Xəzər Xəbər

Əfqanıstan məktəbində partlayış 35 nəfərin həyatına son qoyub

Dünya | 16:24 • 30 Noyabr 2022
Əfqanıstan məktəbində partlayış 35 nəfərin həyatına son qoyub

Bu gün Əfqanıstanın şimalındakı Samanqan əyalətində dini məktəbdə baş verən partlayış nəticəsində azı 35 nəfər ölüb, 23 nəfər yaralanıb.

Bu barədə “Həşt-e subh” qəzeti yerli mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, həlak olanların əksəriyyəti məktəbin şagirdləridir. Ölənlərin cəsədlərinin çıxarılması və yaralıların məktəb binasından təxliyəsi prosesi davam edir. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Hadisə əyalətin inzibati mərkəzi olan Aybak şəhərində günorta namazı vaxtı baş verib. “Taliban” hərəkatının təyin etdiyi yerli administrasiyanın nümayəndələri hələlik insidentlə bağlı rəsmi şərh verməyib.

Partlayış qurbanlarının və zərər çəkənlərin sayı barədə KİV-də müxtəlif məlumatlar yayılıb. Bir müddət əvvəl “Tolo News” telekanalı həkimlərə istinadla xəbər vermişdi ki, partlayış nəticəsində azı 15 nəfər ölüb, 27 nəfər yaralanıb. “Taliban” hökumətinin rəsmisinə istinad edən “Əl-Cəzirə” telekanalının məlumatına görə isə partlayış 23 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb olub.

Xəbər lenti