Xəzər Xəbər

Netanyahunun partiyası hökuməti formalaşdırmaq üçün ilk koalisiya sazişi imzalayıb

Dünya | 14:12 • 25 Noyabr 2022
Netanyahunun partiyası hökuməti formalaşdırmaq üçün ilk koalisiya sazişi imzalayıb

Binyamin Netanyahunun “Likud” partiyası Knessetdə (İsrail parlamenti) 14 yer qazanan “Dini sionizm” blokundan ayrılan ifrat sağçı “Otsma Yehudit” (Yəhudi Gücü) partiyası ilə ilk koalisiya müqaviləsini imzalayıb.

İsrailin "Kan" radiostansiyası xəbər yayıb ki, müqaviləyə əsasən, “Otsma Yehudit” partiyasının lideri İtamar Ben-Qvir növbəti hökumətdə milli təhlükəsizlik naziri təyin olunacaq.

Bu, noyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə hökumət koalisiyasının qurulması istiqamətində atılan ilk addımdır. Sabit hökumət formalaşdırmaq üçün Binyamin Netanyahuya birpalatalı parlamentin 120 üzvündən azı 61-nin dəstəyi lazımdır.

Qeyd edək ki, noyabrın 1-də İsraildə 2019-cu ildən bəri beşinci parlament seçkiləri keçirilib. Seçkilərin nəticələrinə əsasən, parlamentdə birinci yeri 32 yerlə “Likud” partiyası tutub. Ümumilikdə isə “Likud” partiyasının rəhbərlik etdiyi sağçı və dini qüvvələr bloku Knessetdə 64 mandat əldə edib və bu səbəbdən ölkə Prezidenti İsxak Hersoq yeni kabineti formalaşdırmaq mandatını Binyamin Netanyahuya verib.

Qanuna görə, baş nazir postuna namizədin kabineti formalaşdırmaq üçün 28 gün vaxtı var və bu müddətin daha 14 gün uzadılması mümkündür. “Yeş Atid” partiyasının rəhbəri Yair Lapidin rəhbərlik etdiyi hazırkı kabinetin səlahiyyət müddəti dekabrın 11-də başa çatır.

Xəbər lenti