Xəzər Xəbər

20 il əvvəl törədilmiş qətl üzrə məhkəmə prosesi yenidən başlayır

Dünya | 13:53 • 15 Aprel 2024
20 il əvvəl törədilmiş qətl üzrə məhkəmə prosesi yenidən başlayır

Norveçdə 20 il əvvəl Baneheyyada qız uşaqlarının qətlə yetirilməsi üzrə cinayət işinə dair məhkəmə iclası bərpa olunur. Bu proses ölkənin tarixində ən böyük hüquq qalmaqalına son qoya bilər.

2000-ci il mayın 21-də 8 yaşlı Stina və 10 yaşlı Lenanın cəsədləri Kristiansann bələdiyyəsi ərazisindəki Baneheyya istirahət zonasında qayalıqların arasında tapılmışdı. Aparılan ekspertiza zamanı məlum olmuşdu ki, qızcığazlar seksual zorakılığa məruz qalıb, onlara bıçaqla xəsarət yetirilib və sonra boğularaq öldürülüblər. İstintaq zamanı aşkar olunmuş DNT nümunəsinin 19 yaşlı Yan Helqe Andersenə aid olduğu məlum olmuşdu. O, dindirilmə əsnasında bildirmişdi ki, qətllərdən birini törədib, digər qızcığazı isə dostu Viqqo Kristiansen öldürüb. Sonuncu şübhəli bütün istintaq boyu cinayətlərdə əli olmadığını deyib. Qətlin qurbanlarından birinin cəsədinin analizi Yan Helqe Andersenin təqsirini 100 faiz sübut edib, cinayət yerində tapılmış başqa DNT fraqmentləri isə Norveçin kişi əhalisinin, o cümlədən Viqqo Kristiansenin nümunələrinə cəmi 54 faiz uyğun gəlib.

2002-ci ilin fevralında Andersen və Kristiansen müvafiq olaraq 19 və 21 il azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Cinayət işinin təkrar araşdırılması üçün edilən çoxsaylı uğursuz cəhdlərdən sonra 2020-ci ildə Kristiansenin vəkili yeni təhqiqat aparılmasına nail ola bilib. Nəticədə, Norveç Ali Məhkəməsi 2021-ci il iyunun 1-də Viqqo Kristiansenin iyirmi illik həbsdən sonra azadlığa buraxılması barədə qərar çıxarıb. Norveç Baş Prokuroru 2022-ci ildə ikinci qızı qətlə yetirməklə bağlı cinayət işi üzrə bəraət qazanan Kristiansendən yazılı şəkildə üzr istəyib. Keçmiş müttəhim dövlətdən 8 milyon dollardan çox təzminat tələb edib.

Norveçin ədliyyə kanslerinin tələbi ilə aprelin 15-də ikinci qızın qətlini inkar edən 43 yaşlı Yan Helqe Andersenin işi üzrə yeni məhkəmə prosesi başlayacaq. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar