İyunun 23-də Şirvan şəhərində
Müdafiə Sənayesi Nazirliyinin "Şərq” İstehsalat Birliyinin 40x46
millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı
atəş yığımlarının istehsalı zavodunun açılışı mərasimi olub.
XəzərXəbər xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev açılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat
verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və
atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz
texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli
qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli,
kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş
yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlətimizin başçısı zavodu işə saldı.
Bildirildi ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli
texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı
maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var.
Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən
universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna
və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər,
termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç,
Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və
digər ölkələrin müvafiq qurumlarından alınıb.
Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının
mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji
əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş
sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq
üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar
alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər
tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü
birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.
Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı
istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə
düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə
istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni
zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən
asılılığımızı aradan qaldırır.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi
Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə
görüşdü.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Sonra müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov çıxış etdilər.
Daha sonra Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi
rütbələrin verilməsi, hərbi qulluqçuların ordenlə təltif olunması barədə
Azərbaycan Respublikası Prezidentinin sərəncamları oxundu.
Prezident, Ali Baş Komandan ali hərbi rütbələrin vəsiqələrini və 3-cü
dərəcəli "Vətənə xidmətə görə” ordenini təltif olunan hərbi qulluqçulara
təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.