Xəzər Xəbər

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belçikadakı nümayəndəliyinin açılışı olub.

Gündəm | 13:09 • 14 Noyabr 2012
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Belçikadakı nümayəndəliyinin açılışı olub.

Açılışda şirkətin prezidenti Rövnəq Abdullayev və Brüsselə səfər etmiş digər nümayəndə heyəti iştirak edib.

 Sonra Brüsselin “Konrad” otelində “Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlıq - “Cənub qaz dəhlizi” və digər istiqamətlər” mövzusunda sessiya keçirilib.

 Tədbirdə Avropa Komissiyasının vitse-prezidenti Siim Kallas, Aİ komissarları, Avropa Parlamenti, Belçika Parlamenti və Azərbaycan Milli Məclisinin üzvləri, Belçika Krallığı hökumətinin təmsilçiləri, diplomatlar, ekspert və şərhçilər, neft və qaz şirkətlərinin, maliyyə-bank sektorunun, KİV və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

 Sessiyanın moderatoru - Vaşinqtondakı Ceymstaun Fondunun baş mütəxəssisi, beynəlxalq strateji münasibətlər üzrə ekspert Vladimir Sokor Azərbaycanın Avropanın şərqində Qərbin strateji tərəfdaşı olduğunu vurğulayaraq, Qərb təmayüllü inkişafı Azərbaycan üçün ümummilli məsələ kimi xarakterizə edib.

 O, ölkənin beynəlxalq humanitar əməliyyatlarda aktiv fəaliyyətini yüksək qiymətləndirib.

 Azərbaycanı “postsovet məkanında və bütövlükdə regionda dini və etnik zəmində tolerantlıq simvolu” adlandıran V.Sokor Azərbaycanın “uğurla müasirləşən bir müsəlman dövləti” olaraq millətlər, mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynadığını qeyd edib.

 O, “Cənub qaz dəhlizi” layihəsinin Aİ ölkələrinin enerji təhlükəsizliyi üçün əhəmiyyətindən söz açaraq dəhlizin reallaşdırılması istiqamətində Azərbaycanın göstərdiyi səyləri təqdir edib və TransAnadolu qaz boru kəməri (TANAP) layihəsinin bu baxımdan irəliyə doğru atılan addım olduğunu bildirib.

 SOCAR prezidenti Rövnəq Abdullayev çıxışında yeni neft strategiyası çərçivəsində neft-qaz sənayesində qazanılmış nailiyyətlərdən danışıb, şirkətin beynəlxalq enerji bazarına inamla daxil olmasından və Avropa ölkələrində fəaliyyət coğrafiyasını genişləndirmək imkanlarından bəhs edib.

 Avropanın enerji təchizatında Azərbaycanın neft ixracatçısı kimi mühüm rolunu diqqətə çatdıran şirkət prezidenti ölkənin qısa müddətdə qaz ixracatçısı kimi böyük nüfuz qazandığını söyləyib.

 O, “Cənub qaz dəhlizi” layihəsinin perspektivlərindən danışıb və bu dəhlizin əsasını təşkil edəcək TANAP qaz boru xəttinin tikintisinə hazırlıq məsələləri haqda məlumat verib.

 R.Abdullayev əmin olduğunu bildirib ki, SOCAR-ın Brüssel nümayəndəliyinin fəaliyyətə başlaması ilə Azərbaycan və Aİ ölkələri arasında enerji əməkdaşlığı daha intensiv inkişaf mərhələsinə keçəcək.

 Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın Belçikadakı səfiri, Aİ yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov Azərbaycanla Aİ arasında tərəfdaşlığın yalnız enerji məsələləri ilə məhdudlaşmadığını, bunun daha geniş mahiyyət kəsb etdiyini, mədəni və siyasi əhəmiyyət daşıdığını bildiriblər.

 Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələskərov Azərbaycanın Xəzər hövzəsində hasil edilən enerji resurslarının Avropaya çatdırılması yolunu açan ilk ölkə olduğunu bildirib.

 O, qeyd edib ki, TANAP layihəsinin dəstəklənməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, Aİ üçün də önəmli məsələdir.

 Sessiyanın sonunda söz alan Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçərək dünya iqtisadiyyatında önəmli mövqeyə sahib olduğunu söyləyib.

 Enerji komissarı bildirib ki, bu irəliləyişdə SOCAR-ın rolu böyükdür və şirkətin Avropanın mərkəzində öz yerini təsdiqləməsi də bunu bir daha sübut edir.

 “Bu gün SOCAR Azərbaycanı Avropa ilə daha da yaxınlaşdırıb. “Cənub qaz dəhlizi” də Azərbaycanı Aİ ilə sıx bağlayacaq”, - o qeyd edib.

 Avropa komissarı TANAP layihəsini bu sistemin mühüm infrastruktur elementi kimi qiymətləndirib.

 Günter Ottinger Belçikadakı nümayəndələyin fəaliyyətə başlaması münasibəti ilə SOCAR rəhbərliyini təbrik edib və deiyb: “Brüsselə xoş gəlmisiniz və çox sağ olun ki, gəlmisiniz”.

Xəbər lenti