Xəzər Xəbər

Boris Conson yalan danışır - Kreml ittihama cavab verdi YENİLƏNİB

Dünya | 15:12 • 30 Yanvar 2023
Boris Conson yalan danışır - Kreml ittihama cavab verdi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Rusiya Prezidenti Vladimir Putinin onu raketlə hədələdiyini deyərkən yalan danışıb.
 

Xezerxeber.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Cənab Consonun dedikləri doğru deyil. Daha doğrusu, yalandır. Üstəlik, bu, ya şüurlu yalandır - onda Consondan niyə təqdimatın bu variantını seçdiyini soruşmaq lazımdır, ya da bu, şüursuz yalan idi və o, Putinin nədən danışdığını başa düşməyib. Mən o söhbətdə nələrin müzakirə olunduğunu bilirəm və bir daha deyirəm, yalandır. Raket təhdidləri olmayıb”, - Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.

13:14

Böyük Britaniyanın sabiq baş naziri Boris Conson (2019-2022) Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən öncə Prezident Vladimir Putinlə telefon danışığının təfərrüatlarını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, “The Telegraph” və “Daily Mail” qəzetlərində dərc olunan məqalədə Rusiya Prezidentinin Boris Consonu qorxutmaq istədiyi vurğulanıb.

Böyük Britaniya baş nazirinin Ukraynaya hücum etməmək barədə xəbərdarlığına Vladimir Putinin cavabı belə olub: “Boris, siz Ukraynanın yaxın zamanlarda NATO-nun üzvü olmayacağını deyirsiniz. Burada hansı zamandan söhbət gedir?” Boris Consonun cavabı belə olub: “Ukrayna yaxın gələcəkdə alyansa üzv olmayacaq. Siz bunu çox yaxşı bilirsiniz”.

Nazirlər Kabinetinin sabiq başçısı Rusiya prezidenti ilə telefon danışığında Ukraynaya qarşı təcavüzün fəlakətə səbəb olacağını, Qərb sanksiyaları və NATO-nun Rusiya sərhədlərində cəmlənməsi ilə nəticələnəcəyini, Londonun isə Kiyevə dəstək verəcəyini deyib: “O (Putin) məni hədələməyə başladı və dedi - Boris mən sənə zərər vurmaq istəmirəm, lakin bu məsələ raketlərin köməyi ilə dəqiqələr ərzində həll olunacaq”.

Conson Putinlə telefon söhbətinin təfərrüatlarını ilk seriyası bu gün axşam saatlarında BBC telekanalında yayımlanacaq “Putin Qərbə qarşı” (Putin vs the West) üçseriyalı sənədli filmində açıqlayıb.

Həmin telefon danışığı 2022-ci il fevralın 2-də Boris Consonun Ukraynaya səfərindən sonra baş tutub. Kremlin mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin telefon danışığında NATO-nun Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı narahatlığına adekvat reaksiya verməyə hazır olmadığını deyib.

Xəbər lenti