Xəzər Xəbər

Xüsusi təyinatlılar Moqadişoda oteli ələ keçirən silahlılara döyüşür

Dünya | 12:08 • 28 Noyabr 2022
Xüsusi təyinatlılar Moqadişoda oteli ələ keçirən silahlılara döyüşür

Somalinin xüsusi təyinatlı dəstələri 13 saata yaxındır ki, ölkənin paytaxtı Moqadişoda “Əş-Şəbab” qruplaşması tərəfindən ələ keçirilən otel uğrunda döyüş aparır.

AZƏRTAC “Somali Guardian” portalına istinadla xəbər verir ki, silahlılar noyabrın 27-də axşam yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 21:00) “Villa Rose” otelinə hücum edib. Hücum zamanı oteldə çox sayda məmur olub. Atışma zamanı Somalinin daxili təhlükəsizlik naziri Məhəmməd Əhməd Dudişe yaralanıb.

Şahidlər döyüşlər zamanı çoxlu insanın zərər çəkdiyini desə də, onların sayı barədə hələ dəqiq məlumat yoxdur.

Xüsusi təyinatlı qüvvələr prezident sarayının yaxınlığında yerləşən və məmurlar arasında populyar olan oteldən Somalinin balıqçılıq təsərrüfatı və dəniz sərvətləri naziri Əhməd Həsən Adanı, həmçinin senat üzvlərindən birini xilas edə bilib. Lakin binada hələ də xeyli sayda vəzifəli şəxsin olduğu bildirilir.

Somalinin “Dalsan” radiostansiyası isə öz növbəsində silahlıların əvvəlcə prezident sarayını ələ keçirməyə çalışdıqları, buna nail olmadıqda isə otelə hücum etdikləri barədə məlumat yayıb. Somali prezidenti Həsən Şeyx Mohamud prezident sarayının minaatanlardan atəşə tutulmasından sonra oranı tərk edib.

Xəbər lenti

Çox oxunanlar