Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva dekabrın 7-də "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba
filialının açılışında iştirak ediblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, "Azərxalça” ASC-nin Quba
filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150
toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq
emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış
salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43
dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran
rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan
çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu
çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan,
həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar
əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana
zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə,
qayçı, bıçaq kimi alətlərlə təmin edilib.
Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba
şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə
ay ərzində "Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib,
xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.
Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini
davam etdirəcək və bu kursun məzunları "Azərxalça” ASC-nin tədris
sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə "Azərxalça”
ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata
keçiriləcək.
Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə
dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı
qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda
Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir.
Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul
etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin
Sərəncamı ilə "Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət
tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi
xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində
və xaricdə satışının təşkilidir. Bununla yanaşı, "Azərxalça” ASC xalça
və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi,
maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə,
habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini
də qarşısına məqsəd qoyub. İlkin mərhələdə "Azərxalça”-nin bir neçə
rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin
mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin
iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə
göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının
tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə "Azərxalça”nın
xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib,
işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər
görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük
təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında
xalçaçılığa olan marağı daha da artıracaq. Sonra dövlətimizin başçısı
filialın xalçaçıları ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.