Xəzər Xəbər

Berlinli həkim 15 xəstəni qəsdən öldürməkdə ittiham olunur

Dünya | 14:25 • 16 Aprel 2025
Berlinli həkim 15 xəstəni qəsdən öldürməkdə ittiham olunur

Almaniyada palliativ xidmət həkiminə qarşı ən azı 15 xəstəni qəsdən öldürməklə bağlı ittiham irəli sürülüb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, prokurorluq bu halların hamısını xüsusi qəddarlıqla törədilmiş qətl kimi qiymətləndirib. Həkim heç bir tibbi göstəriş olmadan xəstələrə ölümcül dərman qarışıqları verməkdə ittiham edilir. İrəli sürülən ittihamda həkimin əməlləri xüsusi təhlükəli hesab edilərək ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsi tələb olunur.

İstintaq zamanı ilk mərhələdə dörd ölüm halı araşdırılsa da, sonradan onların sayı 15-ə çatıb. Hazırda müstəntiqlər 75 əlavə şübhəli ölüm halı üzrə istintaqı davam etdirirlər. Bu ölüm hallarının 2021-2024-cü illərdə Berlinin dörd müxtəlif rayonunda baş verdiyi bildirilir. Ölən 12 qadın və 3 kişinin 25-94 yaşlarında olduğu müəyyənləşib. Həkimin izləri və dəlilləri itirmək üçün bəzi hallarda xəstələrin evlərində yanğın törətdiyi qeyd olunub. Ötən ilin avqustundan həbsdə olan həkim ittihamlarla bağlı hər hansı açıqlama verməyib.

Qeyd edək ki, palliativ xidmət ağır və sağalmaz xəstəlikləri olan insanlara göstərilən tibbi və psixoloji dəstək xidmətidir. Xidmətin əsas məqsədi xəstənin həyat keyfiyyətini artırmaq, ağrını və digər fiziki-emosional əlamətləri yüngülləşdirməkdir. Palliativ yardım evdə, xəstəxanada və ya xüsusi palliativ mərkəzlərdə göstərilə bilər.

Xəbər lenti