Azərbaycan prezidenti İlham Əliyev
Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması istiqamətində həyata keçirilən işlərin davam etdirilməsi
məqsədilə sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, sərəncama əsasən işlərin davam etdirilməsi məqsədilə
"Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 11,8 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək,
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək
tapşırılıb.
Sərəncamda bildirilib ki, əhalinin içməli su ilə təminatını
yaxşılaşdırmaq məqsədilə Аzərbаycаn prezidentinin müvafiq fərmanları ilə
təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları
çərçivəsində ölkədə həyata keçirilən kompleks tədbirlər nəticəsində
bölgələrin içməli su təchizatı və kanalizasiya infrastrukturu müasir
tələblərə uyğun olaraq yenidən qurulmuş, sakinlərin fasiləsiz içməli su
ilə təminatı sahəsində mühüm nailiyyətlər əldə edilib.
Bu tədbirlərin davamı olaraq, Salyan
şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması,
əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə ilkin
mərhələdə həcmi 7500 kubmetr olan bir su anbarının, diametri 720 mm,
uzunluğu 7,6 km olan magistral su kəmərinin, diametrləri 90-280 mm,
uzunluğu 13,0 km olan paylayıcı su şəbəkəsinin, diametri 315 mm,
uzunluğu 7,0 km olan təzyiqli kanalizasiya xəttinin tikintisi və bir
kanalizasiya nasos stansiyasının yenidən qurulması zərurəti yaranıb.