Xəzər Xəbər

ABŞ-nin aviazərbələri nəticəsində azı 500 husi üsyançı ölüb

Dünya | 14:27 • 22 Aprel 2025
ABŞ-nin aviazərbələri nəticəsində azı 500 husi üsyançı ölüb

Yəməndə hakimiyyəti ələ keçirən husi üsyançıları mart ayından bəri ABŞ-nin endirdiyi aviasiya zərbələri nəticəsində azı 500 üzvünü itirib.

Xezerxeber.az xəbər verir ki, Əl Ərəbiyyə telekanalı bu barədə kəşfiyyat məlumatlarından xəbərdar olan mənbələrinə istinadla məlumat yayıb.

Bildirilir ki, ölənlər arasında “Ənsar Allah” hərəkatının yüksəkvəzifəli şəxsləri, o cümlədən raket operatorları və PUA mütəxəssisləri də var.

Telekanalın həmsöhbətləri, həmçinin ABŞ-ın zərbələri nəticəsində üsyançıların bir sıra təlim düşərgələrinin də tamamilə dağıdıldığını iddia ediblər. Onların sözlərinə görə, Yəmənin hava hücumundan müdafiə və digər hərbi imkanları ciddi şəkildə zəifləyib.

Bir müddət öncə ABŞ mediasında Yəməndə yerüstü əməliyyata hazırlığın başlaya biləcəyi ilə bağlı məlumatlar yayılıb. Əl-Ərəbiyyə telekanalı isə öz növbəsində iddia edir ki, hazırkı hava zərbələri hökumət qüvvələrinin husilərə qarşı potensial hücumuna zəmin hazırlamalı olan çoxmərhələli planın bir hissəsidir.

ABŞ-nin zərbələri mülki əhali arasında da çoxsaylı itkilərə səbəb olub, lakin onların sayı bəlli deyil.

Xatırladaq ki, 2023-cü ildə Qəzza sektorunda döyüş əməliyyatları başlayandan sonra Yəmən İsrail ərazilərini atəşə tutacaqları və yəhudi dövlətinə gedən gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazından keçməsinin qarşısını alacaqları barədə xəbərdarlıq edib. 2025-ci il yanvarın ortalarında Qəzzada atəşkəs elan edildikdən sonra Yəmənin İsrailə hücumları dayandırılıb. Lakin martın əvvəlində atəşkəs yenidən pozulub, husilər İsrailə və onun Qırmızı dənizdəki gəmilərinə hücumları bərpa etdiklərini açıqlayıblar.

Martın 15-də Prezident Donald Trampın göstərişi ilə ABŞ “Ənsar Allah” hərəkatının mövqelərinə kütləvi zərbələr endirməyə başlayıb. Husilər isə buna cavab olaraq Qırmızı dənizin şimalında ABŞ-nin “Harry Truman” aviadaşıyıcısına raket və pilotsuz təyyarələr vasitəsilə silsilə hücumlar həyata keçirib.

Xəbər lenti