən artıq şişirdilir. Dünyada yoxsulluğun mövcud
olmadığı ölkə yoxdur. Hətta inkişaf etmiş ölkələr belə yoxsulluq
problemini köklü şəkildə həll edə bilməyib.
Əslində, yoxsulluğun
əsası amirlik iqtisadiyyatı dövründə qoyulmuşdur. Təsadüfi deyildir ki,
2002-ci ildə "Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət
Proqramı”nın təqdimatına həsr olunmuş konfransda ulu öndər Heydər Əliyev öz nitqində bu məsələ ilə bağlı fikirlərini belə açıqlamışdır: "Keçmiş sovetlər ittifaqına mənsub olan ölkələrdə, məlumdur ki, SSRİ
dağılandan sonra çox ağır sosial-iqtisadi proseslər gedib və
getməkdədir. Sovetlər ittifaqı dövründə də insanların hamısı eyni
səviyyədə yaşamırdı. Respublikaların vəziyyətləri də müxtəlif idi. Amma,
ümumiyyətlə, yoxsulluq mövcud idi. Bəlkə də o vaxt sovet sistemində
hamının eyni səviyyədə yaşaması prinsipi prizmasından baxanda kimin
yoxsul olması, kimin olmaması, o qədər də görünmürdü. Ümumiyyətlə,
sovetlər ittifaqında, sosialist sistemində yoxsulluq bir problem kimi
müzakirə olunmurdu. Yəni, problem vardısa da, onun olması etiraf
edilmirdi”20.
Doğrudur, sovet iqtisadiyyatı dövründə yoxsulluq
inkar edilsə də, faktiki olaraq o, "aztəminatlılıq” formasında təqdim
edilirdi. Hələ 1975-ci ildə keçmiş SSRİ-də
aztəminatlılığın həddi kimi ailənin bir üzvü üçün ayda 50 rubl müəyyən
edilmişdir. Bu dövrdə aztəminatlı ailələrin xüsusi çəkisi 16 faizə
çatırdı. 1985-ci ildə bu göstərici ayda 75 rubla çatdırılmışdır.
İnzibati yollarla həyata keçirilən ifrat bərabərçilik siyasəti keçid
dövründə yoxsulluğun kütləviləşməsinə əlverişli şərait yaratmışdır.
Məşhur
iqtisadçı C.Qelbreytin təbirincə desək, keçmişdə yoxsulluq əksəriyyətin
problemi idisə, bu gün o, əhalinin müəyyən bir hissəsinin problemidir.
Bu fikir onu təsdiq edir ki, əvvəllər yoxsulluq geniş miqyas almaqla
yanaşı, həm də daha kəskin xarakter daşıyırdı. Hətta indiki inkişaf
etmiş ölkələr də yoxsulluq problemini kəskinliyi ilə yaşamışlar.
Yoxsulluq yalnız keçmiş SSRİ-də
əhalinin az bir hissəsindən əksəriyyətin probleminə çevrilmişdir.
1990-cı illərin əvvəllərində həyata keçirilmiş şok terapiyası bu
problemin geniş miqyas almasına səbəb olmuşdur.
Bəziləri
yoxsulluğu bazar iqtisadiyyatı üçün xarakterik olan bir hal hesab
etdiklərinə görə onu formalaşmaqda olan yeni iqtisadi sistemin nəticəsi
kimi qiymətləndirirlər. Lakin bazar iqtisadiyyatı özlüyündə yoxsulluğu
doğurmur. Yoxsulluq problemi daha çox səmərəli sosial müdafiə sisteminə
malik olmayan, gəlirlərin qeyri-bərabər bölgüsünün dərinləşdiyi
ölkələrdə özünü büruzə verir. Bazar iqtisadiyyatının yoxsulluq adlı nə
prinsipi, nə də elementi var. Əgər keçid dövründə yoxsulluq problemi
kəskinliyi ilə təzahür edirsə, bu, bazar iqtisadiyyatı ilə
əlaqələndirilməməlidir.
Yoxsulluq probleminin həlli iqtisadi
inkişafdan asılı olduğu kimi, iqtisadi inkişafın özü də yoxsulluq
probleminin həllindən asılıdır. Belə ki, həyat səviyyəsi aşağı olan,
alıcılıq qabiliyyəti isə zəif olan ölkədə iqtisadi fəallıq yüksək ola
bilməz. İqtisadi fəallıq alıcılıq qabiliyyətli tələbin mövcud olmasını
şərtləndirir. Bir çox inkişaf etmiş ölkələrdə iqtisadi artımı təmin edən
amil, həm də yüksək alıcılıq qabiliyyətinə malik ölkə vətəndaşlarıdır.
