Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban Əliyeva sentyabrın 15-də Yaponiyanın xarici
işlər nazirinin parlamentari müavini Manabu Hori ilə görüşüb.
XəzərXəbər xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva
Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Horinin
rəhbərlik etdiyi nümayəndə heyətini salamlayaraq, onların sentyabrın
14-də Bakıda "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasında iştirakını məmnunluqla qeyd edib.
Bu il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva
iki ölkə arasında inkişaf edən münasibətlərin dostluğa, qarşılıqlı
maraqlara əsaslandığını və bir çox sahələri əhatə etdiyini bildirib.
Diqqətə çatdırıb ki, bu illər ərzində neft sahəsində əməkdaşlıq üzrə
yaxşı təcrübə toplanıb və qeyri-neft sektorunda da əməkdaşlıq üçün böyük
potensial var.
Yaponiyanın innovasiyalar və texnologiyaların inkişafı sahəsində dünya lideri olduğunu vurğulan Mehriban Əliyeva
deyib ki, bu və digər sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində
münasibətləri inkişaf etdirmək üçün yaxşı imkanlar mövcuddur: "Müxtəlif
xalqların bir-birini daha yaxından tanıması üçün Azərbaycan
humanitar sahənin inkişafına önəm verir və bu baxımdan təhsil sahəsində
əməkdaşlığın qurulması xüsusi əhəmiyyət kəsb edir. Alimlərimizin,
müəllimlərimizin birgə layihələri xalqlarımızı bir-birinə daha da
yaxınlaşdıracaq".
Münasibətlərin möhkəmləndirilməsi üçün daha bir vacib sahənin turizm
sahəsi olduğunu deyən Birinci vitse-prezident hazırda bu sahənin
ölkəmizdə prioritet olduğunu, Azərbaycana
gələn turistlərin sayının ilbəil artdığını məmnunluqla vurğulayıb.
Bildirib ki, sadələşdirilmiş viza rejimi bu sahənin inkişafına təkan
verir. Yaponiya xalqının səyahət etməyi sevən xalq olduğunu qeyd edən Mehriban Əliyeva ümidvar olduğunu bildirib ki, daha çox Yaponiya vətəndaşı səfər etmək üçün Azərbaycanı
seçəcək. Birinci vitse-prezident ölkəmizdə Yaponiya ilə qurulan dostluq
əlaqələrinin yüksək qiymətləndirildiyini və münasibətlərin gələcək
inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.
Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyinatı münasibətilə Mehriban Əliyevaya təbriklərini çatdırıb. İki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Yaponiya və Azərbaycanın uğurlu əməkdaşlıq etdiklərini vurğulayan qonaq ölkəsinin Azərbaycanla münasibətlərin genişləndirilməsində maraqlı olduğunu söyləyib.
Manabu Hori Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri”, "Çıraq” yataqlarının və "Günəşli”
yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib
olunan sazişin imzalanması mərasimində iştirakından məmnunluğunu
bildirdi və mərasimin uğurlu keçdiyini qeyd edib.