Xəzər Xəbər

İran İsraillə gərginliyə getməyəcəyini bəyan edib

Dünya | 11:55 • 20 Aprel 2024
İran İsraillə gərginliyə getməyəcəyini bəyan edib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ölkəsinə edilən son hücumun arxasında İsrailin olduğunu etiraf etməkdən imtina edib və istifadə edilən silahları daha çox uşaq oyuncağı ilə müqayisə edib.

Bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında iştirak üçün Nyu-Yorkda səfərdə olan İran xarici işlər naziri "NBC News"a müsahibəsində deyib.

"Dünən gecə baş verənlər hücum deyildi. Onlar dronlara deyil, daha çox uşaqlarımızın oynadığı oyuncaqlara bənzəyirdi", - İran XİN rəhbəri deyib. 

O, İsrail tərəfindən irimiqyaslı və güclü bir hücum olmayana qədər İranın cavab verməyi planlaşdırmadığını söyləyib: "Nə qədər ki, İsrailin bizim maraqlarımıza qarşı yeni avantürizmi yoxdur, o zaman bizim heç bir yeni reaksiyamız da olmayacaq".

Lakin xarici işlər naziri xəbərdarlıq edib ki, əgər İsrail İrana hücum etsə, cavab sürətli və sərt olacaq. "İsrail mənim ölkəmə qarşı qətiyyətli addım atsa və bu, sübuta yetirilərsə, bizim cavabımız dərhal və maksimum olacaq. Bu, onların peşmanlığına səbəb olacaq".

İranın baş diplomatı ölkəsinin ötən həftə raketlər və PUA-lar vasitəsilə İsrailə irimiqyaslı hücumu barədə də danışıb. Abdullahian hücumun "xəbərdarlıq" məqsədi daşıdığını bildirib. "Biz Hayfa və Təl-Əvivi vura bilərdik. Biz İsrailin bütün iqtisadi limanlarını da hədəfə ala bilərdik. Ancaq bizim qırmızı xətlərimiz mülki şəxslər idi. Bizim yalnız hərbi məqsədimiz var idi", - xarici işlər naziri deyib. (APA)

Xəbər lenti

Naxçıvana dolu yağıb
16:42 • 25 May 2024