Məlum olduğu kimi, hələ 2000-ci ildə BMT
Minilliklə bağlı sammitini keçirmişdir. Bu sammitdə yeni yüzillik üçün
fəaliyyət prioritetlərini müəyyən edən Minilliyin Bəyannaməsi qəbul
edilmişdir. Bu prioritetlərdən ən əsası ifrat yoxsulluğu aradan
qaldırmaqdan ibarətdir.
Azərbaycan yoxsulluğa və aclığa qarşı
mübarizədəki uğurlarına görə Minilliyin İnkişaf Məqsədlərinin (MİM) sona
çatması ilə bağlı Romada keçirilən təqdimat mərasimində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)
xüsusi mükafatına layiq görülmüşdür. Qürurverici haldır ki, Azərbaycan
MİM-lər çərçivəsində yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini
götürən 128 ölkə arasında bu vəzifəni yerinə yetirən 18 ölkədən biri
olmuşdur. Ölkəmiz həm də dünyada yoxsulluğun 5 faizdən aşağı
endirilməsinə nail olan 29 ölkə sırasındadır.
BMT-nin fəal üzvü kimi qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən Azərbaycan BMT-nin
17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən yeni
Qlobal Dayanıqlı İnkişaf Məqsədləri təşəbbüsünə qoşulmuşdur.
Yoxsulluqla
mübarizəni təkcə daxili amillər deyil, həm də dünyada gedən proseslər
diktə edir. Təsadüfi deyildir ki, 17 oktyabr dünyada Beynəlxalq
Yoxsulluqla Mübarizə Günü kimi qeyd edilir. Hər bir ölkədə olduğu kimi,
qlobal səviyyədə də regionların fərqli inkişaf səviyyəsinə malik olması,
gəlirlərin qeyri-bərabər bölgüsü yoxsulluqla qlobal mübarizəni xeyli
çətinləşdirir.
Əslində, dünya üzrə gəlirlərin qeyri-bərabər
bölgüsünü ÜDM istehsalında ayrı-ayrı ölkələrin iştirak səviyyəsinin
fərqlənməsi doğurur. Hazırda dünya üzrə istehsal olunan ÜDM-in 80 faizi
dünya əhalisinin təxminən 20 faizini özündə birləşdirən inkişaf etmiş
ölkələrin payına düşür. Dünyanın yerdə qalan 80 faizi isə qlobal ÜDM-in
cəmi 20 faizini istehsal edir.
BMT-nin
2002-ci ildə Cənubi Afrikanın Yohannesburq şəhərində keçirildiyi
sammitində müzakirə olunan əsas məsələlərdən biri yoxsul dövlətlərə
yardımla bağlı olmuşdur. Belə ki, 1960-cı illərin sonunda götürülmüş
öhdəliyə görə inkişaf etmiş ölkələr üçüncü dünya ölkələrinə öz ÜDM-nin
0,7 faizi həcmində yardım etməli idi. Lakin bu öhdəlik yerinə
yetirilməmişdir.
Dünyada yoxsulluğun azaldılması həm də dünya
iqtisadi düzənində müəyyən düzəlişlər edilməsini tələb edir. Problemin
həllinə şərait yaratmaq məqsədi ilə inkişaf etmiş ölkələr öz bazarlarını
inkişaf etməkdə olan ölkələrin məhsulları üçün açmalı, ədalətli ticarət
şərtləri daxilində onların dünya bazarında rəqabət aparmasına imkan
yaratmalıdırlar. Digər bir tərəfdən də beynəlxalq səviyyəli bəzi
problemlər, xüsusilə də borcların tənzimlənməsi və maliyyə yardımlarının
səmərəliliyinin artırılması təmin edilməlidir. Əks halda, zəif inkişaf
etmiş ölkələr nə qədər səy göstərsələr də, onlar minillik üçün qarşıya
qoyulmuş məqsədlərə nail ola bilməyəcəklər.
Keçmiş ittifaq
respublikalarında, o cümlədən Azərbaycanda əhalinin həyat səviyyəsinin
kəskin şəkildə aşağı düşməsi, əslində isə yoxsullaşma prosesi 1990-cı
illərin əvvəllərində qiymətlərin liberallaşdırılması nəticəsində baş
vermişdir. Bu zaman əhalinin banklarda olan əmanətləri üçün nə
kompensasiyalar ödənilmiş, nə də gəlirlərin indeksləşdirilməsi həyata
keçirilmişdir. Nəticədə gəlirlərin, əmanətlərin dəyərsizləşməsi prosesi
müşahidə edilmişdir. Sosial gərginliyin, o cümlədən yoxsullaşmanın əsası
da həmin dövrdə qoyulmuşdur.
Hər bir ölkədə iş yerlərinin məhdud
olması və bu əsasda işsizliyin dərinləşməsi yoxsulluğu doğuran
səbəblərdən biri kimi çıxış edir. Əmək bazarındakı differensasiya və
qeyri-bərabərlik yoxsulluğun əsas səbəblərindən biridir. Belə ki, əmək
bazarında aşağıödənişli iş yerlərinə malik olanların sayı çox olduqda,
əmək bazarında deqradasiya baş verir, iqtisadi və sosial təbəqələşmə son
nəticədə yoxsulluğa gətirib çıxarır.
Ölkədə iqtisadi artım və makroiqtisadi sabitlik təmin edildikdən sonra ümummilli lider Heydər Əliyev
tərəfindən "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı (2003-2005)” təsdiq edilmişdir. Bu proqram sosial problemlərin
həlli yollarını göstərməklə yanaşı, həm də onun iqtisadi əsaslarını
müəyyənləşdirdi. Burada islahatların iqtisadi, sosial və institusional
aspektləri kompleks şəkildə əhatə olunmuşdur. Proqram bütün
sosial-iqtisadi problemlərin həllinə məhz yoxsulluğun azaldılması
kontekstindən yanaşmağa imkan vermiş və bir növ istiqamətverici rol
oynamışdır.
Hələ 2003-cü ildə Baş nazir İlham Əliyevin
prezidentliyə namizəd kimi çıxışlarının əsas tezislərindən biri də
Azərbaycanda yoxsul olmamalıdır tezisi idi. O qeyd edirdi ki, Azərbaycan
xalqı zəngin xalq olmalıdır. Bunun üçün hər cür şərait var. Dövlətin
başlıca siyasəti bundan ibarətdir ki, Azərbaycan xalqı daha da yaxşı
yaşasın və o, buna layiqdir və biz buna nail olacağıq. İmkanlarımız
artdıqca, Azərbaycanın bütün vətəndaşları, bütün təbəqələr daha da yaxşı
yaşayacaqdır.
Bu məqsədlə Prezident İlham Əliyev
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nı təsdiq etmişdir.
Yoxsulluqla mübarizə üçün hökumət sosial müdafiə və ya sosial inkişaf
proqramları da hazırlaya bilərdi. Hazırlanmış sənədin məhz bu cür
adlandırılması sosial proqram və təminatların iqtisadi baza və
resurslarla tamamlanması məqsədini güdür.
Yoxsulluğun azaldılması
strategiyasının əsas məqsədi yoxsulluğu doğuran səbəbləri aradan
qaldırmaqdan və əhalinin sosial müdafiəsi sistemini təkmilləşdirməkdən
ibarətdir.
Ölkənin maliyyə ehtiyatlarının səfərbər edilməsi,
makroiqtisadi sabitliyin qorunub saxlanılması, məşğulluq səviyyəsinin
yüksəldilməsi, təbəqələşmənin və gəlirlərin qeyri-bərabər bölgüsünün
dərinləşməsinin qarşısının alınması yoxsulluğun azaldılması
strategiyasının əsas vəzifələridir.
İqtisadi siyasətlə sosial
siyasətin əlaqələndirilməsi, sosial ədalətin qorunması, vətəndaşların
potensial qabiliyyətinin reallaşdırılması üçün şəraitin yaradılması,
bazar münasibətlərinin inkişaf etdirilməsi, vətəndaşların dövlətdən
maliyyə asılılığının azaldılması yoxsulluqla mübarizə strategiyasının
əsas prinsipləri kimi müəyyən edilmişdir.
