ABŞ Silahlı Qüvvələri İranın uran zənginləşdirmə obyektlərini tamamilə yox edib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp İrana zərbələr endirilməsi ilə əlaqədar Ağ evdə həmvətənlərinə televiziya müraciəti zamanı bildirib.
“Bu axşam bütün dünyaya bildirə bilərəm ki, bu zərbələr heyranedici hərbi uğurla nəticələnib. İranın əsas uran zənginləşdirmə obyektləri tamamilə və bütünlüklə məhv edilib”, – Amerika lideri söyləyib.
O vurğulayıb ki, İran sülhə getməlidir, əks halda Tehranı “son səkkiz gündə müşahidə etdiyimizdən daha böyük miqyaslı faciə gözləyir”.
İran Fordo nüvə obyektinin hava hücumuna məruz qaldığını təsdiqləyib.
IRNA xəbər verir ki, bu barədə Qum ostanının administrasiyası məlumat yayıb.
“Bir neçə saat əvvəl, Qum HHM sisteminin aktivləşdirilməsindən və düşmən hədəflərin aşkarlanmasından sonra, Fordo nüvə obyektinin ərazisinin bir hissəsi düşmən tərəfindən hava hücumuna məruz qalıb”, – məlumatda diqqətə çatdırılıb.
ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarını istifadə edib.
Bu barədə reuters agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.
“ABŞ-nin B-2 bombardmançıları İranın nüvə obyektlərinə zərbələr zamanı istifadə edilib”, – agentliyin həmsöhbəti bildirib.