Əməliyyat Qərargahı Qubada itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN)
XəzərXəbər-ə verilən məlumata görə, Quba
rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin
axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı
sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.
Fövqəladə Hallar Nazirliyi
axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını,
eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq
geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz
olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə
getməsi onların həyatı üçün təhlükəlidir.
Fövqəladə Hallar Nazirliyi
kütləvi informasiya vasitələrinə, ictimaiyyət nümayəndələrinə, sosial
şəbəkələrin istifadəçilərinə müraciət edərək Nazirliyin fəaliyyəti,
xüsusilə də baş verən hadisələrlə bağlı rəsmi olmayan,
dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır və bu cür
məlumat yayanlara diqqətli olmağı, yaranmış vəziyyətə həssaslıqla və
anlayışla yanaşmağı tövsiyyə edir. Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə dair məlumatlar fhn.gov.az rəsmi internet informasiya portalında mütəmadi dərc olunur.
Axtarış-xilasetmə işləri barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, dekabrın 23-də "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.