Aparılan uğurlu
iqtisadi siyasət nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik və
iqtisadi artımın davamlılığı təmin edilmiş, əhalinin gəlirlərinin
artırılmasına və rifahının yaxşılaşdırılmasına nail olunmuşdur. Eyni
zamanda, sosial proqramların maliyyələşdirilməsi imkanlarının
genişlənməsi, iqtisadiyyatın genişmiqyaslı liberallaşdırılması,
sahibkarlığın təşviq edilməsi yoxsulluğun azaldılmasına əlverişli şərait
yaratmışdır.
1990-cı illərin əvvəllərində 60 faiz təşkil edən
yoxsulluq səviyyəsi Azərbaycanda həyata keçirilən ardıcıl və sistemli
tədbirlər nəticəsində 2003-cü ildə 44,7 faizə, 2005-ci ildə 29,3 faizə,
2010-cu ildə 9,1 faizə, 2017-ci ildə 5,4 faizə endirilmişdir.
Dövlət
büdcəsinin sosialyönümlü xərcləri 2003-2017-ci illərdə 10 dəfə artaraq
7,0 mlrd. manata, o cümlədən dövlət büdcəsinin sosial müdafiə və sosial
təminat xərcləri 11 dəfə artaraq 2,4 mlrd. manata çatmışdır.
Minimum
əməkhaqqı 23 dəfədən çox artaraq 5,5 manatdan 130 manata
çatdırılmışdır. Dövlət büdcəsinin səhiyyə xərcləri 12,7 dəfə artaraq
55,3 milyon manatdan 704,9 milyon manata yüksəlmişdir.
Orta aylıq əməkhaqqı 8,4 dəfə artaraq 528,2 manata çatmışdır.
BMT
İnkişaf Proqramının qlobal İnsan İnkişafı Hesabatına əsasən Azərbaycan
"orta insan inkişafı” ölkələri kateqoriyasından "yüksək insan inkişafı”
kateqoriyasına daxil edilmişdir.
Yoxsulluğun azaldılması
perspektivləri təkcə dövlətimizin iqtisadi imkanları ilə deyil, həm də
ölkə vətəndaşlarının yüksək işgüzarlıq keyfiyyətləri və sahibkarlıq
potensialı ilə müəyyən olunur. Azərbaycan işgüzarlıq səviyyəsinə görə
nəinki MDB ölkələrini, həmçinin Şərqi Avropa
ölkələrini qabaqlayır. Özəl bölmənin iqtisadiyyatda payı artır, o,
məşğulluğun təmin edilməsində, əhalinin gəlirlərinin formalaşmasında
həlledici rol oynayır. Son dövrlər sahibkarlığın inkişafına yönəldilmiş
tədbirlər nəticəsində özəl sektorda iqtisadi fəallığın artacağı və
nəticədə yoxsulluğun daha da azalacağı gözlənilir.
Yoxsulluqdan
qurtulmağın konkret bir resepti yoxdur. Bunun üçün iqtisadi, sosial və
institusional sahədə kompleks tədbirlər həyata keçirilməli və onlar
bir-birini tamamlamalıdır. Başqa sözlə, yoxsulluğun azaldılması üçün
imkanlar yaradılmalı, bu imkanların reallaşması təmin edilməli və
etibarlı sosial müdafiə sistemi formalaşdırılmalıdır.
İQTİSADİ-İDEOLOJİ TƏBLİĞAT VƏ ONUN XÜSUSİYYƏTLƏRİ
Qloballaşma
prosesinin getdikcə dərinləşdiyi və dünyada vahid siyasi-iqtisadi
qaydaların bərqərar olduğu bir vaxtda sosialist və ya kapitalist
iqtisadi sisteminin lehinə, yaxud da əleyhinə yönəldilmiş
iqtisadi-ideoloji təbliğatın aparılmasına artıq heç bir ehtiyac qalmır.
Hazırda dünya ölkələrinin iqtisadi-ideoloji fəaliyyəti və təbliğat
sistemi hər hansı siyasi ehkamlar üzərində deyil, yalnız və yalnız
dövlət mənafeyinin və milli iqtisadi maraqların qorunması prinsipləri
üzərində qurulur. Müstəqil dövlət quruculuğu dövrünü yaşayan və milli
iqtisadiyyatını formalaşdırmaqda olan Azərbaycan üçün də məhz bu
prinsiplərə əsaslanan çevik iqtisadi ideoloji təbliğat mexanizminin
qurulması olduqca vacibdir.
İqtisadi təbliğat sistemsiz
qeyri-ardıcıl xarakter daşımamalıdır. Ölkənin siyasi rəhbərliyi
tərəfindən müəyyən edilmiş iqtisadi ideologiyanın və islahatlar kursunun
təbliği siyasi-ideoloji təbliğat fonunda zəif və sönük görünməməlidir.
İqtisadiyyatını yeniləşdirməkdə olan və dünya miqyaslı strateji
layihələr həyata keçirən müstəqil Azərbaycan Respublikasında iqtisadi
təbliğat davamlı və ardıcıl xarakter daşımalıdır.
İqtisadi
ideologiya dövlətin iqtisadi strategiyasını, iqtisadi islahatların
konseptual əsaslarını, seçilmiş iqtisadi modelin əsas prinsiplərini,
ölkənin milli iqtisadi mənafeyi və maraqları ilə bağlı məsələləri özündə
birləşdirir. Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli və
ideologiyası ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni Konstitusiyada öz əksini tapmışdır.
Belə
bir ideologiyanın əsasını hər şeydən əvvəl mülkiyyət münasibətləri
təşkil edir. Mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən
müdafiə edilməsi artıq konstitusion müddəaya çevrilmişdir. Əsas Qanuna
görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə
mülkiyyəti növündə ola bilər.
Ölkəmizin iqtisadi inkişaf
modelinin ümumi prinsipləri də Konstitusiyada təsbit edilmişdir. Əsas
Qanunda qeyd edilir ki, Azərbaycan dövləti bazar münasibətləri əsasında
iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat
verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol
vermir. Bu müddəalar iqtisadi islahatların dönməzliyinə konstitusion
təminat verməklə yanaşı, həm də bazar münasibətlərinin ölkənin iqtisadi
həyatına daha dərindən nüfuz etməsi üçün hüquqi-ideoloji zəmin yaradır.
Ölkəmizdə
həyata keçirilən iqtisadi islahatların son məqsədi nə ümumi daxili
məhsulun həcminin artırılmasından, nə büdcə kəsirinin minimum həddə
saxlanılmasından, nə də ki, valyuta ehtiyatlarını artırmaqdan ibarətdir.
İslahatların başlıca strateji məqsədi ölkə iqtisadiyyatını
sağlamlaşdırmaqla əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail
olmaqdır. Bu, Əsas Qanunumuzda da öz əksini tapmışdır. Konstitusiyada
göstərilir ki, Azərbaycan iqtisadiyyatının inkişafı müxtəlif mülkiyyət
növlərinə əsaslanaraq, xalqın rifahının yüksəldilməsinə xidmət edir. Bu
müddəa, həm də Azərbaycanın iqtisadi inkişaf modelinin
sosialyönümlülüyünü təsbit edir. İqtisadi siyasətlə sosial siyasətin
bir-biri ilə əlaqələndirilməsi müəyyən etdiyimiz iqtisadi modelin
səciyyəvi xüsusiyyətlərindən biridir.
Konstitusiyamızda iqtisadi
azadlığın təsbit edilməsi, eyni zamanda, insan azadlığının və cəmiyyətin
demokratikləşməsinin iqtisadi-ideoloji əsası kimi qiymətləndirilə
bilər. Azad cəmiyyət iqtisadiyyatın, xüsusilə də özəl bölmənin və
sahibkarlığın inkişafına şərait yaratdığı kimi, azad iqtisadiyyat da
cəmiyyətdə demokratik dəyişikliklərin sürətlənməsinə xidmət edir.
Ulu öndər Heydər Əliyev
BVF-nin nümayəndə heyəti ilə görüşündə iqtisadiyyat və demokratiyanın
qarşılıqlı əlaqəsinin mahiyyətini açan olduqca maraqlı bir fikir
söyləmişdir: "İqtisadi əsas olmasa, demokratiyanı yaratmaq mümkün deyil…
Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi, iqtisadiyyatın
tənəzzülünün qarşısının alınması və nəhayət, makroiqtisadi inkişafın
əldə olunması - bunlar hamısı birlikdə Azərbaycanda həqiqi
demokratiyanın yaranmasının əsaslarıdır”21.
İqtisadi-ideoloji
təbliğat ölkəmizdə həyata keçirilən iqtisadi strategiyanın, dövlətimizin
milli iqtisadi maraqlarının, reallaşdırılan və nəzərdə tutulan iqtisadi
tədbirlərin, qarşılaşdığımız problem və çətinliklərin vətəndaşlara
davamlı şəkildə çatdırılmasını təmin etməlidir. Bu, son nəticədə
vətəndaşların hüquqi və iqtisadi maarifləndirilməsinə, iqtisadi
islahatların ictimailəşməsinə və cəmiyyət tərəfindən dəstəklənməsinə
xidmət etmiş olar.
Bir çox ölkələr iqtisadi transformasiya
prosesində ciddi sosial-iqtisadi problemlərlə qarşılaşırlar və onların
həlli qısa bir müddətdə mümkün olmur. Bu baxımdan Azərbaycan
iqtisadiyyatı da bu kimi problem və çətinliklərdən xali olmamışdır.
Bəzən cari problemlərin təhrif edilərək dramatikləşdirilməsi yolverilməz
olduğu kimi, sosial-iqtisadi problemlərimizə münasibətdə inkarçılıq
mövqeyi də sağlam iqtisadi-ideoloji təbliğat prinsiplərinə uyğun gəlmir.
İqtisadi problemlər xarakterindən və onları doğuran səbəblərdən asılı
olmayaraq, ölkə ictimaiyyətinə vaxtında çatdırılmalıdır ki, sonradan
onlar "təhrif edilmiş” və ya "siyasiləşdirilmiş” bir şəkildə təqdim
edilməsin.
Ölkə iqtisadiyyatının yeniləşməsi yeni-yeni
problemlərin yaranmasına səbəb olmaqla yanaşı, həm də bir sıra suallar
doğurur. Bu suallar həm cari iqtisadi vəziyyətlə, həm də sosial-iqtisadi
inkişafın konseptual məsələləri ilə bağlıdır. Elan edilmiş iqtisadi
strategiyanın rəvan bir şəkildə davam etdirilməsi islahatların gedişi
ilə bağlı ölkə vətəndaşlarında yaranan sualların vaxtında
cavablandırılmasını tələb edir.
İqtisadi maarifləndirmə sahəsində
görülən işlər də hələ qənaətbəxş səviyyədə deyil. Bu, hər şeydən əvvəl
iqtisadi təhsilin və kadr hazırlığının müasir tələblərə
uyğunlaşdırılmaması, milli iqtisadiyyatın problemlərini dünya
iqtisadiyyatının inkişaf meyilləri ilə əlaqələndirən iqtisadi
ədəbiyyatların hazırlanmaması və bu sahədə müvafiq tədqiqat işlərinin
aparılmaması ilə izah olunur.
İqtisadi təbliğat yalnız ölkənin
iqtisadi potensialının, xüsusilə də təbii sərvətlərimizin səthi bir
şəkildə qiymətləndirilməsi üzərində deyil, bu potensialın Azərbaycanın
milli maraqları naminə istifadəsinə şərait yarada biləcək sağlam
iqtisadi sistemin formalaşdırılması məsələləri kontekstində
qurulmalıdır. Nəzərə almalıyıq ki, hər bir ölkənin təbii sərvəti
iqtisadi inkişaf üçün zəmin yaratsa da, onun həlledici şərti kimi çıxış
etmir.
İqtisadi ideoloji təbliğatın milli maraqlarımıza uyğun
olaraq qurulması üçün iqtisadçı alimlərin, müstəqil ekspertlərin
iqtisadi problemlərin müzakirəsinə cəlb edilməsi vacibdir. Çox
təəssüflər olsun ki, Azərbaycanın iqtisadi-elmi mühiti ilə iqtisadi
yönümlü dövlət orqanları arasında böyük bir məsafə var. Bu məsafənin
azaldılmasına cəhd göstərilməməsi bir çox hallarda iqtisadi-elmi
potensialın kortəbii şəkildə siyasiləşməsinə gətirib çıxarır. Həyata
keçirilən iqtisadi islahatların elmi xarakterini və mövcud problemlərə
konstruktiv yanaşmanı təmin etmək üçün Azərbaycanın iqtisadi-elmi
mühitinin iqtisadi quruculuq prosesində yaxından iştirakına şərait
yaradılmalıdır. Nəzərə almaq lazımdır ki, iqtisadçı alimlər ölkə
ziyalılarının əsas hissəsini təşkil etməklə yanaşı, həm də iqtisadi
islahatların təbliğində və həyata keçirilməsində əsas qüvvə kimi çıxış
edirlər.
