Xəzər Xəbər

Con Kirbi: Rusiya Şimali Koreyadan silah-sursat almağa çalışır

Dünya | 09:28 • 31 Mart 2023
Con Kirbi: Rusiya Şimali Koreyadan silah-sursat almağa çalışır

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiyanın qida tədarükü müqabilində Şimali Koreyada fəal şəkildə əlavə sursat axtardığına dair yeni məlumatların əldə olunduğunu açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, C.Kirbi bu barədə onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Sanksiyalar səbəbi ilə Rusiyanın “yarmaz rejimlərdən” silah və texnika almağa çalışdığını deyən Kirbi Şimali Koreyanın Ukraynaya qarşı hərbi əməliyyatlar çərçivəsində Rusiyaya daha çox dəstək verəcəyindən narahat olduqlarını dilə gətirib.

O, Rusiyanın Şimali Koreyadan qida tədarükü qarşılığında fəal şəkildə əlavə sursat almağa çalışdığına dair yeni məlumatlara sahib olduqlarını qeyd edib.

Rusiyanın bu kontekstdə Şimali Koreyaya nümayəndə heyəti göndərməyə çalışdığını söyləyən C.Kirbi, “Şimali Koreya ilə Rusiya arasında hər hansı silah müqaviləsi birbaşa olaraq BMT Təhlükəsizlik Şurasının bir sıra qətnamələrini pozur”, deyərək bildirib.

Vəziyyəti yaxından araşdırdıqlarını qeyd edən C.Kirbi Rusiyanın Şimali Koreyadan silah-sursat almaq səylərinin mərkəzində Aşot Mkrtıçev adlı “silah taciri”nin olduğunu da qeyd edib.

C.Kirbi Rusiya hakimiyyətinin dəstəyi ilə Mkrtıçevin iki ölkə arasında gizli silah sövdələşməsinə vasitəçilik etməyə çalışdığını və bu yolla Rusiyanın Pxenyandan müxtəlif növ silah almağı hədəflədiyini vurğulayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti