Dövlət qulluğuna qəbul
üçün müsabiqəyə çıxarılması məqsədilə ən çox vakansiya Kənd Təsərrüfatı
Nazirliyi (504 vakant vəzifə), Əmlak Məsələləri Dövlət Komitəsi (113
vakant vəzifə) və Dövlət Statistika Komitəsi (122 vakant vəzifə)
tərəfindən təqdim olunub.
XəzərXəbər-in
məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) icraçı direktoru
Vəfadar Misirov dövlət qulluğuna qəbula dair keçirilən mətbuat
konfransında deyib. Onun sözlərinə görə, dövlət orqanları tərəfindən
müsabiqəyə ümumilikdə 990 vakant vəzifə təqdim olunub. İnzibati rəhbər
vəzifələr üzrə (A növü) 176, inzibati icraçı vəzifələr üzrə (B növü) isə
814 vakant vəzifə təqdim olunub.
İcraçı direktor əlavə edib ki,
Mərkəz tərəfindən noyabrın 18-də inzibati rəhbər (idarəetmə) vəzifələr
olan AA, AB və AC, dekabrın 17-də inzibati icraçı vəzifələr olan BA və
BB vəzifə qrupları üzrə test imtahanları keçiriləcək: "Test
imtahanlarına qeydiyyat noyabrın 7-dən başlayıb və AA, AB və AC vəzifə
qrupları üzrə noyabrın 17-də, BA və BB vəzifə qrupları üzrə isə dekabrın
6-da başa çatacaq. Bütün vəzifə qrupları üzrə test imtahanı proqramları
hazırlanıb və Mərkəzin internet portalında yerləşdirilib”.
Eyni
zamanda, mərkəz tərəfindən noyabrın 15, 22, 29 və dekabrın 2, 6 və 13-də
dövlət qulluğuna qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi üzrə
sınaq imtahanları keçiriləcək.
O qeyd edib ki, dövlət
orqanlarında müsabiqəyə çıxarılması nəzərdə tutulan vakant vəzifələrin
siyahılarının dəqiqləşdirilməsi işləri davam etdirilir və müsabiqənin
test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçərək sertifikat əldə edən
şəxslər həmin vəzifələr üzrə müsahibələrdə də iştirak edə biləcəklər.