Azərbaycan dünya təsərrüfat sisteminə daha sıx cəlb
olunduqca, ölkəmizin iqtisadi inteqrasiya problemləri daha da
aktuallaşır. Bu problemə iqtisadi ideologiya baxımından yanaşılması həm
ölkəmizin milli iqtisadi maraqlarının, həm də azad iqtisadiyyat
prinsiplərinin nəzərə alınmasını tələb edir. Dünya iqtisadiyyatında
liberallaşdırma prosesinin dərinləşdiyi bir vaxtda hər bir ölkənin
xarici iqtisadi əlaqələrinin forma və məzmununu, o cümlədən regional
strukturunu artıq siyasi qərarlar deyil, dövlət inhisarında olmayan və
sərbəst fəaliyyət göstərən bazar müəyyənləşdirir.
Azərbaycanın
xarici ticarət dövriyyəsinin regional strukturuna nəzər yetirsək, son
illər ərzində bu sahədə mütərəqqi dəyişikliklərin baş verdiyini görərik.
Əgər 1990-cı illərin əvvəllərində ölkəmiz dünyanın təxminən 50 ölkəsi
ilə xarici ticarət əməliyyatı aparırdısa, indi Azərbaycanın xarici
ticarət sahəsində partnyorlarının sayı 187-dir. Bir tərəfdən
iqtisadiyyatın liberallaşdırılması, digər tərəfdən də dünya
iqtisadiyyatına inteqrasiya prosesi Azərbaycanın xarici ticarət
dövriyyəsində "uzaq xaric” adlandırdığımız ölkələrin payını əhəmiyyətli
dərəcədə artırmışdır. Bu göstərici 1990-cı illərin əvvəlləri ilə
müqayisədə 2017-ci ildə 20 faizdən 85 faizədək artdığı halda, "yaxın
xaric” hesab edilən MDB
ölkələrinin payı, əksinə, 80 faizdən 15 faizədək azalmışdır. Bu isə öz
milli iqtisadiyyatını artıq vahid xalq təsərrüfatı kompleksi
çərçivəsində deyil, müstəqil şəkildə və bazar iqtisadiyyatı
prinsiplərinə əsaslanaraq formalaşdıran bir ölkə üçün təbii və mütərəqqi
meyil kimi qiymətləndirilə bilər. Bu baxımdan Azərbaycanın iqtisadi
inteqrasiya probleminə ideoloji aspektdə yanaşıldıqda, bu kimi
cəhətlərin nəzərə alınmasını zəruri hesab edirik.
Qloballaşma
artıq dünya iqtisadiyyatında yeni mühit formalaşdırmaqdadır. Lakin bu
prosesdən bütün ölkələr heç də eyni dərəcədə faydalana bilmir. Məsələn,
qloballaşma dünya iqtisadiyyatında böyük payı olan inkişaf etmiş ölkələr
üçün əlverişli bazarlar yaratdığı, onların rəqabətqabiliyyətliliyini
daha da artırdığı halda, o, inkişaf etməkdə olan və keçid dövrünü
yaşayan ölkələr üçün iqtisadi təhlükəsizlik baxımından bəzi problemlər
yaradır. Bunu nəzərə alaraq, Azərbaycanda milli iqtisadiyyatın inkişafı
və ölkəmizin dünya təsərrüfat sisteminə inteqrasiyası iqtisadi
təhlükəsizlik prinsiplərini gözləməklə həyata keçirilməlidir.
Bu
kimi vəzifələrin ardıcıl yerinə yetirilməsi isə müasir dünya
iqtisadiyyatında və siyasətində müşahidə edilən meyilləri nəzərə alan
iqtisadi diplomatiyanın qurulmasından asılıdır. Hazırda Prezident İlham Əliyev
tərəfindən qətiyyətlə və ardıcıl həyata keçirilən iqtisadi diplomatiya
ölkəmizin milli iqtisadi maraqlarının reallaşmasına xidmət edir.
x x x
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni inkişaf mərhələsinin tələb və şərtlərini nəzərə alaraq, Nazirlər Kabinetinin
2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan 2018-ci il 10 yanvar tarixli iclasında və
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin
yekunlarına həsr olunan 2018-ci il 29 yanvar tarixli konfransda milli
iqtisadiyyatımızın cari və perspektiv inkişafı ilə bağlı sistemli və
çoxşaxəli vəzifələr müəyyən etmişdir.
Konkret olaraq, qarşıdakı
dövr ərzində iqtisadiyyatı şaxələndirməklə dayanıqlı iqtisadi artıma
nail olunması, makroiqtisadi sabitliyin qorunması, iqtisadi, o cümlədən
institusional islahatların, strateji layihələrin icrasının davam
etdirilməsi, qeyri-neft sektorunun və sahibkarlığın dəstəklənməsi,
sənaye potensialının daha da gücləndirilməsi, ixracın artırılması və
idxalın əvəz edilməsi, aqrar-sənaye kompleksinin və regionların
inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi, meliorasiya və
irriqasiya sahəsində tədbirlərin görülməsi, inflyasiyanın, işsizlik və
yoxsulluq səviyyəsinin minimal həddə saxlanılması və infrastruktur
layihələrinin icrası hökumətin fəaliyyətinin prioritet istiqamətləri
olaraq nəzərdə tutulur.
Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin
ölkəmizin idarə edilməsi və sosial-iqtisadi inkişafı ilə bağlı aydın və
konkret baxışlara, siyasi iradəyə malik olması, dövlət başçısı
tərəfindən bütün sahələr üzrə konkret dövlət proqramlarının
təsdiqlənməsi və onların artıq icrasına başlanılması müəyyən edilmiş
vəzifələrin reallaşmasına təminat verir.
Beləliklə, 2003-2018-ci illərdə Prezident İlham Əliyevin
rəhbərliyi nəticəsində Azərbaycan tarixi nailiyyətlər qazanıb,
dövlətimizin qüdrəti artıb, ölkənin siması bütünlüklə dəyişib,
insanların həyatı yaxşılaşıb. Lakin milli iqtisadiyyatını
formalaşdırmaqda olan Azərbaycan Respublikası müstəqil və gənc dövlət
olaraq iqtisadi dayaqlarını daha da möhkəmləndirməli, yeni dövrün
çağırışlarını özünün sosial-iqtisadi həyatında daha çevik nəzərə
almalıdır. Azərbaycan xalqı bu vəzifələrin məhz İlham Əliyev
tərəfindən daha uğurla həyata keçirilə biləcəyini nəzərə alıb öz
seçimini bir qayda olaraq ONUNLA bağlayır, dövlətimizin idarə edilməsini
tərəddüd etmədən ONA etibar edir...
İSTİNADLAR
1 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 1-ci kitab, Azərnəşr, Bakı 2008, səh. 44
2 Ümummilli lider Heydər Əliyevin
"Literaturnaya qazeta”nın xüsusi müxbirləri ilə 12 avqust 2000-ci il
tarixli müsahibəsindən, "Azərbaycan” qəzeti, 14 avqust 2000-ci il
3 Heydər Əliyev "Müstəqilliyimiz əbədidir”, 3-cü kitab, Azərnəşr, Bakı 1997, səh. 336
4 İlham Əliyev "İqtibaslar və təhlil”, Azərbaycan nəşriyyatı, Bakı 2006, səh. 97
5 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin
2005-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş 31 yanvar 2006-cı
il tarixli iclasındakı nitqindən, "Azərbaycan” qəzeti, 1 fevral 2006-cı
il
6 "Azərbaycan” qəzeti, 20 mart 2018-ci il
7 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 26-cı kitab, Azərnəşr, Bakı 2015, səh. 277
8 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 19
9 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 1-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 36
10 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 54
11 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 54
12 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 181
13 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 9-cu kitab, Azərnəşr, Bakı 2012, səh. 181
14 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 19
15 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 181
16 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 2-ci kitab, Azərnəşr, Bakı 2009, səh. 53
17 Heydər Əliyev "Müstəqilliyimiz əbədidir”, 4-cü kitab, Azərnəşr, Bakı 1997, səh. 105
18 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 35-ci kitab, Azərnəşr, Bakı 2016, səh. 89
19 İlham Əliyev "İnkişaf – məqsədimizdir”, 31-ci kitab, Azərnəşr, Bakı 2016, səh. 273
20 Ümummilli lider Heydər Əliyevin
25 oktyabr 2002-ci ildə "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf
üzrə Dövlət Proqramı”nın təqdimatına həsr olunmuş konfransdakı
nitqindən, Aliyev-Heritage.org
21 R.Mehdiyev, "Azərbaycanın özü
qədər əbədi” silsiləsindən "Yeni siyasət: inkişafa doğru” kitabı, I
cild, Azərbaycan nəşriyyatı, Bakı 2008, səh. 271